Siyavuş Fərhad oğlu Qarayev (30 aprel 1942, Samux rayonu – 1 yanvar 2015, Bakı) — Azərbaycan Dövlət Neft Akademiyasının rektoru (1997–2005), üzvi kimya sahəsində alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), kimya elmləri doktoru (1981), professor (1984).[1][2]
Siyavuş Qarayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 2015 (72 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | kimyaçı |
Elmi fəaliyyəti | |
Elm sahəsi | üzvi kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri | |
Siyavuş Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olmuşdur. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1964-cü ildə Kimyaçı ixtisası üzrə universiteti bitirmişdir.[1][2]
Siyavuş Qarayev əmək fəaliyyətinə 1964-cü ildə təyinat üzrə SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda mühəndis kimi başlamış, sonra 1966-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi olaraq daavam etdirmişdir.[1]
Siyavuş Qarayev 1967-1970-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əyani aspirantı olmuşdur. Həmin institutda 1970-1981-ci illərdə böyük elmi işçi və dosent vəzifələrində çalışmışdır. Habelə "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi jurnalının baş redaktoru vəzifəsini icra etmişdir. O, bir neçə nüfuzlu elmi jurnalların, o cümlədən "Qoşa ulduz" ictimai-siyasi-beynəlxalq jurnalın və "Vışka" qəzetinin redaksiya heyətlərinin üzvü olmuşdur. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının üzvü olmuşdur.[1]
Siyavuş Qarayev 1982-ci ildən Üzvi və bioloji kimya kafedrasının müdiri, Doymamış karbohidrogenlərin heteroatomlu törəmələri problem laboratoriyasının elmi rəhbəri vəzifəsini icra etmişdir. 1988-1997-ci illərdə Kimya-texnologiya fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir. Akademik 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru kimi fəaliyyət göstərmişdir.[1]
Siyavuş Qarayev 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsini almışdır. 1984-cü ildə professor elmi adını qazanan Siyavuş Qarayev 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.[1][2]
Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S. Qarayev 600-ə yaxın elmi əsərin, eyni zamanda 70 müəlliflik şəhadətnaməsi və patent, 4 monoqrafiya, 17 dərslik və dərs vəsaitinin müəllifidir. Akademik 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə etmişdir. Onun rəhbərliyi altında 1 elmlər doktoru və 25 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Siyavuş Qarayev Çin Neft Universitetinin fəxri professorudur.[1]
Akademik Siyavuş Qarayev Üzvi kimya ixtisası üzrə doktorluq alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Şuraların üzvü olmuş, namizədlik alimlik dərəcəsi verən Dissertasiya Şuralarının sədri kimi fəaliyyət göstərmişdir. Habelə zərif üzvi sintez və kataliz üzrə Bakıda vaxtaşırı keçirilən beynəlxalq elmi konfransların təşkilatçısı və təşkilat komitələrinin sədri olmuşdur.[1]
Akademik Siyavuş Qarayev "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Eyni zamanda "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[1]
Siyavuş Qarayev 1 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]