Subduksiya — Subduksiya iki plitənin bir-birinə qarşı hərəkət etməsi nəticəsində yaranır. Onları ayıran sərhəd konvergent sərhəd adlanır. Bu zaman sıxlığı daha çox olan plitə digərinin altına enərək mantiyaya daxil olur. Bəzən sıxlığı çox olan deyil, sıxlığı az olan plitə mantiyaya doğru enir. Bu proses obduksiya adlanır.
Pangeya parçalanmağa başladıqdan sonra plitələr kənarlara doğru böyük bir məsafədə hərəkət etmişlər. Bu plitələr qarşısına çıxan okean plitəsi və mikroplitələr ilə subduksiya növ sərhəd əmələ gətirmişdir. Bu gəminin açıq hövzədə üzməsinə bənzədilə bilər. Onun qarşısında gəminin bacasına bənzər vulkanik ada qövsü, yük sahəsinə bənzər passiv qitə kənarı yerləşir.
Hazırkı subduksiya növ sərhədlər Sakit okean boyu daha geniş yayılmışdır. Bununla da Sakit okeanın 2/3 hissəsi udulmaya cəlb olunur. Burada olan subduksiya Şimali Kordilyerlər, Alyaska, Aleut adaları, Kuril adaları, Yapon dənizi, Filippin dənizi, Melaneziya adaları və Yeni Zellandiyanı əhatə edir. Bundan başqa Karib dənizi, Zond adaları və digər sahələrdə subduksiya baş verməkdədir.
Obduksiyaya subduksiyanın bir növü kimi baxmaq olar. Lakin, burada okean növ qabıq kontinental qabığın üzərinə doğru hərəkət edir. Bu prosesin sürəti çox az olduğu üçün kiyafayət qədər inkişaf edə bilmir və mürəkkəb qırışıqlıq yaradır.
Bu proses iki kontinental qabığın qarşı-qarşıya gəlməsi nəticəsində yaranır. Bu prosesin nəticəsində intensiv qırışıqlıq sahələri yaranmış olur. Bunlara misal olaraq Alp-Himalay qırışıqlığı boyu yerləşmiş sahələri misal göstərmək olar. Kolliziya zonaları qalıq subduksiyanın yaranmasına da şərait yaradırlar. Bu növ subduksiya prosesinin sürətinə kolliziya zonaları tərəfindən nəzarət olunur.