Sultan I Murad və ya Məşhəd-i Hüdavəndigar türbəsi (Albanca: Tyrbja e Sulltan Muratit; Serbcə: Grob Sultana Murata / Гроб Султана Мурата) — Kosovoda Priştina-Mitrovitsa yolunda yerləşən türbə. Türbə Priştinadan 6 km məsafədə yerləşir. Osmanlı imperiyası sultanlarından Sultan I Muradın müharibədə həlak olduqdan sonra onun daxili orqanlarının dəfn olunduğu yerdir.
Sultan I Murad türbəsi | |
---|---|
42°42′06″ şm. e. 21°06′15″ ş. u. | |
Ölkə | |
Yerləşir | Priştina rayonu |
Üslubu | Osmanlı memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Bina Kosovonun ən qədim Osmanlı memarlığı nümunələrindən biridir. Tikili XIV əsrdə tikilmişdir. İndiki bina XIV əsrdə tikilmiş binanın orijinalı deyildir. Dəfələrlə zədələndikdən sonra təmir edilmişdir. Yerli əhali tərəfindən bölgədə türklüyün və İslamın simvolu kimi qəbul edilir.[1]
Sənədlərdən məlum olur ki, türbə bu günə qədər bir neçə dəfə təmir olunub. 1660-cı ildə Mələk Əhməd paşanın yanında olaraq türbəni ziyarət edən Övliya Çələbi məzarın baxımsız olduğunu qeyd edir. Bu səbəbdən də Əhməd paşa türbənin təmiri üçün müsəlman xalqına 1000 akça vermiş, türbənin təmizlənməsi üçün gətirdiyi ustalarla bir həftə ərzində hündür divar və qapı tikdirmiş, bir çox növ meyvə fidanları əkdirmişdir. Burada bulaq da inşa etdirmişdir.[2]
Məqbərə 1845-ci ildə Sərəsgər Hürşid Paşanın göstərişi ilə başdan-başa təmir edilmişdir. 1866-cı ildə aparılan təmirdə türbənin həyətində bulaq tikilib.[3] 1884-cü ildə əsaslı şəkildə təmir edilmiş və Sultan Əbdülməcidin əmri ilə əslən Buxaralı olan Hacı Əli 300 kuruş maaşla məqbərəyə türbədar olaraq təyin edilmişdir.[4]
Türbəni ziyarət edənlərə istirahət və sığınacaq təmin etmək üçün Sultan II Əbdülhəmidin göstərişi ilə 1896-cı ildə iki mərtəbəli malikanə tamamlandı.[5]
Sultan II Əbdülhəmid tərəfindən türbə 1907-ci ildə də yenidən təmir edilmişdir. 16 iyun 1911-ci ildə V Mehmed Rəşadın Kosovoya səfərindən öncə türbə təmir edilmiş, həyətinə yonma daş düzülmüş, yeni bulaq (bu gün mövcud olan) tikilmiş, türbənin cari təmir kitabəsi qoyulmuşdur.[6]
1912-ci il Balkan müharibəsindən sonra məzarın baxımını Serbiya hökuməti öz üzərinə götürdüyü üçün Türkiyə ilə Serbiya arasında 1914-cü il martın 1–14-də İstanbulda imzalanan sülh müqaviləsinin 10-cu maddəsində, türbə və bununla bağlı bütün xərclərin Türkiyə tərəfindən qarşılanacağı bildirilirdi. Birinci Dünya müharibəsinin başlaması ilə bu müqavilə ləğv edildi. İkinci Dünya müharibəsindən sonra məqbərə dövlətin himayəsinə götürülüb və 1960–61-ci illərdə əsaslı təmir olunub.[7]
1989-cu ildə Birinci Kosovo döyüşünün 600-cü ildönümünün qeyd olunması ilə əlaqədar məzarın bərpası da Yuqoslaviya dövləti tərəfindən layihələndirilib, lakin təmir türbənin ağardılması şəklində aparılıb. 1992-ci ildə Kosovoya səfəri zamanı məzara gələn Türkiyə Respublikasının mədəniyyət naziri Namiq Kamal Zeybək məzarın zədələndiyini şəxsən müəyyən edir. Səfərdən sonra Türkiyəyə qayıdan kimi o, türbənin təmiri üçün maliyyə dəstəyi verərək Mədəniyyət Nazirliyi, Abidələr və Muzeylər Baş İdarəsi, baş direktor müavini arxeoloq Əhməd Ertəkin və Relyef Abidələri Direktorunun müavini, Usta Memar Bərpa Mütəxəssisi Nurəddin Sərhad Akcanı oraya göndərir.[8]
Meşhəd-i Hüdavəndigarın son təmiri 2005-ci ildə edilib. Bu genişmiqyaslı təmirdən sonra türbə indiki formasını almışdır. Bərpa işləri Türkiyənin maliyyə dəstəyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Diyanət Fondu və Kosovo Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilib.[9]
Sultan I Muradın Kosovo düzündə gedən döyüşdə ölümündən sonra türbənin ilkin variantı Sultanın oğlu Sultan İldırım Bəyazidin əmri ilə taxta basdırılmış bu yerdə inşa edilmişdir. Əsrlər boyu tədqiqatçılar tərəfindən tədqiq edilmiş türbə tarixi, memarlıq üslubu və vəziyyəti ilə böyük diqqət çəkmiş, haqqında çoxlu məqalələr dərc edilmişdir.[3]
Məşhəd-i Hüdavəndigar Kosovonun paytaxtı Priştinanın şimal-qərbində yerləşir. Bu, 1389-cu ildə Birinci Kosovo döyüşünün aparıldığı Kosovo düzənliyidir. Türbənin yaxınlığında Məscid kəndi yerləşir. Türbə Priştinanın altıncı kilometrində yolun solunda, Priştinaya və ondan sonrakı ən böyük şəhər Vuçitrına gedən yolda yerləşir.
Bina Türbədarlar nəslinin bugünkü üzvləri tərəfindən qorunur. Türbə kompleksinin həyətində, türbənin arxasında Türbədar ailəsinin iqamətgahı yerləşir.