Səudiyyə Ərəbistanında ali təhsil

Səudiyyə Ərəbistanında ali təhsilSəudiyyə Ərəbistanı Krallığında ali təhsil sistemi.

Ali Təhsil Nazirliyi

[redaktə | mənbəni redaktə et]

Ölkənin ali təhsil sisteminə Ali Təhsil Nazirliyi nəzarət edir. Onun tabeliyində bir sıra qurumlar fəaliyyət göstərir:

  • Ali Təhsil Şurası – ölkənin ali təhsil sisteminə nəzarət edən ali orqandır. Şuranın əsas məqsədi ali təhsil islahatlarının müvafiq strategiyaya uyğun həyata keçirilməsi, ali təhsilin genişləndirilməsi, universitetlər arasında əməkdaşlığın təmin edilməsi, elmin və tədqiqatın inkişafının stimullaşdırılmasından ibarətdir;
  • Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə Milli Komissiya – əsas fəaliyyət istiqaməti ali təhsil müəssisələrinin və onların təklif etdiyi proqramların akkreditasiyasını həyata keçirməkdir.

Təhsil müddəti

[redaktə | mənbəni redaktə et]

Ölkədə humanitar və sosial elmlər sahələri üzrə ali təhsil proqramları 4 illikdir. Tibb, mühəndislik və əczaçılıq sahələri üzrə ali təhsil müddəti isə 5–6 il davam edir.

Ali məktəblər

[redaktə | mənbəni redaktə et]

Səudiyyə Ərəbistanında 32 universitet fəaliyyət göstərir. Onlardan 24-ü dövlət, 8-i isə özəl ali təhsil müəssisəsidir.

Ölkə üzrə ali təhsilə cəlb olunma göstəriciləri ilbəil artır.

İnkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

Ölkədə ali təhsil sisteminin özünəməxsus inkişaf tarixi var. Şəriət elmlərini öyrənən ilk müasir ali təhsil müəssisəsi 1949-cu ildə Məkkədə yaradılmışdır. 4 il sonra elə bu şəhərdə Pedaqoji İnstitut, Ər-Riyadda isə Şəriət İnstitutu açılmışdır.

1957-ci ildə Kral Səud Universiteti yaradılmışdır. Kral Səud Universitetinin təsis olunması ölkədə müasir dünyəvi ali təhsil sisteminin tətbiqinin başlanğıcı hesab edilir. Bu ali təhsil müəssisəsi Fars körfəzi regionunda və ərəb ölkələrində ilk universitetdir. Kral Səud Universitetində filologiya, pedaqoji, təbiət elmləri, idarəetmə, əczaçılıq, tibb, mühəndislik, aqrar mühəndislik, stomatologiya, tətbiqi sənət, uçot və informasiya, planlaşdırma, ərəb dili, xarici dillər və digər fakültələr fəaliyyət göstərir.

1970-ci ildə yaradılmış Kral Fəhd adına Neft və Minerallar Universitetində sırf neft sənayesi, energetika, geologiya sahələri üzrə mütəxəssislər hazırlanır. Bu ali məktəbin məzunları əsasən, ABŞ-Səudiyyə müştərək şirkəti olan "Saud-ARAMKO"nun müəssisələrində çalışırlar.

Ölkənin digər nüfuzlu ali məktəbləri sırasında 1961-ci ildə Mədinə şəhərində əsası qoyulmuş İslam Universiteti və elə həmin ildən Ciddə şəhərində fəaliyyət göstərən Kral Abduləziz Universitetinin misal göstərmək olar.

Taibba, QassimTaif universitetləri də yüksək səviyyəli tədris imkanları ilə tanınan ali məktəblərdəndir.

Hazırda ölkənin demək olar ki, bütün kollec və universitetlərində təbiət elmləri, texnologiya, hərbi, ilahiyyat, tibb və digər ixtisaslar üzrə kadrlar hazırlanır. İslam dini və ilahiyyat elmi istiqamətində ixtisaslaşmış ali məktəblərin sayı isə digərlərinə nisbətən çoxluq təşkil edir. Çünki dinin tədrisi bütün universitetlərdə icbari qaydada həyata keçirilir. Burada Quranın öyrənilməsi, şərhi, təfsiri, hafizlik və İslam ənənələrinin gündəlik həyata tətbiqi müvafiq ali təhsil proqramlarının əsas hissəsini təşkil edir.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Səudiyyə Ərəbistanı təhsil sahəsində bir çox ölkələrlə səmərəli əlaqələrə malikdir. Bu baxımdan tələbə mübadiləsi istiqamətində daha nəzərəçarpan uğurlar qazanılmışdır.

2005-ci ildə ölkə rəhbərliyinin təşəbbüsü ilə gənclərin inkişaf etmiş Qərb ölkələrinin qabaqcıl ali məktəblərində təhsil almasına dair təqaüd proqramı elan edilmişdir ki, həmin təqaüdlər təhsil və yaşayış xərclərini əhatə edir. Təkcə 2007–2008-ci tədris ilində 5000 nəfər səudiyyəli tələbə bu təqaüd proqramı hesabına xaricdə təhsil almışdır.

Xaricdə təhsil almaq istəyən tələbələr əsasən Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, İsveçrə, FransaAlmaniyanın ali məktəblərini seçirlər. Proqram çərçivəsində təkcə Böyük Britaniyada 15.000 nəfər tələbə təhsil almışdır ki, onların da 25 faizini qızlar təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]