Şəhidlər Xiyabanı — Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir.[1]
Qəbiristanlıq | |
Şəhidlər Xiyabanı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Status | Xiyaban |
Dəfn sayı |
|
40°21′28″ şm. e. 49°49′37″ ş. u. | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Xalq Cümhuriyyəti dövründən 1939-cu ilə qədər Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbiristanlığı olub. Qəbiristanlıqda bir sıra şəxslər, o cümlədən Azərbaycan tarixində görkəmli olan şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi.[2]
Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı.[3] Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu.[3]
1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salındı və Kirovun abidəsi ucaldıldı.[1] Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar.[4]
Azərbaycan SSRİ-dən müstəqillikdən qazandıqdan sonra isə Kirovun Şəhidlər Xiyabanında ucalan abidəsi uçuruldu.[1]
1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir.[5] Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir.[5] Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir.[5] Yerin seçilməsində arxitektor Nəriman Əliyevin məsləhətləri nəzərə alınmışdır.[5]
Yanvarın 20-21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı.[5] Yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər.[5] Dəfn Komissiyası aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov.[5] Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadə də komissiyaya daxil edilsin. Qüdrət Əbdülsəlimzadə komissiyanın sədri seçilmişdi.[5]
Səhər saat 6.00-a qədər müzakirələr aparıldı.[5] Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi.[5] Dəfn mərasimi 5 saat çəkdi.[5] Yanvarın 22-də 51 nəfər dəfn olundu.[5] Bunlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi.[5] Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazdılar.[5] Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn olundu.[5]
Hazırda Şəhidlər Xiyabanında 159 məzar vardır. Bu məzarlardan 97-nin sinə daşı var (o cümlədən, 4 naməlum məzar, 1 şəkilsiz məzar), 62 məzarın sinə daşı yoxdur, şəhidlərin yalnız şəkilləri və adları yazılıb. Qeyd olunan 62 şəhid digər ərazilərdə dəfn olunub.
Şəhidlər məscidi 1996-cı ildə Türkiyənin Dəyanət Vəqfi adlanan qurumu tərəfindən inşa etdirilib.[6][7] 2009-cu ildən 2017-ci ilə kimi məscid təmirə bağlanıb.[8][9]
"Əbədi məşəl" abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb.[10] Prezident Heydər Əliyevin 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılması haqqında sərəncam verir.[10] Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə "Əbədi məşəl" abidə kompleksinin tikintisinin təmin edilməsi, Nazirlər Kabinetinə isə abidə kompleksinin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması barədə təklif verməsi tapşırılır.[10] Beləliklə, abidə kompleksinin tikintisinə başlanılır.[10] Kompleksin tikilməsinə aid keçirilən müsabiqədə memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir.[10]
Abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olmuşdur.[10] Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir.[10] Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəffaflığı bağışlayır.[10]
2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.[10]
Şəhidlər Xiyabanına həsr olunmuş şeirlərdən Kəmalə Abiyevanın "Şəhidlər xiyabanı" lirik poemasını, Fikrət Qocanın "Şəhidlər xiyabanı" şeirini qeyd etmək olar.[11][12]