Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
1925-ci ilədək bu ölkədə bir dənə də olsa dünyəvi məktəb olmadığı halda, cəmi 25 ildə bu sahə krallığın ən aparıcı inkişaf istiqamətlərindən birinə çevrilmiş, 1953-cü ildə Maarif Nazirliyi yaradılmışdır. Son 20 ildə isə (1990-2010) bu ölkədə təhsilin inkişafına, eləcə də təhsil müəssisələrinin ehtiyacının ödənilməsinə 30 milyard ABŞ dollarına yaxın vəsait xərclənmişdir. 1970-ci ildə ölkədə 3,3 min məktəb və kollec var idisə, yeni əsrin ilk ilində onların sayı 24 mindən çox idi. İnkişaf etmiş ölkələrdə istehsal edilən ümumi daxili məhsulun dəyərinin 5 faizi təhsil sektoruna yönəldilirsə, Səudiyyə Ərəbistanı Krallığında bu göstərici 9 faizdir. Bu ölkədə təhsilə marağın artmasını göstərən rəqəmlərin özü də maraqlıdır. Məsələn, hər il orta məktəb şagirdi olan oğlanların sayı 6,7 faiz, qızların sayı isə 11,2 faiz artır. Qız məktəbləri 1961-ci ildən fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanında ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Üç il natamam orta, üç il orta təhsil alan məzunlar ali məktəblərdə 4 il oxuyurlar. Bu ölkənin attestatları ABŞ və Qərb ölkələrində, eləcə də bütün ərəb dünyasında tanınır. Bu ölkədə ali təhsil sektorunun da özünəməxsus tarixi vardır. Şəriət elmlərini öyrənən ilk ali təhsil müəssisəsi 1949-cu ildə Məkkədə yaradılıb. 4 il sonra həmin şəhərdə Pedaqoji İnstitut, Ər-Riyadda isə Şəriət İnstitutu açılıb. 1957-ci ildə Kral fərmanı ilə ölkədə ilk dəfə olaraq Səud adına Universitet yaradılıb. Yeni əsrin əvvəlində isə Səudiyyə Ərəbistanında artıq 214 fakültəni birləşdirən 8 möhtəşəm universitet fəaliyyət göstərirdi. Bu isə ölkənin tələblərinə cavab verən elmi səviyyə yaratmaq zərurətindən irəli gəlirdi. Məsələn, Kral Səud adına Universitetdə filologiya, pedaqoji, təbiət elmləri, idarəetmə, əczaçılıq, tibb, mühəndislik, aqrar sahə mühəndisliyi, stomatologiya, tətbiqi sənət, uçot və informasiya, planlaşdırma, ərəb dili, xarici dillər və başqa fakültələr fəaliyyət göstərir. Kral Fəhd adına Neft və Minerallar Universitetində isə (1970-ci ildə yaradılıb) sırf sahə mütəxəssisləri hazırlanır. Bu ali məktəbin məzunları əsasən ABŞ — Səudiyyə müştərək şirkəti olan “Saudi — ARAMKO”-nun müəssisələrində çalışırlar. Səudiyyə Ərəbistanı Krallığında bütün mərhələli təhsillər tamamilə pulsuzdur. Üstəlik dövlət şagird və tələbələri pulsuz dərslik və tibbi xidmətlə təmin edir. Ən başlıcası isə Krallıq dövləti ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Malayziya və başqa ölkələrdə ali təhsil alan səudiyyəli gənclərin bütün xərclərini özü ödəyir. Səudiyyədə dərs ili sentyabrın 1-dən başlanır və 9 ay davam edir.