Sekvoyya (ing. Sequoyah, həm də Corc Gess (George Guess) kimi də tanınır; təxm. 1760-1770 — 1843-1845) — çeroki hindu tayfasının başçısı, hecalı çeroki əlifbasının ixtiraçısı, çeroki dilində nəşr edilən "Çeroki Feniks" qəzetinin yaradıcısı olmuşdur.
Təxminən 1760-cı və ya 1770-ci illərdə çeroki tayfasından olan bir qadının oğlu olmuşdur. Onun doğum yeri məlum deyil, amma doğulduğu yer kimi Tenessidə Taskeqi kəndi göstərilir. 1809-cu ildə Alabama ştatının Villestaun şəhərinə gələrək, gümüş işləri ilə məşğul olmağa başlamışdır. Onda o ingilis dilini bilməsə də, amerikalıların yazıdan necə istifadə etdiyini görür. Bundan sonra o çeroki dili üçün yazı sistemini tərtib etməyə başlayır. İlk əvvəl o, əlifbanı heroqlif yazısı ilə tərtib etməyə üstünlük versə də, lakin sonradan bunu hecavi əlifba ilə əvəz etmək qərarına gəlir.
1821-ci ildə onun tərəfindən hazırlanmış əlifbada 86 simvol var idi. Bu simvollar qismən latın əlifbası və ola bilsin ki, kiril əlifbasından da götürülmüşdür. Doğma dilində ilk yazı və əlifbanı o, öz qızı Ayokaya öyrətmişdir. Onun ixtirası həmvətənləri tərəfindən ilk öncə inamsız şəkildə qarşılansa da, o, döyüşçülərin yığıncağında bunun faydalılığını nümayiş etdirə bildi. 1823-cü ilə qədər çeroki yazısı ümumişlək oldu. 1825-ci ildə isə Çeroki Milləti buna rəsmi status verdi.
1825-ci ildə Sekvoyya yeni bir əraziyə, Arkanzas ştatına yollanır və orada dəmirçiliklə məşğul olmağa başlayır. 1828-ci ildə o, Vaşinqtonda danışıqlarda iştirak etmişdir.
Ömrünün qalan hissəsini çerokilərin siyasi birliyi və Şimali Amerika hindularının ümumi yazı sisteminin yaradılmasına həsr etmişdir. O, 1843-1845-ci illər arası vəfat etmişdir.
Avstriyalı botanik Ştefan Endlixer Şimali Amerika sahillərində bitən sərvkimilər fəsiləsinə aid olan Sekvoya ağacını onun şərəfinə adlandırmışdır. Bu ağac dünyada ən hündür ağac hesab olunur. Hündürlüyü 110 metrə qədər çatır.