Startap

Startap (ing. dilində startup company, startup), miqyaslana biləcək bir biznes modeli öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihədir[1]. Adətən startapların əməliyyat tarixi qısa olur və onlar qısa müddət ərzində ya uğurlu şirkətlərə çevrilir yaxud uğursuzluqla üzləşib müflis olurlar. Startap və sahibkarlıq anlayışları oxşardır. Halbuki, sahibkarlıq anlayışı bütün yeni müəssisələrə əhatə edir. Buraya özünüməşğulluq fəaliyyəti, və böyümək niyyətində olmayan müəssisələr də daxildir. Startap isə yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür[2].

Ümumi mənası və tarixi

[redaktə | mənbəni redaktə et]

Startap termini ilk dəfə 1973-cü ilin avqustunda Forbes və 1977-ci ilin sentyabrında Business Week jurnallarında istifadə edilmişdir[3]. Konsepsiya 90-cı illərdə dildə daha da möhkəmləndi və dotkom iqtisadi köpüyün ortaya çıxması zamanı geniş yayıldı[4].

Müştəri inkişafı metodologiyasının yaradıcısı (ing. customer development), amerikalı təşəbbüskar Stephen Blank, startap anlayışını "miqyaslana bilən bir biznes modelinin araşdırılması zamanı yaranan müvəqqəti quruluş" olaraq təyin etdi[5]. "İqtisadi startap" kitabının müəllifi və sahibkarlıqda iteraktiv yanaşmanın ideoloqu Eric Ries qeyd edir ki, startap yüksək qeyri-müəyyənlik şəraitində yeni bir məhsul və ya xidmət yaradan bir təşkilat adlandırıla bilər[6]. Sahibkar, vençur kapitalist və esseist, Y Combinator akseleratorun qurucusu Paul Graham, sürətli böyüməyi startapların əsas xarakteristikası hesab edir (həftədə 4% −7%)[7]. PayPal-ın həmtəsisçisi, ilk Facebook investoru Peter Thiel da Paul Graham ilə həmfikirdir[8]. Startap durğunluq vəziyyətinə düşsə, o zaman zombi şirkətinə çevrilir.

Startap reytinqində iştirak edənlər üçün bu xarakteristikalar adətən şirkətin yaşı, işçilərin sayı, mənfəət və böyümə, məhsulun yüksək texnoloji xüsusiyyəti, təsisçilərin şirkətə nəzarəti və mütəxəssis münsiflər heyəti tərəfindən şirkətin potensial qiymətləndirməsidir[9][10][11]. Bununla birlikdə, Pol Graham iddia edir ki, startap adlanmaq üçün texnoloji yenilik və vençur maliyyələşməsi mütləq deyil.

Bəzi startap qurucuları, startapları mədəni bir hadisə kimi görürlər — bütün komanda üzvlərinin ortaq dəyərləri və hər bir işçinin ümumi hədəfə verdiyi töhfəsi kimi hisslər. Onlar bildirirlər ki, şirkətin ölçülərindən asılı olmayaraq bu mədəniyyəti qoruyub saxlamaq, komandanı bir startap hesab etməyə imkan verir[12].

Startaplar adətən yüksək qeyri-müəyyənliklə qarşılaşırlar və bu səbəbdən, uğursuz olma ehtimalları yüksəkdir. Buna baxmayaraq, uğur yolunu qət etməkdə davam edən az sayda şirkətlərin böyük və nüfuzlu olmaq potensialı var[13]. Bəzən startapların dəyəri 1 milyard dolları keçə bilir və o zaman onlar yunikorn adlanmağa başlayır.

Startaplar, bir qayda olaraq hər hansı bir problemi həll etmək üçün bir yol tapan bir və ya bir necə təsisçi tərəfindən başlanılır. Startap təsisçiləri bazar şəraitini yoxlayıb təsdiqləmək üçün, öncə həmən bazarda müəyyən bir problemi araşdırıb, daha sonra problemin həllini tapıb və nəhayət minimum işlək məhsul (MİM) yaradır. Startap prosesi uzun bir müddət ala bilər (bəzi hesablamalara görə, 3 il və ya daha çox) və buna görə də davamlı səy tələb edir. Startapların uğursuzluq ehtimalının çox olması və qeyri-müəyyənlik kimi səbəblərdən, uzun müddət ərzində davamlı səy göstərmək xüsusilə çətindir.

