Sen-Simon Fondu (fr. Fondation Saint-Simon) — 1982-ci ildə tarixçi Fransua Füre tərəfindən əsası qoyulmuş Fransa araşdırma mərkəzi. Ziyalılar, jurnalistlər, yüksək rütbəli dövlət qulluqçuları, biznesmenlər də daxil olmaqla sahibkarlar və akademiklər Fondun üzvü ola bilərlər.[1][2] Fond araşdırma mərkəzlərinin beynəlxalq şəbəkəsi olan Haaqa Klubunun üzvüdür.[3] 1999-cu ildə fəaliyyətinə xitam verilmişdir. Hazırda üzvlərinin bir çoxu Le Siècle araşdırma mərkəzində fəaliyyətlərini davam etdirirlər.[4]
Sen-Simon Fondu | |
---|---|
Növü | Vəqf |
Yaranma tarixi | 1982 |
Ləğvolma tarixi | 1999 |
Mərkəzi |
Politoloq Pyer Rozanvallon hesab edir ki, Sen-Simon Fondu 1981-ci il prezident seçkilərində sol namizəd Fransua Mitteranın seçilməsi ilə yaradılmışdır. Fondun məqsədi siyasi klublar və universitetlərin nəzdindəki institutlardan tamamilə müstəqil sosial mübadilə şəbəkəsi yaratmaq idi.[5]
Sen-Simen Fondu totalitarizmin əksinə, demokratiya və iqtisadi liberalizmi dəstəkləyirdi. Fond universitetlər, biznes mühiti və dövlət idarəçiliyi arasında körpü yaratmaq arzusunda idi. Pyer Nora bu qurumu "ideyaları olan insanlarla vasitələri (məsələn, pulu) olan insanların görüşü" (fr. la rencontre de gens qui avaient des moyens avec des gens qui avaient des idées) kimi təsvir edirdi.
Araşdırma mərkəzi müxtəlif memorandumlar və tədqiqatlar dərc edirdi. 1990-cı illərdə Fransa siyasətinə həddindən artıq və bir növ gizli təsir göstərdiyi iddia edilən Fond getdikcə daha çox tənqidlərə məruz qalırdı.