Siemens Qardaşları mis əritmə zavodu

Siemens qardaşları Mis əritmə zavoduGədəbəy rayonunda XIX əsrin orataları XX əsrin əvvəllərində fəaliyyət göstərmiş zavod

Siemens Qardaşları mis əritmə zavodu
Ölkə  Azərbaycan
Şəhər Gədəbəy
Yerləşir Gədəbəy rayonu
Aidiyyatı Almaniya Siemens AG
Sifarişçi Simens qardaşları
Tikilmə tarixi 1865

Tarixi[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi.

1873-cü ildə burada təqribən 6 kilometr uzunluğunda kanat xətti çəkildi.1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır.

1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1885-ci ildə Gədəbəy Misəritmə Zavodu nəzdində Rus-alman məktəbi fəaliyyətə başladı.

1887-ci ildə Zaqafqaziyada birinci olaraq Qalakənd HES işə salındı və burada iri balıqçılıq təsərrüfatı yaradıldı. Qalakənd Misəritmə Zavodunda dünyada birincilər sırasında Siemens-Billiter elektroliz laboratoriyası quraşdırıldı və bu üsulla təmiz mis əldə edilməyə başlanıldı. 1892-ci ildə yanacaq tələbatı üçün Dəllər dəmiryol stansiyasından Çardaqlı kəndinə neft kəməri çəkildi, 1894-cü ildə həmin kəmər Gədəbəyədək uzadıldı. Bununla yanaşı, Gəncə şəhərindən gələn 84 kilometrlik teleqraf xətti işə salındı.

1891-ci ildə Qalakənd zavodunda elektroliz yolu ilə qızıl və gümüş istehsal olunurdu. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən isə bu işlər elektriklə görülmüşdür.

Rəsmi məlumatlara görə, Gədəbəy mədənlərində bütövlükdə 100 milyon yarım puddan çox mis filizi çıxarılmışdı. Simenslərin fəaliyyəti dövründə hər 18 min pud misdən 13 kiloqramdan artıq qızıl, 240 kiloqrama qədər gümüş alınmışdı. 1864-1914-cü illərdə Gədəbəy dağlarında 3 ton qızıl, 52 ton gümüş, 1867-1916-cı illərdə 640 ton kobalt istehsal edilmişdi.

Alman mütəxəssisləri tikinti, abadlıq-quruculuq işlərinə xüsusi fikir verirdilər. Qısa bir müddətdə kərpic-kirəmit zavodu inşa edildi. Burada o dövrdə alman memarlığında üstünlük təşkil edən qotik üslubda xeyli sayda ictimai binalar, yaşayış evləri tikildi, yeni istehsalat sahələri, onlarca körpü, tunel və su keçidi inşa olundu. Həmin obyektlərin bir hissəsi hələ də istifadədədir.

Gədəbəydəki mədən şəhərciyində "Siemens" şirkətinə məxsus həm sənaye, tikinti, həm də kənd təsərrüfatı məhsulları üzrə müvafiq satış yerləri, həftəlik bazar, mehmanxana, xəstəxana, teatr və rəqs salonu, kitabxana, yay və qış gəzinti sahələri mövcud olmuşdur. Simenslərin Gədəbəy və Qalakənd meşə massivlərində indiki turizm anlamına uyğun gələn bir sıra obyektləri var idi. Piyada və atla gəzinti, balıq tutmaq və çayda çimmək, tarixi və təbiət abidələrinə baxış yerləri və s.

Müxtəlif səbəblərə görə 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri başa çatmışdır.

Şəkillər[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]