Ağdam Olimpiya İdman Kompleksi

Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionuAzərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur.[1] Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir.[2]

Quzanlı Olimpiya İdman Kompleksi
Xəritə
Tam adı Quzanlı Olimpiya İdman Kompleksi
Qeyri-rəsmi adı Quzanlı stadionu
Yeri Ağdam rayonu
Sahibi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Tamaşaçı tutumu 2.000
Ev sahibi komanda Qarabağ Futbol Klubu

Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi 1 mart 2006-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Stadionun tikintisinin iki il ərzində başa çatdırılacağı planlaşdırıldı. Kompleksi "Alıbəyli" MMC şirkəti inşa etmişdir.[3] Stadion 17 yanvar 2008-ci il tarixində istifadəyə verilmiş,[4] 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nın ev stadionlarından biri kimi istifadə edilir. Stadiondakı ilk matç "İnter" Bakı FK-ya qarşı keçirilmişdir. Oyundan əvvəl konsertin keçirilməsi planlaşdırılsa da, bu baş tutmamış, əvəzinə rəsmi mərasim keçirilmişdir. Bu mərasimdə Ağdam rayonunun icra başçısı Həsən Sarıyev, Ağdamda Milli Məclisə deputat seçilmiş Aqil Abbas, Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev, AFFA-nın birinci vitse-prezidenti, deputat Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts, "Qarabağ" FK-nın baş direktoru Əmrah Çəlikəl iştirak etmişdir. Matç 1:1 hesabla heç-heçə nəticələnmiş, "Qarabağ"ın yeganə qolunu 34-cü dəqiqədə 17 nömrəli futbolçu Sedat Saini vurmuşdur.[5]

"Qarabağ" FK 2011-12 mövsümündə Quzanlını tərk etmək istəyirdi. Lakin "Azərsun" Azərbaycan futbol ictimaiyyətinin, yerli KİV-in təzyiqi ilə komandanı Ağdama qaytarır.[6] Klub rəhbərliyi növbəti mövsüm Quzanlını tərk edərək[7] Mərdəkandakı "Dalğa" Arenaya köçmüşdür.[6] Klubun baş məşqçisi Qurban Qurbanov buna səbəb olaraq, Quzanlı stadionunun vəziyyətinin pis olmasını göstərmişdir. Onun fikrinə görə, "payız aylarında, ümumiyyətlə, meydança bərbad vəziyyətdə olur. Bu, o demək deyil ki, biz Quzanlıda oynamaq istəmirik, yaxud oradakı azarkeşlərə qarşı hörmətsizlik edirik. Sadəcə, dediyimiz kimi, orada oynaya bilmərik, çünki şərait yoxdur. Yol yorğunluğu da əlavə problemdi".[8] "Qarabağ" FK-nın azarkeş qrupu "İmarət Tayfa"nın təsisçilərindən olan Elnur Quliyev qeyd etmişdir ki, "infrastruktur məsələsi orada çıxış edən komandanın inkişafına, formalaşmasına imkan vermirdi".[9] Jurnalist Elçin Cəfərova görə, "Azərsun" şirkəti "hər dəfə müxtəlif bəhanələr gətirərək "Qarabağ"ı Qarabağdan qaçaq salır", komandanın "Ağdam, ağdamlılar üçün nə qədər əziz olduğunu dərk etmir". O, qeyd edir ki, "komandanın rəhbərliyi hələ də zənn edir ki, pulu özü verirsə, deməli, bütün qərarları da heç nəyə məhəl qoymadan yalnız özü verməlidir! Futbol ictimaiyyətinin haqlı iradlarını qulaqardına vuran klub rəhbərliyi, təəssüf ki, "Qarabağ"ın Ağdamdakı minlərlə azarkeşini nəzərə almır. Unutmaq olmaz ki, hər bir komandanı yaşadan, ayaqda saxlayan məhz azarkeşlərdir"![6]

