Suriyada islamçıların üsyanı

Suriyada islamçıların üsyanı (ərəb. تمرد الإخوان المسلمين‎; "Müsəlman Qardaşlığı" üsyanı) — 1976–1982-ci illərdə Suriyada baş vermiş, əsasən "Müsəlman Qardaşlığı" təşkilatının üzvləri olan islamçı sünnilər tərəfindən bir sıra silahlı etirazlar. İslamçıların hücumları əsasən hakim Bəəs Partiyasına, eləcə də nüseyri müsəlmanlarına qarşı yönəlmişdir. Ölkə prezidenti və dövlətin bir çox məsul şəxsləri, o cümlədən Bəəs Partiyası, Suriya təhlükəsizlik xidmətlərində vəzifəli şəxslər bu icmanın nümayəndələri idi. Üsyanın ən tanınan epizodu hökumət qoşunlarının Həma şəhərinə basqın etməsi idi. Hadisə nəticəsində müxtəlif hesablamalara görə 2 mindən 40 minə qədər insan həlak olmuşdur.

Suriyada islamçıların üsyanı
Tarix 28 fevral 1982
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Müsəlman Qardaşlığı" ilə Bəəs arasında ilk toqquşmalar sonuncunun 1963-cü il dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsindən az sonra başlamışdır. 1964-cü ildə ölkədə "Müsəlman Qardaşlığı"nın fəaliyyəti qadağan edilmişdir.

1976-cı ildə Suriyanın Livanı işğal etməsindən qısa müddət sonra yüksək rütbəli nüseyri suriyalılara qarşı bir sıra sui-qəsdlər baş vermişdir. Hökumət qətllərdə "Müsəlman Qardaşlığı"nı günahlandırmışdır. "Müsəlman Qardaşlığı"nın üzvləri 1979-cu ildə Hələbdəki hərbi akademiyada onlarla nüseyri kursantları öldürmüşdür. Bu hadisələr Bəəs və nüseyrilərə qarşı yönəlmiş genişmiqyaslı terror fəaliyyətinin başlanğıcı idi. Təkcə Hələbdə 1971–1981-ci illər arasında əksəriyyəti nüseyri və Bəəs üzvləri olan 300 nəfər öldürülmüşdür.

1980-ci ilin martında kütləvi küçə etirazları dalğası bütün Suriyanı bürümüşdür və bu aksiyaların çoxunda polislə toqquşmalar baş vermişdir. Nümayişlərdə həm islamçılar, həm də sekulyar təşkilatlar iştirak etmişdi. Hakimiyyət etirazları zirehli texnika və helikopterlərin dəstəklədiyi qoşunların köməyi ilə yatırmışdır.

Mühafizəkar və islamçı hisslərin əsas qalası Həma şəhəri idi. 1982-ci ildə hökumət qoşunları əhalisi qiyam qaldıran şəhəri ələ keçirmişdir. Həmanın ələ keçirilməsindən sonra Müsəlman Qardaşlığı"nın fəaliyyəti tədricən dayanmışdır.

  • Carré, Olivier and Gérard Michaud. Les Frères musulmans : Egypte et Syrie (1928—1982). Paris: Gallimard, 1983.
  • Seale, Patrick, Asad, the Struggle for the Middle East, University of California Press, 1989.