Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur.
Saleh | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə[1] yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur:
Sonuncu fikir Quran ayələrinə[2] daha uyğundur.
Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?"[3]
Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır.
Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.
Rəvayətlərdə həmçinin qeyd olunur ki, Səmud qövmü uzunömürlü[4] bir xalq idi. Buna görə də məcbur idilər daha möhkəm olmaq üçün dağların daşlarından evlər yonsunlar. Adətən öz evlərini dağlarda yaratdıqları dəlikdə düzəldirdilər. Çünki adi evlərin tavanı onların ömürləri qədər dözmürdü.
Səmud qövmü naz-nemət içində həyat sürürdülər. Yamyaşıl bağlardan, sərin bulaqlardan, münbit torpaqlardan və heyvanlardan bəhrələnirdilər. Elə ki, yavaş-yavaş fitnə-fəsad, bütpərəstlik artdı. Allah taala hidayət üçün onların ən ehtiramlı və ən əsil-nəcabətlisini — Salehi göndərdi. Onun nəsli elm və müdrikliklə şöhrət tapmışdır. O, qövmünə xitab edərək buyurdu:
-"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"[5] "(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"[2].
"Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun və mənə itaət edin!"[6]
Adətən böyük peyğəmbərlər öz xalqına bu məsələni xatırladırlar. Saleh də onlara buyurur: -"Mən bunun (Allahın hökmlərinin, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Məgər siz elə burada onların (nemətlərin) içində (gələcəkdə hesab-kitab olmadan) arxayınlıqla qalacaqsınız.)"[7]
Camaat onun cavabında dedilər:
-"Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın tapındığına (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik"[8]
Saleh onlara buyurdu: -"Ey camaat! Bir deyin görək, əgər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) etsə, mən də Ona asi (günahkar) olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!"[9]
Saleh yenə də onlara Allahın nemətlərini xatırlayaraq xeyirxahlıq və ürəyiyananlıq üzündən onlara buyurdu: -"Artıq Allahdan qorxun və mənə itaət edin! (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin). O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!"[10] Bu dəfə onu təkzib etməyə daha cəsur olaraq dedilər: -"Həqiqətən sən (əməlli başlı) ovsunlanmışlardansan. (Divanənin birisən, sən hardan peyğəmbər oldun?) Sən də bizim kimi adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə) bizə (Allahdan) bir möcüzə gətir!"[11] Axı sənin bizə nə kimi üstünlüyün var ki, özünü peyğəmbər sayırsan?
Saleh on altı yaşında ikən peyğəmbərliyə seçildi və 120 yaşına kimi o tayfaya təbliğlə məşğul oldu. Amma onun sözlərini qəbul etmədilər. Onların yetmiş ədəd bütləri var idi və yeganə Allah qarşısında onlara ibadət edirdilər. Saleh vəziyyəti belə gördükdə onlara peyğəmbər seçildiyini və yaşının 120-ni haqladığını qeyd edərək onlara 2 təklif irəli sürür:
Camaat təklifin çox insaflı olduğunu qeyd edir və bu iş üçün müəyyən bir gün təyin olunur. Həmin gün onlar bütləri çiyinlərinə alıb gətirirlər və Salehə dedilər: "Ey Saleh, istəyini dilə!"
Saleh onların ən böyük bütlərini çağırdı, amma o cavab vermədi. Saleh dedi: "Niyə cavab vermir?" Dedilər: "Başqasını çağır." Saleh bir-bir hamısını çağırdı. Heç biri ona cavab vermədi. Sonra üzünü camaata tutub dedi:
-"Gördünüz ki, mən sizin bütlərin hamısını çağırdım, lakin heç biri cavab vermədi. İndi isə siz istəyin və mən də öz Allahımdan istəyim. O da sizə cavab versin. Səmud qövmü yenə üzlərini bütlərinə tutaraq "Niyə Salehə cavab vermirsiniz?" -deyə söylədilər. Onlar yenə də cavab vermədilər.
Bundan sonra özləri axşama qədər bütlərə yalvarmağa başladılar və sonra da qabaqlarına çoxlu yemək-içmək yığıb Salehə onları indi çağırmasını istədilər.
