Sakit Yaqubov

Sakit Məmədi oğlu Yaqubov (1 iyul 1953) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru, "Riyaziyyat və Statistika" kafedrasının professoru. İqtisad elmləri doktoru.[1]

Sakit Yaqubov
Sakit Məmədi oğlu Yaqubov
Doğum tarixi (71 yaş)
Doğum yeri Məzrəli, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası iqtisadçı statistik
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti professor

Sakit Məmədi oğlu Yaqubov 01 iyul 1953-cü ildə Saatlı rayonunun Məzrəli kəndində anadan olmuşdur. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə həmin İnstitutu "Statistika" ixtisası üzrə bitirmişdir.

1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1975–1977-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Dövlət Statistika Komitəsi) "Kənd təsərrüfatı statistikası" şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır.

1977–1980-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Statistika" kafedrasının aspiranturasında əyani təhsil almış və 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda (Московский Экономико- Статистический Институт) "Statistika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1980–1990-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının "Statistika" kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışadır.

1990–1993-cü illərdə Moskva İqtisadi-Statistika İnstitutunun doktoranturasında əyani təhsil almış və 1993-cü ildə həmin institutda "Statistika" ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İstitutunun "Statistika" kafedrasında professor vəzifəsində çalışmışdır.

2000-ci ilin iyul ayından 2017-ci ilin sentyabr ayına qədər Azərbaycan Dövlət İqtisad Universiteti "Statistika" kafedrasının müdiri, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayına qədər "Statistika və ekonometrika" kafedrasının müdiri vəzifəsində işləmişdir.

2014-cü ilin oktyabr ayından 2018-ci ilin fevral ayına qədər eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin "Elm və İnnovasiyalar Mərkəzi"nin direktoru vəzifəsində çalışmışdır.

2018-ci ilin fevral ayından 2021-ci ilin oktyabr ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsində işləmiş, 2021-ci ilin oktyabr ayından Elm üzrə prorektor vəzifəsində çalışır.

Statistikanın aktual problemlərinə həsr olunmuş, ümumilikdə 130 ç.v. həcmində 120 elmi-metodiki əsərin, o cümlədən 2 monoqrafiya, 8 dərslik və dərs vəsaitinin müəllifidir. 20-dən çox elmi məqaləsi xarici ölkələrdə dərc olunmuşdur.

Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktorluğu, 20 nəfər fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

2002–2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 1994–2014-cü illərdə müxtəlif ixtisaslaşdırılmış Dissertasiya Müdafiəsi Şuralarının üzvü, 2015–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasının sədri olmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasının üzvüdür.

2005-ci ildən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında "Statistika Şurası"nın üzvü və 2015-ci ildən Dövlət Statistika Komitəsinin "Statistika xəbərləri" elmi-praktiki jurnalın baş redaktorudur.

O, hazırda Azərbaycan Respublikasında "Statistika" ixtisası üzrə yeganə elmlər doktoru, professordur.

Elmi-metodiki əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Heyvandarlığın inkişafının iqtisadi problemləri. Monoqrafiya, Bakı, Azərnəşr, 1986, 8.1 ç.v.
  • 1990–2000-ci illərdə Azərbaycan iqtisadiyyatı: inkişaf meyli, strategiyası və problemləri. Monoqrafiya, "X.K.B. və poliqrafiya". Bakı, 2001, 10.8 ç.v.
  • Əhali statistikası. Dərs vəsaiti. ADİU nəşriyyatı, Bakı 2002, 12.5 ç.v.
  • Maliyyə və bank statistikası. Dərs vəsaiti, ADİU nəşriyyatı, Bakı 2006, 10.5 ç.v.
  • Sosial-iqtisadi statistika. Dərs vəsaiti, ADİU nəşriyyatı, Bakı 2006, 15 ç.v.
  • Sosial-iqtisadi statistika. Dərslik, ADİU nəşriyyatı, Bakı 2011, 25 ç.v.
  • Statistika. Dərslik, ADİU nəşriyyatı, Bakı 2015, 37 ç.v.
  • Пути преодоления экономического кризиса и роль статистики в принятии решений: опыт Азербайджана. Жур. "Статистика Украины" 2017, № 3.
  • Əhali statistikası. Dərs vəsaiti. İqtisad Universiteti nəşriyyatı, Bakı 2022, 15,0 ç.v.
  • Məlumatlar elmi. Dərs vəsaiti. UNEC nəşriyyatı, Bakı 2023, 21,5 ç.v.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə 2013-cü ildə professor S.M.Yaqubova "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 2015-ci ildə Təhsil Nazirinin əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tafixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir.

  1. "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.