II Şah Abbas

II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır.

II Abbas
15 may 1642 – 26 oktyabr 1666
ƏvvəlkiI Şah Səfi
SonrakıŞah Süleyman Səfəvi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qəzvin, Səfəvilər dövləti
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Damğan, Səfəvilər dövləti
Dəfn yeri Qum
Fəaliyyəti rəhbər
Atası I Şah Səfi
Anası Anna Xanım
Uşağı
Ailəsi Səfəvilər
Dini Şiə (İslam)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir. Bu münaqişə 1651–1653-cü illərdə baş vermişdir. Müharibənin əsas hadisəsi Terek çayının Səfəvi torpaqlarına tərəf olan sahillərində inşa edilmiş rus qalalarının sökülməsi olmuşdur. Abbas həmçinin 1659–1660-cı illərdə baş vermiş gürcü üsyanını da yatırmağı bacarmışdır. Üsyan nəticəsində Abbas V Vaxtanqı kral olaraq tanısa da, üsyan rəhbərlərini edam etdirmişdir.

Hakimiyyət dövrünün ortalarından etibarən Abbas ölkəyə əziyyət verən maliyyə böhranı ilə mübarizə aparmağa məcbur qalmışdı. Bu böhran Səfəvi sülaləsinin hakimiyyətinin sonuna qədər davam etdi. Ehtiyatları artırmaq üçün o, görkəmli iqtisadiyyatçı Məhəmməd bəyi vəzifələndirdi. Məhəmməd bəy ona tapşırılan vəzifənin öhtəsindən gələ bilmədi, əksinə vəziyyət daha da pisləşdi. O, Holland Şərqi Hindistan Şirkətindən rüşvətlər alaraq, öz qohum-əqrabasını müxtəlif vəzifələrə təyin etdirdi. 1661-ci ildə Məhəmməd bəy Mirzə Məhəmməd Kəraki ilə əvəz edildi. Mirzə Məhəmməd zəif inzibatçı olmaqla birlikdə, aktiv şəxs də deyildi. O, sarayın daxili məsələlərindən o qədər uzaqlaşdırılmışdı ki, Sam Mirzə adlı şahzadənin varlığından belə xəbərsiz idi, halbuki Sam Mirzə Abbasdan sonra Süleyman adı ilə taxta çıxacaqdı.

Abbas 25 sentyabr 1666-cı ildə vəfat etdi. Bu zaman o, cəmi 34 yaşında idi. Müasir tarixçilər tərəfindən Səfəvilər sülaləsinin sonuncu güclü şahı kimi təsvir edilən o, dövlət işlərinə inadla qayğı göstərməklə atasından və özünün xələflərindən fərqlənirdi. Ədalət duyğusu ilə tanınan Abbası Qərb tarixçiləri və səyyahları tez-tez üsyanlardan azad olan, daxilində səyahət etmək üçün nisbətən təhlükəsiz bir imperiyanı idarə edən mərhəmətli və tolerant bir monarx kimi təsvir etmişdirlər. Bəzi tarixçilər onu atasının əməllərinə bənzər tərzdə yol verdiyi qəddarlığa görə, imperiyada yaşayan yəhudiləri İslamı qəbul etməyə məcbur etməyə görə tənqid edirlər, lakin ümumilikdə onun hakimiyyəti dövrü onun xristianlara qarşı xüsusilə tolerant olduğunu vurğulayırlar. 1722-ci ildə Səfəvilər sülaləsinin süqutundan sonra salnaməçilər onu Səfəvilər dövlətinin tənəzzülünü müvəqqəti olaraq durduran, özünün ölümü ilə birdəfəlik başa çatan firavanlıq, sabitlik və əmin-amanlıq dövrünü yaradan qüdrətli bir hökmdar kimi qeyd edirlər.