Saleh irəli gələrək onları səslədi, amma yenə də cavab eşitmədi. Bu haləti görən Saleh dedi:
-"Gün qurtardı, lakin sizin tanrılarınız cavab verə bilmədilər. İndi isə siz məndən istəyin, mən də öz böyük Allahımdan istəyim və həmin saat sizə cavab versin."
Böyüklər və zadəganlardan yetmiş nəfəri irəli gələrək fikir birliyi ilə dedilər ki, "Ey Saleh, indicə Allahından istə ki, bizim üçün bu dağdan dişi, qırmızı rəngdə, çox tüklü və on aylıq bir dəvə göndərsin." Saleh "Məndən istədiyiniz şey mənim üçün çox çətindir" deyərək, Allahdan istədi. Elə həmin vaxt dağdan dəhşətli bir səs gəldi və dağ tərpənərək ondan deyilən sifətlərdə bir dəvə xaric oldu. Camaat bu haləti görərək dedilər:
-"Ey Saleh! Doğrudan da Rəbbin nə tez duanı qəbul etdi. İndi isə bu dəvənin balasının da çıxmasını istə. Saleh Rəbbindən istədi. Dəvənin balası da dağdan çıxıb öz anasının ətrafında fırlanmağa başladı." Saleh onlardan istədikləri bir şey qaldığını soruşduqda "Xeyr, biz indi camaatın yanına gedib gördüklərimizi onlara danışacağıq və sənə iman gətirəcəklər." -dedilər.
Lakin bu 70 nəfərdən 64 nəfəri sonradan bu möcüzənin sehr-cadu olduğunu qeyd edərək dönük çıxdılar. Digər 6 nəfəri Salehə iman gətirdi ki, onlardan biri də sonradan dönərək dəvəni kəsib doğrayanlardan oldu.
Allah-taala Salehə vəhy buyurdu: -Onlara de: -"Bu dişi bir dəvədir. Su içmək növbəsi, bir gün onun, bir gün də sizindir!" (Bir gün çeşmədən o su içsin, bir gündə siz su için. Bir-birinizə mane olmayın.) Hər gün ki, dəvənin növbəsi olurdu və su içirdi, onun əvəzinə camaata süd verirdi. Bütün camaat balacası-böyüyü, qocası-cavanı elə bir gün olmurdu ki, o süddən içməsinlər. Başqa gün isə camaat sudan istifadə edirdilər.
Beləliklə, bir müddət dəvənin növbəsi olduqda su kənarına gəlirdi və başını sudan qaldırmadan bütün suyu içirdi. Sonra başını qaldırıb, ayaqları arasında onu oynadırdı. Camaat da gəlib hər nə qədər su istəsələr içirdilər. Özləri ilə qab gətirib onları doldurub aparırdılar və heç bir boş qab qalmırdı. Bu müddət ərzində də Saleh həmişə onlara xatırladırdı: -"Ey camaat, Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin yoxsa şiddətli bir əzaba düçar olarsınız!" Saleh camaatı dəvəyə zərər yetirdirməkdən çəkindirmək, gələcək əzabı onlara xəbər vermək, o heyvanı böyük nemət və qəribə möcüzə olması ilə yanaşı, yenə də Salehin düşmənlərinin qabağını ala bilmədilər. Nəticədə dəvəni öldürməklə ilahi əzaba düçar oldular.
Bu işin səbəbi nə olduğu haqda müxtəlif fikirlər irəli sürülmüşdür. Nəql olunur ki, növbə ilə bir gün camaatın, bir gün dəvənin su içməsi bir müddət davam etdi. Allaha qarşı üsyan edənə qədər dəvə onlarla yaşayırdı. Beləliklə, bir-birlərinə: "Gəlin bu dəvəni öldürək və şərrindən qurtaraq. Suyun bir gün onun, başqa gün isə bizim olmasını özümüzə sığışdıra bilmirik" -dedilər. Buna görə qərara gəldilər ki, o heyvanı öldürsünlər və qərara gəldilər ki, hər kəs bu işi öhdəsinə götürsə, hər nə qədər zəhmət haqqı istəsə ona verərik. Belə olan halda, qırmızı sifətli, göygöz, zinadan törənən Qəddar adlı bir kişi irəli gəlib bu iş üçün öz hazırlığını bildirdi. Onun üçün müəyyən muzd təyin edərək bu mühüm işi onun öhdəsinə qoydular.[12]
Allah Salehə vəhy edib qövmünün dəvəni öldürmələrini ona xəbər verdi. Saleh bu məsələni soruşduqda onlar cavabında dedilər ki, biz heç vaxt belə bir işə əl bulaşdırmarıq. Saleh dəvəni öldürəcək adamın nişanələrini də onlara dedi: "Qırmızı sifətli, göygözlü və qırmızı rəngdə saçı olan bir oğlandır". Onlar bu xüsusiyyətdə doğulan uşaqları öldürürdülər.
