Suzada toy mərasimi

Suzada Makedoniyalı İsgəndərin evlənməsi.

Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi.[1] Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi.

Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib.[2][3][4] Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.[5]

Toy mərasimi 5 gün davam etdi.[6] Mərasim üçün nəhəng çadır qurulmuşdu. İçəridə bir tərəfdən gəlinlər üçün, digər tərəfdə xüsusi qonaqlar üçün oturacaqlar qurulub. Bayırda yemək masaları salınıb. İlk izdivac İsgəndərin izdivacı oldu. Mərasimin gedişatında gəlinlər bir-bir zala daxil olurdu, bəylər onlara yaxınlaşıb əlindən öpürdü. Bəylər ilahələrə qurban kəsirdi. Qonaqları musiqiçilər, müğənnilər və sehrbazlar əyləndirirdi. İsgəndər gəlinləri öz adından dəyərli cehiz ilə təmin edirdi, bundan başqa hər qonağa bir qızıl kubok bağışladı.

  1. Worthington, Ian. Alexander the Great: A Reader. Routledge. 2012. səh. 46. ISBN 978-1136640049.
  2. Arrian. İsgəndərin yürüşü. VII. 4. 4-8.
  3. Siciliyalı Diodor. Tarixi kitabxana. XVI. 107. 6.
  4. Plutarx. İsgəndər. 70.
  5. Играр Алиев. Очерк истории Атропатены (rus). Bakı: Azərnəşr. 1989. səh. 56. ISBN 5-552-00480-9. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  6. Mitilenalı Xares. İsgəndərin tarixi. fragment 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]