Film respublikamızda ilk mexanizator qız, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevaya həsr olunmuşdur. Bu, Azərbaycanın şanlı qızı haqqında lirik hekayədir. Filmdə Sevilin tərcümeyi-halı üzərində çox dayanılmır, tamaşaçının diqqəti bütünlüklə qəhrəman qızın xarakterinə yönəldilmişdir.
Sevil Qazıyeva | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Zeynəb Kazımova |
Ssenari müəllifi | Vladimir Sinitsın |
Operator | Elxan Əliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1970 |
Texniki məlumatlar |
1 hissə 275 metr 35 mm |
Bu film yaradılanda Sevil Qazıyeva artıq dünyasını dəyişmişdi. Cəsur qızın pambıq tarlasında iş vaxtı faciəli ölüm xəbəri bütün Azərbaycan xalqını sarsıtdı, çünki onu hamı tanıyır və sevirdi.
Müəlliflər çəkiliş vaxtı çoxlu kino-foto sənədlərdən istifadə etmişlər. Biz Sevillə pambıq tarlasında görüşürük. O, rəfiqələri ilə birgə pambıqyığan kombaynların yanından vüqarla keçib gedir. Budur, o, sükan arxasında oturub maşını inamla idarə edir. Bu kadrlar Sevilin həyatının son illərində çəkilmişdir. Ona baxarkən inanırsan ki, bu qız öz əməyi sayəsində hələ çox zirvələr fəth edə bilərdi.
Film nikbin sonluqla bitir. Sevilin yerini başqa qızlar tutur. Sevilin maşını yenidən tarlada məğrur-məğrur irəliləyir. Onu Sevilin bacısı Sona Qazıyeva sürür.