Təsadüfən tayfanın böyüklərindən birinin subay oğlu, başqasının isə subay qızı var idi. Onlar övladlarının evləndirməyi qərara aldılar. Həmən ildə onlardan Salehin xəbər verdiyi oğlan dünyaya gəldi.
Başqa bir tərəfdən camaat belə bir övladın olmasının qarşısını almaq üçün xüsusi qabilələr (mamalar) seçərək, onlara dövlət məmurları qoşurdular. Belə bir övlad məhz bu ər-arvaddan dünyaya gəldi, qadınların səsi göyə qalxdı ki, bu uşaq Saleh peyğəmbərin xəbər verdiyi uşaqdır. Dövlət məmurları uşağı öldürmək istəyirdilər, amma uşağın babaları bu işə maneçilik törətdilər və dedilər:
-"Hər zaman Saleh desə onu qətlə yetirərik".
Bu hadisədən əvvəl doqquz nəfər öz övladlarını öldürmüşdülər ki, məbada Salehin dəvəsini öldürən bu uşaqlardan olsun. Amma öldürdükdən sonra peşman oldular. Bu səbəbdən ürəklərində Salehə qarşı kin-küdurət yarandı və fitnə-fəsada, zinaya, hətta onu öldürməyə belə əl atdılar.
Qəddar boya-başa çatdıqda, günlərin bir günü öz yoldaşları ilə bir yerdə toplaşıb oturmuşdular. Şərab içmək fikrinə düşdülər. Şəraba qatmaq üçün bir az su lazım idi. Amma su yox idi, çünki su dəvənin növbəsi idi və o heyvan bütün suyu içmişdi. Bu vəziyyət onlara çox ağır təsir etdi. Qəddar "İstəyirsiniz mən bu dəvəni öldürüm" -dedi. "Bəli" -deyə cavab verdilər. Beləliklə qətlin müqəddiməsini hazırladılar.[13]
Kəb nəql edir ki, Salehin dəvəsinin ölmə səbəbi Səmud qövmündə Məlka adlı bir qadının olması idi. O, camaata başçılıq edirdi. Camaatın həzrət Salehə daha çox diqqət yetirmələri və ona həddən artıq ehtiram etmələri bu qadının ona qarşı nifrətini artırdı. O, peyğəmbəri və dəvəsini öldürməyi qərara aldı.
Başqa tərəfdən Səmud qövmündən Qutam adlı çox gözəl bir qız var idi. O, Qəddar ibni Salifin məşuqəsi idi. Qibal adlı başqa bir gözəl qız var idi ki, Məsdə adlı bir şəxsin məşuqəsi idi. Qəddarla Məsdə hər gecə onların yanına gedib, şərab içib əyyaşlıqla məşğul olurdular.
Məlka bir gün Qutam və Qibala dedi:
-"Əgər Qəddar və Məsdə sizin yanınıza gəlsələr, onları yaxın qoymayın və onların dediyinə əməl etməyin. Onlara deyin ki, Məlka Saleh və onun dəvəsinin əlindən narahatdır. O iki dəvəni öldürməyincə sizinlə şadlıq edib, sizi qane edə bilməyəcəyik. Buna görə də bu iki nəfər dəvəni öldürdülər".
Alusi öz təfsirinə yazır ki, Səmud qövmünün heyvanları bu dəvəni gördükdə qorxudan qaçmağa üz tuturdular Yay olduqda dəvə dərədən çıxırdı və başqa heyvanlar hamı gedib dərədə gizlənirdilər. Qışda isə dəvə dərəyə qayıdırdı, başqa heyvanlar da qorxudan dərədən çıxırdılar. Heyvanları rahat otlayıb, gəzişmələrini istədikləri üçün dəvəni öldürməyi qərara aldılar.