Səfəvi imperiyasının əsası 1501-ci ildə I İsmayılın Təbriz şəhərini Ağqoyunlulardan alması ilə qoyulmuşdur. Bu hadisədən sonra İsmayıl özünü şah elan etmişdi.[1] Onun 1524-cü ildə ölümündən sonra onun yerinə oğlu I Təhmasib keçdi. Onun hakimiyyəti illərində Osmanlı ilə uzunmüddətli müharibə meydana çıxdı. O, Mesopotamiyada müəyyən bölgələri Osmanlı imperiyasına uduzsa da, atasından miras aldığı imperiyanı süqut etməkdən xilas edə bildi.[2][3] I Təhmasib mərkəzi hakimiyyəti gücləndirmək üçün Qızılbaşların bir qismi ilə mübarizə apardı.[4][a] Mərkəzi hakimiyyəti gücləndirmək üçün müəyyən tədbirlər görən[8] I Təhmasib 1576-cı ildə vəfat etdi və onun uzunmüddətli hakimiyyəti dövrü sona çatdı. O, ölümü ərəfəsində özünün 13 oğlundan heç birini varis olaraq seçməmişdi və bu yeni vətəndaş müharibəsinin başlamasına səbəb oldu.[9] Nəticədə Qızılbaş sərkərdələrinin əksəriyyəti tərəfindən dəstəklənən İsmayıl Mirzə özünün qardaşı Heydər Mirzəni məğlub edərək II İsmayıl adı ilə taxta oturdu.[10] Onun hakimiyyəti dövrü iki şeylə yaddaqalan olmuşdur: imperiya ərazisində sünniliyi yenidən bərpa etmək və ya sünniliyə qarşı mövcud siyasəti yumşaldma cəhdləri və yaşadığı psixoloji problem nəticəsində yaranan paranoyanın sülalə üzvlərinin edamları ilə nəticələnməsi.[11] O, 1577-ci ildə qısa zaman hakimiyyətdə olduqdan sonra öldü. Onun ölümünə bacısı Pərixan Xanım və Qızılbaş sərkərdələrinin təşkilatçılığı ilə şaha zəhərli tiryək verilməsinin səbəb olduğu güman edilir.[9]

II İsmayılın yerinə kor qardaşı Məhəmməd Xudabəndə taxta çıxdı.[12] 1578-ci ildə Osmanlı imperiyası zəifləmiş Səfəvi imperiyasına müharibə elan etdi və Qafqazdakı Səfəvi torpaqlarının, hətta bütün Azərbaycanın mühüm bir hissəsini ələ keçirdi.[13] Məhəmməd Xudabəndə 1587-ci ildə taxtdan endirildi və onun yerinə yeniyetmə oğlu Abbas Mirzə taxta çıxdı.[14] I Abbas bir müddət sonra imperiyanın əvvəlki qüdrətini bərpa edə bilməsi üçün genişmiqyaslı islahaltlara başladı. Hərbi sahədən tutmuş iqtisadi-ticarət məsələlərinə qədər əhatə edən bu islahatlar nəticəsində imperiya özünün itirilmiş bütün torpaqlarını geri qaytardı və daha da genişləndi. İmperiyanın iqtisadi vəziyyəti yaxşılaşdırıldı və Avropa ölkələri ilə genişmiqyaslı ticari-siyası əlaqələr formalaşdırıldı.[15] O, amansızlığı ədalətlə birləşdirib, xalqı ilə əlaqə saxlamaqla yanaşı, hakimiyyətinə təhdidlərlə sərt davranırdı. Bütün bu keyfiyyətlər sonda ona Böyük Abbas kimi anılmasına səbəb oldu.[16]

Səfəvi imperiyası I Abbasın hakimiyyəti dövründə özünün ən böyük sərhədləri ilə.
Şah Səfi dövründə itirilən ərazilər (r. 1629 – 1642).

I Abbasın yerinə onun nəvəsi Səfi taxta çıxdı.[17] Tənha və passiv bir xarakteri olan Səfi babasının qoyub getdiyi hakimiyyət boşluğunu doldura bilmədi. Onun bürokratlarının əməlləri imperiyanın üsyanlarla boğuşmasına səbəb oldu. Həmçinin I Abbas zamanında başladılmış və Osmanlı imperiyasının ağır şəkildə məğlub edilib Bağdad da daxil olmaqla, Mesopotamiyada böyük ərazilər itirməsi ilə müşayət edilən müharibəni uğurlu şəkildə davam etdirmək mümkün olmadı. Nəticədə imzalanmış Qəsri-Şirin müqaviləsi ilə Səfəvi imperiyası Bağdad da daxil olmaqla, ələ keçirdiyi əksər bölgələri itirdi.[18]