İnkişaf mərhələləri

[redaktə | mənbəni redaktə et]

Startapların inkişafını təsvir etmək üçün hər hansısa bir universal yanaşma mövcud deyil. İnkişaf mərhələləri startap qurucularının verdiyi qərarlardan, şirkətin qarşıda qoyduğu hədəflərdən və xarici maliyyələşdirmənin cəlb edilməsindən asılı olaraq dəyişə bilər[14].

Müştəri inkişafı

[redaktə | mənbəni redaktə et]

Stiven Blank tərəfindən "Anlamaq üçün dord addım" kitabında təqdim olunan bu model, müştərilərin ehtiyaclarını aydınlaşdırmağa əsaslanır. Müştəri inkişafı modeli, startapın sabit bir şirkətə çevrildiyi dörd mərhələni təsvir edir:

  • İstehlakçıların müəyyənləşdiriliməsi — mərhələsində startap, məhsulunun hansı üsulla potensial müştərilərinin problemlərini həll etdiyinə dair fərziyyələr qurur.
  • İstehlakçının təsdiqi — zamanı fərziyyələr yoxlanılır, satış planı və marketinq strategiyası hazırlanır, və şirkətin erkən istehlakçıları tapılır. Bu mərhələnin uğursuz olduğu halda, startap "İstehlakçıların müəyyənləşdiriliməsi" mərhələsinə qayıdır.
  • İstehlakçıların cəlb edilməsi — mərhələsi, məhsulun faydalılığı təsdiq olunandan sonra başlayır. Startap məhsul satışlarına başlayır və marketinqə sərmayə ayırır.
  • Şirkətin yaranmağı — startapların son məqsədləridir. Gələcəkdə inkişaf məqsədilə, şirkət strukturu və biznes prosesləri formalaşdırılır.

Startap investisiyası

[redaktə | mənbəni redaktə et]

Startap dəyəri

[redaktə | mənbəni redaktə et]

Bir şirkətin dəyəri texnologiyasına söykənirsə, şirkət qurucuları üçün əqli mülkiyyət qorunması əldə etmək vacibdir. The Economist qəzeti bildirir ki, ABŞ ictimai şirkətlərinin dəyərinin 75% -ə qədəri onların əqli mülkiyyətindədir (1980-ci ildə 40% -ə qədər)[15]. Hal-hazırda, çox vaxt kiçik bir startap şirkətinin dəyərinin 100% -i intellektual mülkiyyətinə əsaslanır. Bu səbəbdən texnologiyaya əsaslanan startapların intellektual kapitallarını mümkün qədər erkən qorumaq üçün, sağlam bir strategiya hazırlamaları vacibdir[16]. Xüsusən yeni texnologiya ilə əlaqəli olan startaplar bəzən yaradıcılarına və investorlarına böyük gəlir gətirirlər. Bunun üçün ən yaxşı nümunə, yaradıcıları şirkət səhmlərinin mülkiyyətindən milyarder olmuş Google-dur.

Maliyyələşmə

[redaktə | mənbəni redaktə et]

Vençur investisiya yatırımlarının mövcud təcrübələri onu göstərir ki, startapların maliyyələşdirməyi bir neçə mərhələdən ibarət olur. Onların hər birində şirkət davamlı inkişafı təmin etmək və növbəti investisiyalara nail olmaq üçün kifayət qədər vəsait cəlb edir.