Tayfada iki dövlətli qadın yaşayırdı. Onlar çoxlu mal-dövlət və dəvə sahibi idilər. Birinin adı Səduq idi. O özünü, dəvəni öldürmək şərti ilə Məsdə adlı bir şəxsin ixtiyarında qoydu. O birisinin adı isə Ənizə idi. Onun çox gözəl qızları var idi. O, da dəvəni öldürmək şərti ilə eyş-işrət üçün qızlarının birini Qəddar ibni Salifə verməyə razılaşdı. Qəddar və Məsdə qızlardan bəhrələnmək üçün dəvəni öldürməyi öz öhdələrinə götürdülər və yeddi nəfərlə əlbir olaraq dəvəni öldürdülər.
Bu yolla Allah taala onları imtahan etmək üçün bu hadisələri onların başına gətirdi və istədikləri xüsusiyyətdə dəvə göndərdi, amma bu imtahanın öhdəsindən gələ bilməyib onu öldürdülər. Allah taala Qəmər surəsində buyurur: -"Biz dəvəni onları imtahan etmək üçün göndərdik."
Rəvayət olunur ki, Qəddarla Məsdə və onlarla əlbir olanlar dəvəni öldürdülər. Millətlərin bədbəxtçiliyinin mənbəyi sayılan həsəd, paxıllıq və bu kimi çirkin insana xas olmayan sifətlər öz işini gördü. Əlavə cinsi şəhvət, bir və bir neçə qadına yetişmək eşqi yenidən yer üzündə daha böyük bir cinayətin törənməsinə səbəb oldu, bir neçə kişini bu ilahi nişanəni aradan götürməyə vadar etdi. Nəticədə əllərində olan zəmanənin ox, kaman, qılınc və s. kimi silahları ilə dəvənin pusqusunda durub su içməyə gələndə ona hücum edib, hər biri bir zərbə vuraraq dəvəni taqətdən saldılar. Sonra da nizə ilə hulqumundan vurub nəhr etdilər.[14] Camaat da yığışaraq ətini bölüşdürdülər.[15]
Bu zaman Həzrət Saleh peyda oldu. Bütün camaat ona sarı qaçaraq günahı bir-birinin boynuna qoymağa çalışdılar və hər biri günahı başqasına nisbət verməklə öz günahsızlığını sübut etmək istəyirdi.
Şəhər camaatından 9 nəfər[16] yığışaraq, Salehin qətlə yetirilməsi planını cızdılar.[17]
Hər halda Quran qapalı şəkildə buyurur: -"(Səmud tayfasının yaşadığı Hicr adlı) şəhərdə yer üzündə fitnə-fəsad törədən əsla yaxşı iş görməyən doqquz kişi var idi. Onlar öz aralarında Allaha and içib belə dedilər: -"Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kişilər tərəfindən) öldürüldüyünü görməmişik və biz həqiqətən doğru danışırıq. Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik. (Ya Mühəmməd!) bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik!"
Bu Quran ayələrində olan hadisənin icmalı idi. Amma İbni Əsir öz "Kamil" kitabında hadisəni geniş surətdə belə yazır: Tayfadan doqquz nəfəri qorxudan məbada Salehin dəvəsinin qatili olsun deyə öz övladlarını öldürdükdən (qabaqkı səhifədə keçdi) sonra öz əməllərindən bərk peşman oldular və qəlblərində Salehə qarşı kin yarandı. Birlikdə Salehi öldürmək üçün and içib dedilər:
-"Biz səfər adı ilə şəhərdən çıxıb, Salehin yolunun üstündə olan mağarada gizlənərik. Gecə olduqda Saleh məscidə gedəndə oradan keçəcək və biz oradaca onu öldürərik. Sonra şəhərə gəlib camaata onun ölümündən xəbərsiz olduğumuzu deyərik".
Saleh adəti üzrə gecələri şəhərdə qalmırdı və şəhərdən kənarda yerləşən məscidə gedib bütün gecəni orada keçirirdi.