Öz hakimiyyətini möhkəmləndirmək üçün Səfi taxta təhlükə olaraq gördüyü hər kəsi edam etdirdi. Edam edilənlər içərisinə Səfəvi sülaləsinə mənsub qız şahzadələrin övladları, I Abbasın oğlanları da daxil idi, halbuki Abbasın oğlanları kor edilmişdi və buna görə də, taxta iddia irəli sürə bilməzdilər. Edam dalğası təkcə sülaləsi üzvləri ilə məhdudlaşmadı və imperiyanın aparıcı şəxslərini də əhatə etməyə başladı.[19] Səfinin qəddarlığıa misal olaraq 20 fevral 1632-ci ili və ya Məbəs günündə baş verdiyinə Qanlı Məbəs gününü göstərmək mümkündür. Bu tarixdə hərəmdə olan 40 qadın ölümə məhkum edildi. Bundan sonra Mirzə Talıb xan da edam edildi və onun yerinə Mirzə Məhəmməd Tağı xan bu vəzifəyə təyin edildi.[20]

Xacə olduğu üçün Sarı Tağının şah hərəminə daxil olma imkanı var idi. Bundan yararlanaraq o, şahın kənizləri ilə münasibətlər qurmağa müvəffəq olmuşdu. O, Səfiyə təsir göstərərək onu Fars əyalətini şaha aid olan xassə torpaqlarına birləşdirməyə inandıra bildi.[21] O, bütün səltənətdə, xüsusən də İsfahanın erməni əhalisinə ağır vergilər qoydu və Gilanın əvvəlki valisinin gəlir mənbəyini araşdırdı.[22] O, acgöz kimi təsvir edilməklə birlikdə, Qərb müşahidəçiləri tərəfindən rüşvət almaqda ittiham edilmişdir.[21] 1634-cü ildə Sarı Tağı öz qardaşı Məhəmməd Saleh bəyin Mazandaran valisi olmasına nail oldu. Bu təyinat Mazandaranın yerli elit ailəsi olan və Səfəvi sülaləsi ilə qohumluğa malik seyid nəsli Maraşilərin mənafeyinə zidd addım idi. Buna baxmayaraq, Sarı Tağının ailəsi vilayətin idarəetməsini Səfinin hakimiyyətinin sonuna qədər əlində tutmağı bacardı.[23]

Səfi 12 may 1642-ci ildə davamlı spirtli içki qəbuluna görə vəfat etdi və imperiyanı özünün miras aldığından daha kiçik ölçüdə xələfinə miras kimi ötürdü. Zəif təfəkkürlü, xarizmatik xarakterə malik olmayan Səfi Səfəvi imperiyasının tənəzzül dönəminin xüsusiyyətlərindən olan bir çox problemlərlə üzləşdi, onlardan biri də vəliəhdi hakimiyyətə hazırlamaması idi.[24] O, Qızılbaşları hakimiyyətdən uzaqlaşdırdı və onların əvəzində xacələrin, qulamların, kənizlərin koalisiyasına arxalandı. Bu koalisiya onun hakimiyyətinin son on ilində sarayı idarə etdi.[25]

Taxta çıxması

[redaktə | mənbəni redaktə et]

Holland Şərqi Hindistan Şirkətinin hesabatına görə II Abbas Sultan Məhəmməd Mirzə adı ilə 30 avqust 1632-ci ildə dünyaya gəlmişdir.[b] I Səfi ilə Anna Xanumun ən böyük oğlu olan Abbas şahlıq hərəmində qadınlar və xacələrlə əhatələnmiş şəkildə böyümüş, ona müəllimliyi Rəcəb Əli Təbrizi etmişdir.[27] Anası olan mərkəz kəniz hərəmdə müəyyən siyasi mövqe qazanmış və şaha oğul varis dünyaya gətirdiyi üçün digər adsız kənizlərdən fərqlənmişdir.[28] Sarı Tağı Anna Xanumla əlaqələrə malik idi. Jan Şarden kimi səyyahlarında müşahidə edə bildiyi kimi, Abbasın taxta çıxmasından sonra da bu əlaqələr davam etmiş və Anna Xanum Sarı Tağı vasitəsiylə hakimiyyəti idarə etmişdir.[28] Səfi Məhəmməd Mirzə (yəni II Abbas) və digər oğullarını kor etmək istəyirdi, lakin vəzifəsi şahzadələri kor etmək olan bir xacə Məhəmməd Mirzəyə olan rəğbətinə görə onu kor etməmiş, o da özünü korluğa qoyaraq görmə qabiliyyətini davam etdirməyi bacarmışdır. O, bu aldatmanı atasının hakimiyyətinin sonuna qədər davam etdirmişdir. Bu aldatma onun on yaşında niyə hələ də savadsız olduğunu qismən izah edir.[26]

