Sara Nəzərova

Sara Mollaçı qızı Nəzirova — Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi.

Sara Nəzirova
Sara Mollaçı qızı Nəzirova
Doğum adı Sara Mollaçı qızı Nəzirova
Təxəllüsü Sara Oğuz Nəzirova
Doğum tarixi
Doğum yeri Oğuz, Azərbaycan SSR
Vəfat tarixi (69 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2012

Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır.

Sara Oğuz Nəzirova 22 iyun 2014-cü ildə vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlamışdır. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında, habelə Çexoslovakiyada "Umeniya remesla", Türkmənistanda "Aşxabad", Qazaxıstanda "Prostor" jurnallarında dərc olunmuşdur.

1994-cü ildə Amerika Birləşmiş Ştatlarında "İkarus" jurnalında onun povesti Azərbaycanı təmsil etmişdi.

1996-cı ildə YUNESKO-nun "The World Literature to Day" toplusunun payız sayında "Kəpənək ömrü" povesti dərc olunmuşdu.

O, 2010-cu ildə ən yaxşı hekayə üçün Beynəlxalq müsabiqənin qalibi olmuşdu.

S.Nəzirovanın 1983-cü ildə "Yazıçı" nəşriyyatında "Terrakota", 1986-cı ildə "Qədir ağacı", 1992-ci ildə yenə həmin nəşriyyatda "Tale damğası", 1990-cı ildə "Gənclik" nəşriyyatında "Nağıl nabatı", 1996-cı ildə "Şərq-Qərb" nəşriyyatında "Beton evdən yazılar", 2007-ci ildə "Ziya" nəşriyyatında "Əşrəf Muradoğlu", AME nəşriyyatında ingilis dilində "Selected Works" kitabları çap edilmişdir.

Onun yaradıcılığı haqqında 2003-cü ildə "Elm" nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə "Oğuz gözəlləməsi" kitabı nəşr olunmuşdu.

"Azərbaycanfilm" kinostudiyasında "Batmış şəhərin incəsənəti", "Nar nağılı", "Qəsd", "İçərişəhərin hamamları", "Dost dosta tən gərək", "Üfüqü ötənlər" filmləri onun ssenariləri əsasında çəkilmişdir.

Sara Nəzirovanın "Nağılını göstər", "Mərd körpüsü", "Qayıt", "Sözün sehri" pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulmuşdur.

Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.

9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

  1. Nar ağacının nağılı (film, 1989)
  2. Qədim hamamlar (film, 2001)
  3. Qəsd (film, 1990)
  4. Söhbətül-əsmar (film, 1994)
  5. Siçan və pişik (film, 2008)
  6. Üfüqü ötənlər (film, 2011)
  7. Sirli bənövşə
  1. Kulis.az kollektivi. "Yazıçı Sara Nəzirova vəfat edib" (az.). kulis.az. 23.06.2014. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23.