O doqquz nəfər içdikləri anda uyğun olaraq şəhərdən çıxıb deyilən mağarada gizləndilər. Böyük bir daş başlarına düşüb hamılıqla öldülər. Şəhərdə bir neçə nəfər onların çirkin niyyətlərindən agah idilər və işlərinin nəticəsini görmək niyyəti ilə onların dalınca şəhərdən xaric oldular. Mağaraya daxil olduqda hamısını ölmüş gördülər. Şəhərə qayıdıb "Saleh birinci onların övladlarını öldürməyi əmr etdi, sonra da özlərini qətlə yetirdi" -deyə hay-küy saldılar. Bu nəql olunan fikir planın dəvəni öldürməmişdən qabaq olması ilə uyğun gəlir.
Başqa bir fikirdə deyilir ki, camaat dəvəni öldürdükdən sonra Saleh onları Allahın qəti olan əzabı ilə qorxudaraq buyurdu: -"İndi ki, belə etdiniz, Allahın əzabı sizi bürüyəcəkdir." Dəvəni öldürən doqquz nəfər Salehi öldürməyi də qərara aldılar və bir-birlərinə dedilər: -"Biz Salehi öldürək. Əgər düz desə və doğrudan da deyilən əzab gəlməli olsa biz əzab gəlməmiş onu öldürmüş oluruq və öz intiqamımızı ondan alırıq. Əgər yalan demiş olsa onu da öz dəvəsinin dalınca göndərmiş oluruq." Bu niyyətlə gecə yarısı Salehi öldürmək istədilər. Allah ilahi mələklərin vasitəsilə onların şərrini uzaq edib, daşlarla o xəbis insanları həlak etdi. Camaat vəziyyəti belə gördükdə Salehə dedilər: -"Sən onları öldürmüsən!" Onu öldürmək məqsədilə ona hücum etdilər. Başqa bir neçə nəfər onu müdafiə edərək dedilər:
-"O, sizə əgər doğrudanışanlardandırsa Allahın qəzəbini daha da artırmayın və əgər yalan deyirsə onda biz özümüz onu sizə təslim edəcəyik".
Bununla da camaat onun ətrafından dağlışdılar.
İbni Əsir dediyi kimi, bu ikinci fikir daha düz və həqiqətə uyğundur.
Bütövlükdə Quran ayələri və rəvayətlərdən belə məlum olur ki, dəvəni öldürdükdən sonra etdikləri əməldən bərk peşman oldular və təşvişə düşdülər. Hər bir yolla olursa olsun vəd olunan əzabı özlərindən uzaqlaşdırmaq istəyirdilər. Yaxud özləri demişkən, əzab yetişməmişdən əvvəl Salehdən intiqam almaq istəyirdilər. Əlbəttə, öncə Salehi öldürmək niyyətləri yox idi. Bəlkə də vədə verilən əzabı uzaqlaşdırmaq istəyirdilər.
Buna görə də bir yerdə nəql olunur ki, dəvəni öldürdükdən sonra Salehin yanına gəlib üzrxahlıq etdilər. Hər biri bu işi başqasına nisbət verib günahı onun boynuna qoymağa çalışırdı. Qısaca, Salehdən bu işə çarə qılmasını istədilər.
Saleh onlara dedi: -"İndicə gedin axtarın! Heç olmasa balasını tapıb gətirin, bəlkə Allah taala əzabı sizdən uzaqlaşdırdı". Camaat dağlara düşüb dəvənin balasını nə qədər axtardılarsa tapa bilmədilər.
Beləliklə bu yoldan məyus oldular və ikinci yola onu qətlə yetirmək fikrinə düşdülər.
Mərhum Kuleyninin "Rövzətül-kafi" kitabında bir hədisdə belə nəql olunur ki, dəvəni öldürdükdən sonra Saleh onların yanına gəlib buyurdu:
-Hansı amil sizi bu işə məcbur etdi və niyə Allaha qarşı itaətsizlik edirsiniz?