15 may 1642-ci ildə 9 yaş yarımlıq olan azyaşlı şahzadə Səfinin ölümündən keçən 4 gündən və Sarı Tağı tərəfindən həyata keçirilən dövlət şurasından sonra taxta çıxdı. Özünün cülus mərasimində Məhəmməd Mirzə şahlıq adı olaraq Abbas adını götürdüyünü evə öz təbəələrinin 500.000 tümənlik vergi borcunu bağışladığını elan etdi. Həmçinin spirtli içkilərin qadağan edildiyi də elanlar arasında idi. Hakimiyyət dəyişikliyi zamanı güclü fiqur olan Sarı Tağı öz nüfuzunu qoruyub saxlamağı bacardı və Səfi dövründən qalmış güclü rəqiblərindən biri olan Rüstəm bəy kimi şəxsləri ortadan qaldırmağa nail oldu.[27] Bu zamana qədər təhsil almaqdan məhrum olmuş Abbası təhsil alması üçün Qəzvinə göndərdilər. O, burada əldə etdiyi biliklər sayəsində tez bir zamanda dini mətnləri oxumağı bacardı. Yeni şahın teologiyaya olan marağı ömrünün sonuna qədər davam etdi. Bu marağın qaynağı əl-Kafinin yeni tərcüməsini oxumuş olması ola bilər.[29] Bu təhsil yönləri yanaşı, yeni şah at sürmək, cövkən oynamaq, ox atmaq və digər süvari oyunlarını da öyrəndi.[30]

II Şah Abbasın hakimiyyətə gəlişindən bir il keçikdən sonra o, paytaxt İsfahana doğru irəliləməyə başladı. Bu zaman Səfəvi ordusunun güclü generallarından olan gürcü əsilli Azərbaycan bəylərbəyi Rüstəm xan üsyan qaldırdı, lakin Sarı Tağı xanın təşkil etdiyi sui-qəsd nəticəsində Məşhəd şəhərində öldürüldü.[31]

Abbasın hakimiyyətinin ilk illəri boyunca Sarı Tağının, qorçubaşı[c] Canıbəy xan Şamlının və gələcək baş vəzir Məhəmməd bəyin daxil olduğu koalisiya imperiyanı yaxşı şəkildə idarə etməyi bacardı.[33] Həmçinin Sarı Tağı ilə Canıbəy xan ailə əlaqələrini də gücləndirərək Sarı Tağının qardaşının oğlu Mirzə Qasımla Canıbəy xanın qızını evləndirdilər.[34] Lakin bu Sarı Tağını xilas etməyə yetmədi. 11 oktyabr 1645-ci ildə Canıbəy xan və digər 5 şəxsin daxil olduğu qrup hücum eədərək onu öz evində qətlə yetirdilər.[35] Buna qədər artıq uzun müddər idi ki, Canıbəy xan şahın beyninə Sarı Tağının imperiyanı uçuruma sürüklədiyi və şahın özünə də təhlükə olduğu fikrini aşılamaqla məşğul idi.[33] Sarı Tağının öldürülməsi Abbasa saray üzərində özünün mütləq hakimiyyətini qura bilməsi üçün imkan yaratdı və növbəti il dövlətin bürokratik təbəqələri təmizləndi və şah oraya öz adamlarını yerləşdirdi. Bu proseslər vaxtilə atası I Səfinin həyata keçirdiyi təmizləmədən daha az qanlı deyildi. Hadisələrə şahidlik edən hollandın bildirdiyinə görə, Sarı Tağının sui-qəsdindən sonra 8–10 min insan qətlə yetirilmişdir. Həyatını itirənlər arasına şahın saqisi Səfiqulu bəy tərəfindən zəhərlənən Canıbəy xan da daxil idi.[36] Canıbəy xanın öldürülməsinin əsas dəstəkçisi Sarı Tağının öldürülməsindən kədərlənən Anna Xanum idi. Canıbəy xanın öldürülməsindən sonra onun tayfası olan Şamlılara qarşı da təmizləmələr başladı.[37] Fransız səyahətçi Jan Şarden Anna Xanımla Sarı Tağı xanın birgə hakimiyyətlərini bu sözlərlə ifadə edir:

" Səfəvi şahlarının yazşı az olandan onların üzərində analarının nüfuzu çox güclü olur. II Şah Abbasın anası əsas və həlledici nüfuza sahib idi. O (Anna Xanım), baş nazir ilə yaxın əlaqədə idi və onlar bir-birlərinə kömək edirdilər. Sarı Tağı xan kraliçanın agenti və ən güvəndiyi adam idi. O, onun üçün məlumatlar toplayırdı. Kraliça dövləti imperiyanı öz naziri vasitəsilə idarə edirdi.[27] "

