Sualtı əkinçilər (rus. Подводные земледельцы) - Aleksandr Belyayev tərəfindən 1930-cu ildə elmi-fantastika janrında yazılmış roman.
Sualtı əkinçilər | |
---|---|
rus. Подводные земледельцы | |
Müəllif | Aleksandr Belyayev |
Janr | Elmi-fantastika |
Orijinalın dili | rus dili |
Orijinalın nəşr ili | 1930 |
Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir. Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər. Yapon sualtı gəmisi güclü elektromaqnit dalğası ilə məğlub edilir. Ziyankar yapon dəstəsinin başbiləni isə komunizmin tərəfinə keçən dənizçilərə görə özünü harakiri ilə öldürür.
Aleksandr Belyayevdən ilham alaraq onun bu sualtı dünya ideyasını reallaşdıranlar da tapıldı. Belə ki, 1966-cı ildə Ukrayna ərazisindəki Tarhankut adlı yarımadada bir qrup dağ mexaniki və texniki və elm adamlarının iştirakı ilə İxtiandr-66 layihəsi reallaşdırılmağa başlandı. Qısa müddət ərzində həcmi 6 kubmetr olan sualtı evcik hazırlandı və ilkin sakinlərini bağrına basdı. İlkin sakini Aleksandr Haes adlı cərrah olmuşdur. Hadisə ictimailəşdirildikdən və mediada işıqlandırıldıqdan sonra dövlət qurumlarının və dünya ictimayətinin marağını cəlb etdi. İxtiandr-67 adlı layihə isə Laspi körfəzində 12 metr dərinlikdə həyata keçirildi. Sakinlər bu evdə 2 həftə yaşadılar. Üçguşəli ulduz formasında hazırlanan bu ev, öncəkindən 28 kubmetrlik həcmi və 4 otaqlı olmaqla fərqlənirdi. Sualtı evdə hətta ev heyvanları da təcrübə kimi saxlanıldı. İxtiandr-68 layihəsi də reallaşsa da, digərlərinə maraq azaldı və tədricən növbəti gələcək layihələr təxirə salındı. Buna baxmayaraq "İxtiandr" layihələri sualtı dünyanın öyrənilməsi üçün böyük təkanverici qüvvə oldu.