Sorbus migarica

Miqariya quşarmudu (lat. Sorbus migarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Miqariya quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Miqariya quşarmudu 0,5-2,0 m hündürlükdə koldur. Tumurcuqları zəif keçətükcüklüdür. Yarpaqları az və ya çox dərəcədə dərivari, dəyirmidir, 5-10 sm uzunluqda, 4,5-8 sm enindədir, yuxarı hissəsi kütdür. Yan damarlarının sayı 8-10 cütdür. Üst səthi damarlardan başqa çılpaq və ya zəif tükcüklüdür. Alt səthinin damarlarının arası sıx ağ keçəvari tükcüklü, damarların üzəri isə çox zəif tükcüklüdür. Ona görə də damarlar daha tünd rəngi ilə aydın seçilirlər. Yarpağın kənarı aşağı hissədən tamkənarlı, yuxarıya doğru hissəsi isə (1/8-1/3) dişciklidir. Dişciklər kiçik və iti olub, hər tərəfdə onların sayı 20-25 ədəddir. Yarpaq və çiçək saplağı qısa və ağ keçətükcüklüdür. Kasacığı ağ keçətükcüklü olub, çiçəkləmədən sonra aşağı əyilən üçbucaq şəkilli dişciklidir. May-iyun aylarında çiçək açır, sentyabr-oktyabrda isə meyvəsi yetişir. Yetişmiş meyvələri tünd qırmızımtıl olub 1,1-1,3 sm uzunluqda, 1,0-1,2 sm enindədir.

Orta və yüksək dağlıq qurşaqlarında dəniz səviyyəsindən 1800-2100 m hündürlüklərdə palıd meşələrində, meşənin yuxarı sərhəddi boyunca daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında, əhəngdaşlı torpaqlarda yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da Ordubad rayonunun Məzrə və Urmus kəndləri arası (16.08.1933, Karyagin) və Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə ardıc, zirinc, palıd, yemişan, armud, alma, itburnu və s. növləri ilə birlikdə və ya tək-tək bitir.

Çiçəkləmə və meyvə əmələgətirmə dövründə dekorativ görünüşə malik olur.

  1. The Plant List (ing.). 2010.