1644-cü ildə bəzi Bəxtiyari tayfaları üsyan qaldırdılar, lakin Sarı Tağı xanın müdaxiləsi ilə üsyan yatırıldı. Sarı Tağı xan korrupsiyaya qarşı mübarizə aparırdı. Buna görə də vəzifəli şəxslər arasında ona qarşı düşmənçilik yaranmışdı. Bunun nəticəsində Sarə Tağı xan 1645-ci ilin 11 oktyabrında ordu mənsublarının təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü. 14 oktyabr 1645-ci ildə Xəlifə Sultan, şah tərəfindən baş vəzir təyin edildi. Xəlifə Sultan ilk öncə bu təklifi rədd etsə də, qısa müddət sonra qəbul etdi.[38] Xəlifə Sultanın baş vəzir təyin edilməsində məqsəd, hakimiyyətdə təmsil edilməkdən məhrum edildiyini düşünən din adamlarını razı salmaq idi.[38]

Naib axtarışında olan Abbas Xəlifə Sultanı baş vəzir vəzifəsini icra etməyə dəvət etdi. Xəlifə Sultan 1623-cü ildən 1632-ci ilə qədər baş vəzir kimi xidmət etmiş və I Abbasın, I Səfinin dövründə bu vəzifəni icra etmişdi.[37] Baş vəzir olan ilk din xadimi Xəlifə Sultan, yalnız şəriətin qüvvəyə minməsi ilə məşğul id və bu yolda təkcə dini qanunların vizual təhriflərini qadağan etmək məsələsində uğur qazandı.[35] Hətta o zaman da o, geniş yayılmış şərab içmək vərdişini heç vaxt aradan qaldıra bilmədi, sərt cəzalar verməklə ona qismən nəzarət etdi.[39]

Sarı Tağının öldürülməsindən və Xəlifə Sultanın baş vəzir təyin edilməsindən sonra Abbas dövlət işləri ilə birbaşa özü məşğul olmağa başladı. Bu tarix tez-tez onun mütləq monarxiyasının başlanğıcı kimi qəbul edilir. Bu zaman 15 yaşında olan Abbas atasının heç bir zaman olmadığı qədər enerjili idi. Onun gücünü konsolidasiya etmə metodlarından biri mərkəzləşdirmə idi. O, Sarı Tağı və ailəsinə mənsub olan torpaqları müsadirə etdirərək öz şəxsi torpaqlarına birləşdirdi. Hakimiyyətinin sonuna qədər isə Həmədan, Ərdəbil və Kerman kimi bölgələri şahlıq torpaqlarına qatdı.[40]

Qəndəhar uğrunda müharibə

[redaktə | mənbəni redaktə et]
A crowd, in middle of them, a sitted Abbas II, and the Mughal ambassador
II Abbasın moğol elçisi ilə müzakirə edərkən çəkilmiş rəsm.

Abbasın hakimiyyəti əsasən sülh şəraitin keçmişdir. Şah Osmanlı imperiyası ilə mövcud olansülhün davam etdirilməsinə çalışır, digər qonşuları ilə də müharibələrə başlamırdı. Burada yeganə istisna Böyük Moğol imperiyasını göstərmək olar. Moğollarla müharibə 1649-cu ildə Qəndəhar şəhərini geri qaytarmaq üçün başladı.[41] Sarı Tağının şantajlarından və pul tələblərindən bezən Qəndəharın Səfəvi hakimi Əli Mərdan xan 1638-ci ildə moğollar tərəfə keçmişdi. I Səfi hakimiyyətinin sonlarına yaxın ordu toplamaq və şəhəri geri qaytarmaq istəyirdi, lakin ölümü buna imkan vermədi.[42] Şah Cahan 1647-ci ilin əvvəllərində Maveraünnəşərə irəliləmək istəyəndə Səfəvi sarayına elçi göndərdi və danışıqlardan sonra Abbas Şah Cahan hərbi yürüşünü davam etdirərkən Qəndəharı işğal etməməyə razı oldu.[43]