Allah taala Salehə vəhy etdi ki, sənin qövmün zülm etdilər. Mənim nişanə və höccət kimi göndərdiyim dəvəni öldürdülər. Bir halda ki, onların heç bir ziyanı dəyməmişdi, əksinə ondan faydalanıb böyük mənfəət tapırdılar. İndi isə onlara de: -"Mən onlara möhlət verərək, üç gün sonra öz əzabımı göndərəcəyəm. Əgər bu üç gündə tövbə edib mənə tərəf qayıtsalar, əzabı nazil etməyəcəyəm və əgər tövbə etməyib qayıtmasalar üçüncü gün əzab nazil olacaqdır."
Saleh camaatın qarşısında durub vəhy olunan sözləri onlara çatdırdı. Amma bu cəhətdən ki, bəşər heç vaxt ilahi peyğəmbərlərin məsləhətlərini və haqq sözü bu tezliklə qəbul etməyib, onlar tövbə etməyə razılaşmadılar, bəlkə üsyan edərək daha da şiddətlə dedilər:
-"Ey Saleh! Əgər düz deyirsənsə vədə verdiyin əzabı göndər!"
Bəli, bu üsyan, tüğyan, özbaşnalıq və təkəbbür nə qədər millətləri bədbəxt etmiş, nə qədər evləri yıxmış və nə qədər günahsız insanların həlakına səbəb olmuşdur.
Beləliklə belə üsyan və təkəbbürçülük onların tövbə edib qayıtmamasına və nəticədə ailələrinin, arvad-uşaqlarının, doğma şəhərlərinin əzaba düçar olmasına səbəb oldu. Bununla bəşəriyyət yeni bir günaha əl ataraq peyğəmbərin ölüm planını çəkdilər.
Beyzavi öz təfsirində belə yazır: Rəvayətlərdə belə gəlmişdir ki, Saleh bir dərədə məscid tikmişdi və orada namaz qılırdı. Camaat bu üç gün söhbətini eşidəndə özlərinə dedilər: -"Saleh elə bilir ki, bu üç gün ərzində bizim əlmizdən rahat qalacaq. Biz üç gün keçməmişdən əvvəl özümüzü onun və ailəsinin əlindən rahat edəcəyik (ki, bu günə sağ qalmasın)". Bu niyyətlə dərəyə tərəf yola düşdülər. Orada böyük bir daş onların yolunu tutdu və həlak olana qədər orada qaldılar. Camaatın qalanı isə asimanın nəriltisinə düçar olub hamılıqla nabud oldular.
Doğrudanda bu tərs və kobud bəşər nə qədər günah, nəfsin tüğyanı və özbaşnalıqdan zərər çəkmiş, nə qədər çirkin sifət olan təkəbbür və zülmdən xəsarətə uğramışdır. İnsanlar cəhl, nadanlıq və şeytani vəsvəsələr üzündən həqiqi məbud əvəzinə daşdan, taxtadan, ağacdan, nəhayət dəmir və qeyri dəmirdən öz əlləri ilə düzəltmiş cansız bütlərə, yaxud özlərindən zəif olan insanlara pərəstiş edirlər. Allah taala onları tənəzzül və bədbəxtlikdən xilas etmək üçün özlərindən yaxın qohumlarından və əsil, ehtiramlı nəsillərindən olan böyük bir şəxsiyyəti, ilahi peyğəmbəri onlara göndərdi ki, onları bu zillətdən nicat verib aləmlərin böyük Allahına tərəf hidayət etsin.
Ondan möcüzə istədilər. Onlar üçün Allah möcüzə gətirdi və həmən vaxt o ilahi nişanəni nabud etmək niyyətinə düşdülər. Yenə də Allah taala öz rəhmətini onlardan əsirgəmədi və öz peyğəmbərinin vasitəsilə onlara xəbərdarlıq etdi. Üç gün müddətində onlara fürsət verilir. Tövbə edib Allaha tərəf qayıtsınlar. Əgər onlar qayıtsalar əzaba giriftar olmayacaqlar…
Amma bu üsyankar, çaşqın (ya biçarə və bədbəxt) camaat yenə özlərinə gəlmədilər və tövbə, Allahın ethiyacsız dərgahına qayıdış, dünyanın yaranışına diqqət yetirmək əvəzinə, ondan öz həlakətlərini istədilər. Həyasızcasına (ya bədbəxtlik üzündən) ilahi əzabı seçdilər.