Deputat Aqil Abbas komandanın Ağdamın deyil, "Azərsun" şirkətinin olduğunu vurğulamış, komandanın harada oynatmaq onun öz hüququ olduğunu qeyd etmişdir. Ancaq onun fikrinə görə, komandadan "Ağdam sözünü çıxarmalıdırlar. Çünki bir komandanın ki, adında Ağdam sözü var, ora getməyə ərinirsə, o adı çıxarmalıdır. Guya yol uzaqdır, elə bil piyada gedirlər"![10] O həmçinin, "Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin. Onun-bunun dalınca düşmək lazım deyil" demişdir.[11] Klub rəhbərliyi növbəti mövsüm Quzanlını tərk etmişdir.[12] Deputat Bəxtiyar Sadıqov da bu yeniliyi "çox böyük təəssüf və təəccüblə hissi" ilə qarşıladığını demişdir. O düşünür ki, "bu insanlar üçün dövlət başçısı İlham Əliyev Azərbaycanda ilk dəfə olaraq kənd yerində olimpiya idman kompleksi tikdirdi. Bu, dövlət başçısının məcburi köçkünlərə və işğal rayonunda idmanın inkişafına qayğısıdır. Amma çox təəssüflər ki, komandaya sponsorluq edənlər müxtəlif bəhanələrlə və oyunbazlıqla çalışırlar ki, "Qarabağ" məcburi köçkün rayonunda, Ağdamın bu gün paytaxtı funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində, prezident İlham Əliyev tərəfindən tikilmiş olimpiya idman kompleksinin stadionunda oynamasın". Bu açıqlamalara bir cavab olaraq, "Qarabağ" FK-nın direktoru Əmrah Çəlikəl bildirmişdir ki, ""Qarabağ" klubu məşq və oyunlarının harada keçirməyi ilə bağlı qərarı çoxdan verib və o qərar hələ də qüvvədədir".[13] "Qarabağ" rəhbərliyi kompleksi ehtiyat meydançısı kimi istifadə etmək istəsə də, "həmin arenanın rəhbərliyi Quzanlı stadionunun ehtiyat meydança olmasına razılıq vermədi". Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev də "Qarabağ"ın bəzi oyunlarını Quzanlı stadionunda keçirmək istəyini geri çevirmişdir.[14]

"Azersun Holding" MMC-nin İdarə Heyətinin sədri və "Qarabağ" FK-nın prezidenti Abdulbari Gözəl 2020-ci ilin fevral ayında demişdir ki, ""Qarabağ"ın oyunlarından biri Quzanlı qəsəbəsində keçirilə bilər, amma bu yenə də Qurban Qurbanovun qərarıdır".[15]

Quzanlı Olimpiya İdman Kompleksi Azərbaycan Respublikasının Ağdam rayonuna daxil olan Quzanlı qəsəbəsində, Qarabağdakı keçmiş cəbhə xəttinin 200 metr aralıda yerləşir.[6]

Stadionun əvvəlcə iki həktarlıq bir ərazini əhatə etməsi planlaşdırılsa da,[3] axırda kompleksin üç hektar ərazisi olmuşdur. Kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman zalı (20x40 m), habelə kiçik idman salonu, trenajor zalı, məşq salonları inşa edilmişdir. Kompleksin ərazisində 2 min yerlik tribunaları olan təbii ot örtüklü futbol stadionu (75x115 m), voleybolbasketbol meydançaları mövcuddur.[4]

Quzanlı Olimpiya İdman Kompleksinin ərazisində 10 otaqlı, 30 yataq yeri olan mehmanxana da var.[4]

  1. ""Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı". e-qanun.az (az.). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi. 2 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  2. "Agdam club's letter addressed to Professional Football League" (ingilis). Peşəkar Futbol Liqası. 24 aprel 2009. 6 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  3. 1 2 "QUZANLI OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 1 mart 2006. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  4. 1 2 3 "Ağdam Olimpiya İdman Kompleksi". mys.gov.az (az.). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  5. Cəbrayıloğlu, Etibar. ""QARABAĞ"" QARABAĞA QAYITDI". Ədalət (az.). Azərbaycan Milli Kitabxanası. 5 may 2009. 20 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  6. 1 2 3 4 Cəfərov, Elçin. "«Qarabağ»ı yenə Qarabağdan qaçaq saldılar". Azərbaycan (az.). Modern.az. 28 avqust 2012. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  7. Pressball. "«Карабах – приличная банда. По зубам ли она БАТЭ?»". Azerisport.com (rus). 6 avqust 2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  8. Xanlarov, Anar. "Qurban Qurbanov: "Quzanlıda oynaya bilmərik, orada şərait yoxdur"". Qol.az (az.). 17 avqust 2012. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  9. Zeynalova, Nuriyə. ""Onlar "Qarabağ" sevgisi üçün birləşir" - "İmarət" 10 yaşında". Qol.az (az.). 18 noyabr 2019. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  10. "Qarabağlı deputatlardan "Qarabağ"la bağlı növbəti etiraz". Qol.az (az.). 22 avqust 2012. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  11. İltifatqızı, Sevinc. "Aqil Abbasdan ağdamlılara çağırış: "Onun-bunun dalınca düşmək lazım deyil"". Modern.az (az.). 24 avqust 2012. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  12. Pressball. "«Карабах – приличная банда. По зубам ли она БАТЭ?»". Azerisport.com (rus). 6 avqust 2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  13. Kəlbiyev, Anar. "Qarabağlı deputatlar hiddətləndilər". Modern.az (az.). 22 avqust 2012. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  14. ""QARABAĞ"ın STADİON QALMAQALI BÖYÜYÜR". Yeni Müsavat (az.). Müsavat Partiyası. 31 avqust 2012. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  15. "Abdolbari Goozal: "Qarabağ"ın bir dəfə Quzanlıda oynamasına qarşı deyiləm"". Report.az (az.). Report İnformasiya Agentliyi. 10 fevral 2020. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.