Svetlana Məmmədova

Svetlana Məmmədova (1939, Naxçıvan20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi.[1]

Svetlana Məmmədova
Doğum tarixi 1939
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20)
Vəfat yeri
Dəfn yeri

Svetlana Məmmədova 1939-cu ildə Naxçıvan şəhərində anadan olmuş Svetlana Məmmədova yüksək molekullu birləşmələr kimyası üzrə görkəmli alim idi. Ölümündən iki il əvvəl doktorluq işi müdafiə etmişdi. Svetlana xanımdan doğmalarına bir qız övladı, 130-dan çox elmi əsər və unudulmaz xoş xatirələr yadigar qalmışdır[2].

20 yanvar 1990-cı ildə şəhid olmuşdur.

Svetlana Həmid qızı Məmmədova 1939-cu il dekabrın 18-də Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan şəhər orta məktəbin birinci sinfinə daxil olmuş, 1957-ci ildə orta təhsilini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiyası fakültəsinə qəbul olmuş və 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Sumqayıt Sintetik Kauçuk zavoduna göndərilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1966–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyası Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuşdur. 1968–1978-ci illərdə həmin institutda kiçik elmi işçi, 1978–1986-cı illərdə böyük elmi işçi vəzifələrində işləmişdir. 1987–1990-cı illərdə isə Azərbaycan EA Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

S. H. Məmmədova 1973-cü ildə namizədlik, 1989-cu ildə isə M. V. Lomonosov adına Moskva Dövlət Zərif Kimya Texnologiyası Akademiyasının Elmi Şurasında "Qalay-üzvi və üzvi polifunksional monomerlərin kompleks-radikal homo- və sopolimerləşməsində qalay effekti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə professor adını almışdır.

Professor S. H. Məmmədovanın apardığı elmi-tədqiqalarda işığa həssas və bioloji fəal fraqmentləri olan kompleks radikal birgəpolimerləşmə reaksiyalarında məqsədyönlü birgəpolimerlərin sintezi üçün qalay-üzvi monomerlərin tətbiqinin prinsipial imkanları göstərilmiş və əsaslandırılmışdır. Onun tərəfindən qalay tərkibli polifunksional polimerlər əsasında yeni tipli polimer rezistlər, sürətlə çoxalan orqanizmlərə qarşı öz-özünə polimerləşən örtüklər, bio- və istiliyədavamlı linoleumlar üçün polimer kompozisiyaları, stabilləşdiricilər və viruslara qarşı agentlər işlənib hazırlanmışdır. Apardığı elmi-tədqiqat işlərinin nəticələri 120 elmi əsərdə, o cümlədən 44 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. O, 4 elmlər namizədi hazırlamışdır.

Professor S. H. Məmmədova dəfələrlə Beynəlxalq simpozium və konfanslarda, o cümlədən "Polivinilxloridin alınması və xassələrinə dair" VIII Makromolekul üzrə simpozium (Helsinki, 1972), Makromolekul üzrə XXIII Beynəlxalq simpozium (Madrid, 1975), Metal-üzvi və germanium, qalay və qurğuşun koordinasion kiması üzrə III Beynəlxalq simpozium (Dortmund, 1980), Makromolekul üzrə XXIX Beynəlxalq simpozium (Buxarest, 1983), Polimerlərin modifikasiyası üzrə VI Beynəlxalq konfrans (Bratislava, 1984) və b. məruzələrlə çıxış etmişdir.

Svetlana xanım 1990-cı ildə Sovet imperiyasının Bakıya qoşun yeritdiyi zaman yanvarın 20-də xalqımıza qarşı törədilən qanlı cinayətin qurbanlarından biri olmuşdur.

Svetlana Məmmədova Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Binəqədi rayonunda adına küçə var.

Eyni zamanda Naxçıvan şəhərində də adına küçə mövcuddur.

19 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə getmişdir.

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]