Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur.
Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır. E.ə. 72-ci ildə də Pontus kralı IV Mithridates Sinopda məbəd, teatr, gimnasium və saray tikdirib, şəhərin ətrafını də qala divarları ilə əhatəyə almışdır. Qala müxtəlif dövrlərdə Səlcuqlular (1215–1218), İsfəndiyaroğulları (1434) və Osmanlılar tərəfindən də 1451-ci ildə bərpa olunmuş və əlavələrlə zənginləşdirilmişdir. Bu dövrə aid 1215, 1218, 1434 və 1451-ci illərdə təmir olunması haqqında məlumatlar qala kitabələrində var. Bu kitabələrdə qala divarları inşa etdirən sərkərdələrin adları yazılmışdır. Səlcuqlular limana nəzarət məqsədilə qalaya bir iç qala əlavə ediblər, bürc və qüllələrlə də daha gücləndirmişlər.
Çınqıl daş, kəsmə daş və kərpic daşlarla xərc gücləndirilmiş və sur divarları ilə iç qala tikilmişdir. Qalanın bürclərini Səlcuqlu sultanı . I İzzəddin Keykavus 1215–1218-ci illərdə tikdirmişdir.
Sinopun cənubunda daxili limana baxan qala dəniz sahilində bir-birinin içərisinə keçmiş olaraq iki hissədən meydana gəlmişdir. Mənbələrdən qalanın dörd qapısı olduğu bildirilir. Ancaq Övliya Çələbi bu qapıların adlarını bildirmiş və onlara iki qapı daha əlavə etmişdir. Bunlar Qum qapısı, Meydan qapısı, Tərsanə qapısı, Yeniçəri qapısı, Dabağxanə qapısı və Loja qapısıdır. Həmçinin xarici qalada bir də dəniz qapısı yerləşirdi. Bu qapıların hər biri iki cüt qanadlı dəmir qapılardır
Sinop qalasının bugünkü vəziyyətinə görə, xarici qalanın uzunluğu şimalda 800 mt, şərqdə 500 mt, cənubda 400 mt, qərbdə 270 metrdir. Qala divarlarının qalınlığı 3 mt-ə qədərdir. Cənubdakı iç qala isə 9.500 m² bir sahədə tikilmişdir. Şimaldakı iç qala isə 16.875 kvadrat metr ərazidə inşa edilibdir.