Səudiyyə Ərəbistanında orta təhsil — Səudiyyə Ərəbistanı Krallığında orta təhsil sistemi.
Səudiyyə Ərəbistanında tam orta təhsil mərhələsi 2 pilləyə bölünür. Hər ikisi 3 illik olan natamam orta təhsil və orta təhsil pillələri tədris proqramlarına görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
İbtidai təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsillərini natamam orta təhsil pilləsində davam etdirirlər. Həm natamam orta təhsil, həm də orta təhsil pillələrində şagirdlərin biliyi ildə iki dəfə keçirilən imtahanlar vasitəsilə qiymətləndirilir. Bu imtahanlar Təhsil Nazirliyi tərəfindən təşkil edilir.
2009-2010-cu tədris ilində ölkədə 7 min 910 natamam orta məktəb fəaliyyət göstərib. Onların 3 min 780-i qızlar, 4 min 130-u isə oğlanlar üçün təyin olunmuş təhsil müəssisələri olub. Natamam orta təhsil müəssisələrində oxuyan 1 milyon 188 min 342 nəfər şagirddən 553 min 415 nəfərini qızlar təşkil edib. Həmin məktəblərdə çalışan müəllimlərin ümumi sayı 117 min 370, inzibati heyətin sayı isə 6 min 289 nəfər olub.
Orta təhsil ümumi təhsil mərhələsinin sonuncu pilləsi hesab edilir. Natamam orta təhsil pilləsini bitirən şagirdlər təhsillərini ümumi, dini və ya peşəyönümlü orta məktəbdə davam etdirmək imkanı əldə edirlər.
Peşəyönümlü orta məktəblərdə sənaye, kommersiya, kənd təsərrüfatı sahələri üzrə texniki və peşə hazırlığı həyata keçirilir. Bu məktəblərdə də təhsil müddəti 3 ildir.
2009-2010-cu tədris ilinin statistik məlumatlarına görə, ölkədə 2 min 440 qızlar, 2 min 469 oğlanlar üçün məktəb fəaliyyət göstərib. Orta təhsil müəssisələrində oxuyan 1 milyon 096 min 174 şagirdin 490 min 112 nəfərini qızlar təşkil edib. Orta təhsil müəssisələrində 99 min 753 nəfər müəllim, 4 min 756 nəfər inzibati işçi çalışıb.
Təhsilə cəlb olunan qızların sayı qismən azlıq təşkil etdiyi üçün oğlanlar arasında savadlılığın səviyyəsi 89,1 faiz olduğu halda, qızlar arasında bu göstərici təxminən 79,4 faizə bərabərdir. Ancaq aparılan islahatlar nəticəsində təhsil alan qadınların sayı ilbəil artmaqdadır. Orta məktəblərdə hər il oğlanların sayı 6,7, qızların sayı isə 11,2 faiz artır. Səudiyyə Ərəbistanında məzunlara verilən orta təhsil haqqında attestatlar ABŞ, Avropa və bütün ərəb ölkələrində tanınır.
Orta məktəb müəllimlərinin hazırlığı Kral Abduləziz və Kral Səud Universitetlərinin pedaqoji fakültələrində, ali məktəb müəllimlərinin hazırlığı isə Kral Abduləziz Universitetinin Müəllim Hazırlığı və Təlimin İnkişafı Mərkəzində həyata keçirilir.