Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir.[1]
Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir.[2] Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır.
Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir. Böyük Qafqazın cənub yamacına nisbtətən bu kiçik rəqəmdir və ümumiyyətlə illik axımın azlığı ilə əlaqədardır. Kişik Qafqazda sutoplayıcıların yüksəklik vəziyyətindən asılı olaraq səth axımının 400 mm-dən artıq kəmiyyət 2600–3000 m-ə, Kürün sağ qollarından isə 300 mm-dən artıq olan kəmiyyəti 2000–3000 m yüksəkliyə təsadüf edir.
Lənkəran vilayətinin səth axımının yüksəkliyə görə dəyişməsində əks qanunauyğunluq müşahidə edilir. Belə ki, Talış silsiləsi çaylarında yüksəklik artdıqca (500–700 m-dən yuxarı) səth axımı azalır, Peştəsər və Burovar silsilələrində isə artır. Ən çox səth axımına malik sahə ərazinin mərkəz və cənub hissələridir ki, burada axım 575 mm-ə çatır, ən az axım isə (70 mm) ərazinin şimal rayonlarında müşahidə edilir.