Sapporo Qar Festivalı (yap. さっぽろ雪まつり - "Sapporo Yuki Maçuri") — Hər il qış fəslində Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilən qar fiqurları festivalı. Hər il fevral ayının ikinci həftəsində təşkil edilir.[1]
Bu festival qış fəslində Yaponiyada təşkil edilən ən maraqlı tədbirlərdən biridir və burada çoxsaylı yerli və əcnəbi turistlər iştirak edirlər. Festivala şəxsən yerində baxmaq üçün Sapporoya gələn turistlərin sayı ilbəil artır.[1]
Hər ilin qış fəslində təxminən iki milyonadək insan bir həftə ərzində buzdan və qardan düzəldilmiş müxtəlif fiqurlara baxmaq üçün Sapporo şəhərinə axışır.[2] Avrora qülləsindən başlayaraq şəhərin mərkəzi Susikino küçəsi və Odori parkı boyunca düzülmüş müxtəlif ölçülü fiqurlar Sapporonu qar kimi ağappaq nağıllar şəhərinə çevirir.[1]
Sapporo festivalının əsası 1950-ci ildə qoyulmuşdur. Həmin vaxt şəhərin mərkəzində məktəblilər buzdan altı fiqur düzəltmişdirlər. Festivalda qardan düzəldilmiş fiqurlarla yanaşı, karnaval və qar topu oyunu da təşkil olunur ki, bunlar da buraya həmin vaxt 50 minədək insanın toplaşmasına səbəb olur. Həmin vaxtdan etibarən festival Sapporonu məşhurlaşdıraraq şəhərin qış vizit kartına çevrilmiş, bütün Yaponiyada çox geniş şöhrət qazanmışdır.[1]
1953-cü ildə festival çərçivəsində ilk dəfə 15 metr hündürlüyündə fiqur – Syoten quraşdırılmışdır.[3] Artıq 1959-cu ildə, festivalın 10 illiyi zamanı fiqurların hazırlanmasında 2500-dən artıq həvəskar heykəltaraş iştirak etmiş, mətbuat festival haqqında ilk dəfə geniş məlumatlar yaymışdır.[1]
1972-ci ildə Sapporonun Qış Olimpiya Oyunlarının bu şəhərdə keçirilməsi isə festival haqqında artıq Yaponiyadan çox-çox uzaqlarda, bütün dünyada məlumatların yayılmasına səbəb olmuşdur.[3]
Sapporo qar fiqurlar festivalı artıq məşhur beynəlxalq tədbirə çevrilmişdir və davam etdiyi bir həftə ərzində öz ətrafına milyonlarla insan toplayır. Burada nümayiş etdirilən qar fiqurları isə onlarla ölkədən gəlmiş həvəskar heykəltaraşlar düzəldirlər.[1]
Burada buz və qardan quraşdırılmış müxtəlif mövzularda əsərlər – Benkamabofit mərmər məbədi, Çan-kay-şi milli xatirə salonu, Əfsanələr aləminə səyahət, Ağ qanadlı şahzadə, Kabuki sarayı və onlarla digər fiqurlar festival iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş edir. Burada uşaqların sevimli cizgi filmlərinin, yapon animelərinin çoxsaylı qəhrəmanlarına da rast gəlmək olar.[1]
Festivalın ilk iki günü ərzində tamaşaçıların verdiyi səslərə görə tədbirin ən yaxşı fiqurları müəyyən edilir və onların müəlliflərinə xüsusi mükafatlar təqdim edilir.[1]
Festival çərçivəsində müxtəlif karnavallar, sərgilər, qar topu oyunu da keçirilir. Buz meydançasının qapıları konkidə sürüşərək əylənmək istəyənlər üçün açıq olur. Eyni zamanda, iştirakçılar xüsusi olaraq təşkil olunmuş yapon milli yeməkləri ilə tanış ola bilir, xatirə hədiyyələri də ala bilirlər.[1]