Tüfəngçibaşı

Tüfəngçibaşı və ya tüfəngçiağasıSəfəvilər dövlətində ordu rütbəsi.

İyerarxiyada yeri

[redaktə | mənbəni redaktə et]
Səfəvi ordusunda tüfəngçi

Tavernye qeyd edir ki, tüfəngçilərin rəisi və başçısı olub, rütbəsinə görə, əsgəri təşkilatda qorçubaşıqullarağasından sonra üçüncü yerdə dayanırdı.

Tüfəngçibaşı da dövlət şurasının üzvü olub tüfəngçi hərbi hissəsinin minbaşılarının, yüzbaşılarının, saray carçıları və qulluqçularının ağsaqqalı idi. Ona tabe olanların hamısının tiyul, həmesale, məvacib, barat və mükafatları barədə onun imzası ilə təsdiq edilən təqdimatı əsasında baş vəzirin yazılı hökmü verilirdi. Və bu hökm əsasında onların məvacibi ödənilirdi. Tüfəngçilərin və carçıların, minbaşıların, yüzbaşıların, carçıbaşıların qulluğa götürülməsi, onların tiyul, həmesale və məvacibləri alicah tüfəngçiağasının təqdimatı, baş vəzirin yazılı hökmü əsasında icra olunurdu. Tüfəngçilərə aid bütün problemləri də tüfəngçiağası həll edirdi. Tüfəngçilərin rütbə cədvəlini, həmin idarənin vəziri və mustoufiləri tüfəngçiağasının iştirakı ilə Şaha çatdırırdılar.[1] "Abbasnamə"də göstərilir ki, Ağa Tahir adı ilə tanınan Mir Fəttah Şah Səfi dövründə adi tüfəngçidən Bağdadda tüfəngçiağasıbaşı vəzifəsinə yüksəlmişdi. Ondan şaha çoxlu şikayətlər daxil olmuş və II Şah Abbas etimadəddövlə və bir neçə dövlət məmuruna onun işi və fəaliyyətini yoxlamaq barədə fərman verir. Yoxlama əsasında Mir Fəttahın tüfəngçilərin əməkhaqlarından qeyri-qanuni mənimsəmə və oğurluq barədə faktlar aşkarlandı. Bu hadisədən sonra Mir Fəttahın qardaşı oğlu minbaşı Məhəmməd Səid və bir çox tərəfdarlarının onu müdafiə məqsədi ilə dövlətxana ilə üzbəüz toplaşması Şahı bərk qəzəbləndirir. Şah qullarağası Siyavuş xana onların hər ikisinin tutulub edam olunması barədə fərman verdi. Fərman dərhal yerinə yetirildi. Tüfəngçiağası vəzifəsi Qələndər sultan Cığataya tapşırıldı.

Təzkirət-əl mülük əsərində tüfəngçibaşı vəzifəsi

[redaktə | mənbəni redaktə et]

Tüfəngçibaşı minbaşıların, yüzbaşıların, carçıların, elçilərin və bütün tüfəngçilərin rəhbəri idi. Faruk Sümer qeyd edir ki, Şah Abbas dövründə qullar ocağından başqa digər bir əsgəri təşkilat olan Tüfəngçilər əyalətlərdə yaşayan yerli əhalidən təşkil olunmuşdu. Onların rəisi Minbaşı adlanırdı. Şah Abbas bu təşkilatı Osmanlı ordusu əsasında yaratmışdı. Tüfəngçibaşının vəzifələri –Burada qeyd olunur ki tüfəngçibaşının əsas vəzifəsi öhdəliyində çalışanların tiyullarını, illik maaşlarını və bəxşişlərini, Divani-Vəzirin təsdiqinə təqdim edirdi. Minbaşı, yüzbaşı, carçıbaşı və ya tüfəngçi vəzifələrinin təyini tüfəngçibaşının ərzi və vəzirin imzasıyla həyata keçirilirdi. Tüfəngçilərlə bağlı bütün işlər tüfəngçibaşının məsuliyyətində idi. Onların tiyul və maaşları tüfəngçibaşının tuğrası ilə təsdiq edildikdən sonra paylanılırdı. Tüfəngçilərin "nüsxeyi-sanı"sı tüfəngçi vəziri və müstövfisi tərəfindən tüfəngçibaşının hüzurunda oxunardı.

  1. Bayramlı, Zabil. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: Avropa nəşriyyatı. 2015.