  • Toxum maliyyəsi (ing. dilində "Seed Funding") — maliyyə cəlb edilməsinin ilk mərhələsi olaraq, sərmayələrin əsasən təsisçilər, onların ailəsi və dostlarından formalaşmağı nəzərdə tutulur. İngilis dilində yer alan 3F ixtisarı, startapların ilkin sərmayə mənbələrini təsvir edir — friend, family, fools (ing. dilindən — "dosltar, ailə, və səfehlər")[17]. Komandanın yerləşmə xərcləri, biznes planının və məhsulun prototipinin hazırlanması bu vəsaitlər hesabına ödənilir. Bundan əlavə olaraq, toxum maliyyəsi mərhələsində "Mələk İnvestorlar" da mühüm yer alır. Mələk yatırımları şirkətlərin inkişafında iştirak etməkdə maraqlı olan özəl investorlar tərəfindən təmin edilir. Şirkətə maliyyə kapitalı ilə dəstək verən mələk investor, adətən idarə heyətində bir yer qazanır və təsisçilərin bəzi qərarlarına veto qoya bilir. Bu mərhələdə, startap daxili heyətini genişləndirmək, məhsulun ilk versiyasının işlərini başa çatdırmaq və erkən müştərilər cəlb etmək imkanını əldə edir. Müstəsna hallarda vençur investorlar toxum maliyyəsi mərhələsində iştirak edir.
  • Seriya A (ing. dilində "Series A" — toxum maliyyəsindən sonra başlayan "Erkən Mərhələ"-nin (ing. dilindən "Early Stage") ilk investisiya seriyasıdır. Bu mərhələdə artıq mələk investorlarla yanaşı, vençur kapital şirkətləri də iştirak edir. Bu maliyyələrin həcmi əvvəlki mərhələlərlə muqayisədə qat-qat böyük olur. Bu səbəbdən, Seriya A mərhələsinə çatmaq üçün startapın artıq tam hazır məhsulu, gələcək strategiyası, müştəriləri və gəlirləri olmalıdır.

Seriya A investisiya seriyasından sonra "Seriya B", "Seriya C", "Seriya D" və s. seriyaları davam edə bilir. Bunlar adətən "Erkən Mərhələ"-dən sonra gələn "Sonrakı Mərhələ"-nin (ing. dilindən "Later Stage") parçalarıdır. Burada startapların məqsədi şirkətlərin inkişafı üçün lazım olan əlavə sərmayənin tapılmasıdır. Seriya A-da olduğu kimi, investor rolunda iştirak edənlərin əsas qismi vençur kapitallardır. Vençur maliyyə, startapa IPO mərhələsinə çatmağa kömək edir. Halbuki, şirkət IPO mərhələsindən öncə digər şirkətlər tərəfindən alına və yaxud hər-hansı bir şirkətlə birləşə bilər. Hər bir halda, startaplar bununla "Çıxış strategiyası"-nı (ing. dilindən "Exit strategy") yerinə yetmiş olurlar.

Startap investisiyası tarixi

[redaktə | mənbəni redaktə et]

ABŞ-də Böyük Böhran baş verəndən sonra, qanun tərəfdən tənzimlənməyən kiçik şirkətlərə spekulyativ investisiyaların artmasını əsas səbəb kimi günahlandırdılar. Ona görə, startap investisiyası əvvəllər həmtəsisçilər və ailələri, dostlar, biznes mələkləri və Vençur Kapital fondları arasında gəzən və rəsmi sayılmayan bir söz idi. Bu, ABŞ-də 1933-cü ildə Qiymətli Kağızlar Qanununun tətbiqindən sonra bu halı almışdır. Bir çox ölkələr, startap şirkətlərinin təklif etdiyi səhmlər də daxil olmaqla qeydiyyata alınmamış qiymətli kağızları qadağan etmək üçün oxşar qanunvericiliyi tətbiq etdi. 2005-ci ildə, Y Combinator tərəfindən yeni Akselerasiya investisiyası modeli təqdim olundu. Bu model, sabit şərtlərlə investisiya modelini və sürətli bootcamp üslubunda təlim proqramını birləşdirir. Bu cür təlimlər, startap yaradıcılara şirkətlərini sistematik böyüməyini təmin etməyə kömək edir.

Startapların dəstəklənməsində universitetlər, biznes məktəblər, texnoparklar, qrant proqramları, biznes-mələk cəmiyyətləri və fondlar, biznes inkubatorları və akseleratorlar, kraudfandinq (ing. dilindən crowdfunding) platformaları, sənaye konfransları və peşəkar cəmiyyətlər iştirak edir. Onların birləşməsi "ekosistem" yaradır, yeni startapların və digər müəssisələrin yaranması və inkişafı üçün şərait yaradır[18][19].

