Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat.[1] Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir.[2]
Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur.[2]
Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var.[1]
Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər. Qutuda heyvanın reaksiya verəcəyi azı bir qol, düymə və qida olmalıdır.[1]
Bunlardan əlavə, qutuya xəbərdarlıqedicilər – işıqlar, səslər, videolar daxil edilə bilər. Bu zaman qutu elektriklə işləyir.[1]
Skinner qutusu ilə aparılmış təcrübələrdə heyvanın düyməyə basma sayına, basma müddətinə, basma sürətinə, basma aralığına baxılaraq təcrübələr sinifləndirilmişdir.