Milli Müdafiə Universiteti — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan ali hərbi təhsil müəssisəsi. Milli Müdafiə Universiteti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini vahid təhsil müəssisində birləşdirən qurumdur.[1]
Milli Müdafiə Universiteti | |
---|---|
Əsası qoyulub | 5 mart 2022 |
Tip | Hərbi Akademiya |
Rektor | Gündüz Əbdülov |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı şəhəri, S.Vurğun küçəsi, 12 |
Milli Müdafiə Universiteti 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə yaradılıb. Universitetin yaradılmasında əsas məqsəd Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsidir.[2]
Qərara əsasən əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində davam etdirəcəklər. Həmçinin Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi də Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərəcəklər.[3]
2022-ci ilin iyun ayında, əvvəllər Silahlı Qüvvələrin Hərbi Akademiyasına rəhbərlik edən professor, general-leytenant Heydər Piriyev, rektor vəzifəsində çalışmağa başlamışdır[4].