Məsələn, Massaçusets Texnologiya İnstitutu ətrafında yüksək texnoloji sahibkarlıq infrastrukturunu formalaşdırmışdır. 50 il ərzində institutun tələbə, məzun və müəllim heyəti tərəfindən yaradılan şirkətlərin ümumi məhsulu böyük dünya iqtisadiyyatı ilə müqayisə olunur. 1997-ci ilin məlumatlarına görə ümumilikdə bu şirkətlər, ölkəni 1,1 milyondan çox iş yerləri ilə təmin etmişdir. İnstitutdakı texnoloji yenilik mərkəzində yeni ideyalar prototipləmə və inkişaf üçün qrant dəstəyi ala bilər. Seçilmiş prototiplər Sloan İdarəetmə Məktəbinin institutuna daxil olan iTeams proqramında iştirak edir[20]. Bu biznes laboratoriyasında tələbələr müxtəlif biznes modelləri ilə təcrübələr aparır və bazar həllini tapır. Yaradılmış layihələr, 2000-ci ildən bəri mövcud MİT-nin Müəssisə Mentorinq Xidməti çərçivəsində mentor dəstəyi ala bilər və ya institutun tədbir və müsabiqələri çərçivəsində maliyyələşdirilə bilər[21].

Startap ekosisteminin başqa bir nümunəsi Stanford Universiteti və böyük texnoloji korporasiyaların fabrikləri ətrafında qurulan, San Jose və Palo Alto şəhərləri arasındakı San-Fransisko körfəzi sahillərinin qırx kilometrlik bir zolağını əhatə edən Silikon Vadisidir[22]. Bu Vadi, amerikan vençur kapitalının mərkəzidir. Startapları ilkin mərhələlərdə dəstəkləmək üçün, burada 100 ən böyük fonddan 49-unun baş ofisləri və tanınmış startap akseleratorlar fəaliyyət göstərir[23].

2012 Startup Genome hesabatının bir hissəsi olaraq, araşdırmaçılar dünyanın ən böyük startap ekosistemlərinin siyahısını tərtib etdilər. Siyahıya Silikon Vadisi, Tel Aviv, Los Angeles, Seattle, New York, Boston, London, Toronto, Vancouver, Chicago, Paris, Sidney, Sao Paulo, Moskva, Berlin, Kanada Waterloo, Sinqapur, Melburn , Bangalore və Santiago daxildir[24].

Daxili startaplar korporativ sahibkarlığın bir formasıdır. Nəhəng və uğurlu şirkətlər, korporativ mühitdə yeniliyi təşviq etmək üçün, "daxili startap" qururlar. Buna misal olaraq Bell Corporation-un tərkibində bir araşdırma bölməsi olan Bell Labs və Target Corporation (Dayton'un mağazalar şəbəkəsinin daxili startapı) göstərmək olar[25]. Daxili startapları öz şirkətlərində yaratmaq üçün, Google kimi şirkətlər satın alınan startapları və komandaları ofislərində yüksək komfortla təchiz edirlər və hətta itləri ilə işə gəlməyinə icazə verir.

  1. "What is a startup?". 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  2. ""The Differences between Entrepreneurs and Startup Founders"". 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  3. John Simpson and Edmund Weiner. The Oxford English Dictionary. — United Kingdom: Oxford University Press, 1989. ISBN 978-0-19-861186-8. Arxivləşdirilib 2019-04-27 at the Wayback Machine
  4. "In and Around Language: What's Up with "Startup"?". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  5. "In and Around Language: What's Up with "Startup"?". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  6. "Кирилл Бигай: Так что же такое стартап?". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  7. "Startup equals growth". 2015-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  8. "Zero to One summary: Peter Thiel's advice on startups". 2015-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  9. "Самые интересные стартапы 2013 года". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  10. "What Is A Startup?". 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  11. "Инновационные стартапы в России: проблемы создания и маркетингового продвижения". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  12. "What Is A Startup?". 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  13. "Why startups fail, according to their founders". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  14. "Stages of a startup (infographic". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  15. "Intellectual Property Accounts for Over Half the Value of Publicly Traded Companies in the U.S". 2019-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  16. "What Business Owners Should Know About Patenting". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  17. "Early-Stage Startups Need Friends, Family, and Fools". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  18. "Методология создания самоорганизуемой российской экосистемы инновационного бизнеса". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  19. "The accelerator and incubator ecosystem in europe". 2016-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  20. "Методология создания самоорганизуемой российской экосистемы инновационного бизнеса". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  21. "Startups: a hidden lifestyle at MIT". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  22. "6 key moments in history that made Silicon Valley the tech capital of the world, according to a historian". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  23. "VC 100: The Top Investors in Early-Stage Startups". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  24. "Startup Genome Ranks The World's Top Startup Ecosystems: Silicon Valley, Tel Aviv & L.A. Lead The Way". 2015-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  25. "BELL LABS, SKUNK WORKS, AND THE CROWD SOURCING OF INNOVATION". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.