Septemvri — Dobrinişte ensiz dəmiryolu xətti və ya 16 nömrəli xətt — Bolqarıstan dövlət dəmir yollarının son aktiv ensiz dəmiryolu xətti (760 mm). Septemvri şəhərindən Velingrad və Bansko yolu ilə Dobrinişteye aparır. Marşrut Rila və Rodope dağları arasından keçir və Pirin dağlarının şərqində bitir. Xəttin ümumi uzunluğu 125 km, orta səyahət müddəti təxminən 5 saatdır.
Septemvri — Dobrinişte ensiz dəmiryolu xətti | |
---|---|
Ölkə: | Bolqarıstan |
Tipi: | ensiz dəmiryolu xətti |
Qərargahı: | Septemvri |
Təsis etmə tarixi: | 1 avqust 1926 |
Uzunluq: | 125 km. |
1915-ci ildən bəri olan Rodop dağlarına gedişi təmin edən bir dəmir yolu fikri ortaya atılırdı. Bu zaman üç mümkün marşrut təklif edilir. Birinci Dünya müharibəsi zamanı, 1916-cı ildə hərbi səbəblərə görə ordu Nevrokop şəhərini (indiki Qotse Delçev) dəmir yolu şəbəkəsi ilə birləşdirilməsini istəyir və Sarambeydən (indiki Septemvri) Laceneyə (indiki Velingradın bir hissəsi) xəttin çəkilməsi araşdırılır. Ancaq müharibə bitəndə iş dayandırılır. Dəmir yolu xətti 1922 və 1945-ci illərdə bir neçə mərhələdə inşa edilmişdir. İlk mərhələ Septemvri - Velingrad 1926-cı il avqustun 1-də açılmışdır. Son hissəsi Bansko - Dobrinişte 9 dekabr 1945-ci ildə istismara verilir. Bu xəttin bir qolu, uzunluğu 16.6 km olan Varvara–Pazarçik xətti 2002-ci ildə bağlanmış və sökülmüşdür.
Marşrutun dağlardan keçməsi səbəbindən, bu dar ölçülü dəmir yolu çox vaxt Alp dağlarındakı dəmir yolları ilə müqayisə olunur. Ancaq onlardan fərqli olaraq, 16 nömrəli xətt elektrikləşdirilməmişdir. Elektrik vaqonlarının yerinə dizel lokomotivlərindən istifadə edilmişdir. Turistlər də buxar lokomotivi ilə daşınır.
1267 m yüksəklikdəki xəttdəki Avramovo stansiyası Balkanların ən yüksək dəmir yolu stansiyasıdır. Marşrut boyunca ümumi uzunluğu 2858 m olan 35 tunel inşa edilmişdir. Ən uzun tunel (№ 32) 314 m uzunluqdadır[1]. Sveta-Petka və Çern-Mesta stansiyaları arasında 4 spiralvari qalxış var[2][3].
1942-ci ilə qədər dəmir yolu xəttində sərnişin və yük daşınması 50076 və 60076 seriyalı buxar qatarları ilə həyata keçirilirdi (kiçik nömrələr cihazı göstərir). 1942-ci ildə sərnişin daşınmasını həyata keçirən «Ganz» teplovozları istifadəyə verilir. «Henschel» — Kassel 75 seriyalı lokomotivlərin meydana gəlməsi ilə buxar lokomotivlərinin istismarı dayandırılır.