Silahlı qüvvələrin təlim və tədris mərkəzi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi.

Təlim Tədris Mərkəzi
Əsası qoyulub 20 fevral 2001
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Bakı şəhəri, S.Vurğun küçəsi, 12
Sayt mod.gov.az/tehsil/ttm.ht…

Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir.[1]

2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib.[2]

5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir:

  • zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir;
  • ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir;
  • gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir;[1]
  • müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir.

II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir. Təlim və Tədris Mərkəzinin 500 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.

Xüsusi təyinatlı tədris müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi Milli Müdafiə Universitetinin tabeliyinə verilib.[1]

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi

[redaktə | mənbəni redaktə et]

1.1. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların fasiləsiz təhsil almaq imkanını, onların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən şəraitə uyğunlaşmasını təmin edən xüsusi təyinatlı dövlət əlavə təhsil müəssisəsidir.[3]

1.2. Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına hərbi-uçot ixtisasları üzrə ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətlərində əlavə təhsil verməkdir.[4]

1.3. Mərkəz hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, o cümlədən hərbi əmlak, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Müdafiə Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.4. Mərkəzdə təhsil əyani təhsilalma formasında, əlavə təhsil proqramları əsasında həyata keçirilir.

1.5. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.

1.6. Mərkəzin fəaliyyətinə lisenziya verilməsi və Mərkəzin akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[5]

1.7. Mərkəz dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.8. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.

1.9. Mərkəz Bakı şəhərində yerləşir.

  1. 1 2 3 "Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi" (az.). https://mod.gov.az. Archived from the original on 2022-06-16. İstifadə tarixi: 16 yanvar 2023.
  2. APA.az. "Armed Forces Training and Education Center holds an event entitled "The Azerbaijani-Turkish brotherhood is eternal and indestructible!" - PHOTO". apa.az (az.). 2020-12-31. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  3. 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215)
  4. "Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). https://e-qanun.az. Archived from the original on 2023-01-16. İstifadə tarixi: 16 yanvar 2023.
  5. 7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1803)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]