Bu əhvalatdan sonra Saleh onlara buyurdu: -"Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin. Bu elə bir vədədir ki, yalan çıxmaz!"
Bir hədisdə deyilir ki, Saleh onlara əzabın əlamətini belə dedi: -"Birinci gün üzləri saralacaq, ikinci gün qızaracaq və üçüncü gün isə qaralacaqdır".
Birinci gün olduqda üzlərinin saraldığını gördükdə bir-birlərinə dedilər ki, Saleh deyən kimi oldu. Tayfanın mütəkəbbir insanları dedilər ki, biz onun sözlərinə inanmır və qəbul da edə bilmərik. İkinci gün yetişdikdə rəngləri qızardı. Bir yerə toplaşıb bir-birlərinə dedilər ki, Saleh necə demişdi, elə də oldu. Yenə də qəlblərində təkəbbür və qəsavət olanlar dedilər ki, əgər biz ölümlə üzləşsək belə Salehin sözlərini qəbul etməyəcəyik. Ata-babalarımızın pərəstiş etdiyi bütlərdən əl çəkməyəcəyik. Üçüncü gün yuxudan durcaq gördülər ki, üzləri qaralıb və bir yerə toplaşıb dedilər. Ey camaat, Salehin dediyi kimi oldu, nə edək? Yenə də mütəkkəbbir insanlar dedilər: -"Bəli, Saleh deyən kimi oldu".
Gecə yarı olduqda isə Cəbrail gəlib onların üstünə elə qışqırdı ki, qulaqları yırtıldı, ürəkləri dərildi, cigərləri paralandı və bir göz qırpımında hamı nabud oldu. Heç bir canlı, varlıq qalmadı. Ancaq cansız bədənlər yurdlarında və evlərində qalmışdı ki, göydən alovla yanıb hamılıqla oradan getdilər.
Bu, Kuleyninin "Rövzətül-kafi" kitabında gətirdiyi hədisin bir hissəsi idi. Diqqət yetirməli məsələlərdən biri də budur ki, (ola bilsin sual qarşıya çıxsın) dəfələrlə Səmud qövmünün həlak olması Quranda Saiqə (ildırım), ya Rəcfə (zəlzələ) ilə olması gəlmişdir. Bunun hədisdə qeyd olunan Cəbraili seyhəsi (qışqırıq və fəryadı) ilə heç bir ziddiyyəti yoxdur. Çünki, Cəbrail və sair mələklər hadisənin törənməsində vasitə və ilahi fərmanları yerinə yetirməyə əmr olunmuşlardırlar. Məlum olduğu kimi, Allah taala öldürür, dirildir və ruzi verir. Bunun Əzrail, Mikail, İsrafil və s. mələklərin öldürməsi, diriltməsi və ruzi verməsi ilə heç bir ziddiyyəti yoxdur.
Nəhayət Quran Səmud qövmünün aqibətini belə buyurmuşdur: -"O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. (Bir göz qırpımında həlak oldular). Sanki onlar heç yaşamamışdılar."
Başqa bir surədə buyurur: -"Bu zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda anlayıb bilən bir qövm üçün bir ibrət vardır."
"Fussilət" surəsində isə buyurur: -"Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı. İman gətirib (Allahdan) qorxanları isə xilas etdik."
Ancaq Saleh və ona iman gətirənləri Allah taala öz rəhmətində saxlayıb, zəliledici əzabdan xilas etdi. Allah taala başqa bir surədə Səmud qövmünün həlak olmasını söylədikdən sonra buyurur: -"İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik."
Salehə iman gətirənlərin sayı haqda müxtəlif fərziyələr verilmişdir. Mərhum Təbərsi "Məcməul-bəyan" kitabında yuxarıdakı ayənin təfsirində bir neçə nəfərdən rəvayət edir ki, onlar dörd nəfər idilər. Saleh Səmud qövmünün həlakından sonra onları özü ilə Həzrəmuta gətirdi.
Başqaları yazırlar ki, onlar yüz iyirmi nəfər idilər və Səmud yurdundan Fələstinin Qəşlə deyilən ərazisinə köçdülər. Başqa birisi yazır ki, elə oradaca qaldılar.