1648-ci ildə Şah Cahanın ənənəvi Teymuri paytaxtı Səmərqəndi ələ keçirmə cəhdi onun üçün fəlakətlə nəticələndi. Saraydakı bəzi dairələr moğol ordusunun məğlubiyyətini gördükdən sonra şahı Qəndəharı geri almaq üçün uyğun şəraitin yetişdiyini təlqin etməyə başladılar.[44] Abbas 50 min nəfərlik ordu toplayaraq Əfqanıstan vasitəsiylə Qəndəhara doğru irəliləməyə başladı.[45] Qızılbaş ordusu şəhərin ətrafına 1649-cu ilin yanvar ayında çatdı. Qızılbaş ordusu iki aylıq döyüşdən sonra şəhərin qalalarını və onun ətrafındakı əraziləri ələ keçirdi.[26] Mühasirə zamanı Qızılbaş ordusu zalım komandirlər, maaşsızlıq və standartlara uyğun olmayan yaşayış şəraiti səbəbindən ruhdan düşmüş və bununla da böyük itkilər vermişdi.[43] Abbasın komandanlığı altındakı Səfəvi ordusu zəif təchiz edilmiş və yaxşı qidalandırılmamışdı. Əfqanıstandan şəhərə doğru yürüş zamanı ordudan bir çox fərarilik halları yaşanmışdı və fakt bu idi ki, əslində moğol dövləti dərin iqtisadi-siyasi böhran içində olmasaydı Səfəvi imperiyası Qəndəharı geri qaytara bilməyəcəkdi.[45]

Lakin Böyük Moğol imperiyası şəhərdən belə asanlıqla əl çəkmək fikrində deyildi.

Qəndəharın moğollar tərəfindən mühasirələri

[redaktə | mənbəni redaktə et]

I mühasirə: Qəndəharın itirilməsi Moğol imperiyası üçün çox ağır strateji itki kimi görünürdü. Şəhərin itirilməsinin imperiyasının nüfuzuna xələl yetirdiyi düşünülürdü və Sultan Şahcahan nə olursa olsun onu geri qaytarmaq istəyirdi. Bunu reallaşdırmaq üçün o, oğlu Övrəngzibi 50 minlik ordu ilə yürüşə göndərdi. Övrəngzibi Sədullah xan (saray müşaviri) və Caypurlu I Cay Sinx müşayət edirdi. Onlar 1649-cu ilin aprelində Qəndəhar qalasına hücum etdilər və bir neçə ayı kənarındakı düzənlik ərazilərdə Səfəvi ordusuna qarşı döyüşməklə keçirdilər.[46] Şəhər kənarındakı döyüşdə Səfəvi ordusu məğlub olsa da, qala döyüşlərində böyük uğur əldə etdilər.[47][48] Lakin tədricən moğol ordusu maddi-texniki təminat problemləri yaşamağa başladı. Həmçinin Səfəvilərin inadlı müqavimət göstərməsi ilə birlikdə, şəhərin müdafiə tikililərini uçura bilmək üçün moğol ordusunun yetəri qədər odlu silahı da yox idi. Hər bir halda, 5 sentyabr tarixində moğol ordusu 3 min döyüşçü və minlərlə heyvan itirərək geri çəkildi.[46][49]

II mühasirə: I mühasirənin uğursuzluqla bitməsindən etibarən moğollar ikinci hücuma hazırlaşmağa başladılar. İkinci mühasirəyə hazırlıq mərhələsində mğollar böyük toplar sifariş edərək özlərinin artilleriya qüvvələrini gücləndirməyə çalışdılar. İkinci mühasirəyə daha yaxşı hazırlaşan moğollar qoşqu heyvanları yerinə bu dəfə dəvələrdən yararlanmağı planlayırdılar. Birinci mühasirədə olduğu kimi şahzadə Övrəngzib, Caypurlu I Cay Sinx və Sədulla xan yürüşdə iştirak edirdi.[50]

Səfəvi imperiyası da Qəndəhardakı qüvvələrinə yardım göndərmiş, qalanın ziyan görmüş yerləri bərpa edilmişdi.

İkinci müharisəyə yollanan moğol ordusu 2 may 1652-ci ildə şəhərə çatdı və qala divarlarının altından lağımlar qazmağa başladı, lakin Səfəvi ordusu moğollarla müqayisə də daha dəqiq tüfənglərə sahib idilər.[51] Şahcahanın qala divarları dağıdılmadan döyüşçülərin hücum etməməsini əmr etməsindən sonra Səfəvi ordusunun şəhəri müdafiə etməsi daha asanlaşdı. Bundan başqa, moğollar özbəklərlə də bağlı problemlər yaşamağa başladılar. Beləki, II Abbas özbək Əbdüləziz xanla da ittifaq imzalamışdı. Bundan sonra Əbdüləziz Kabula 10 minlik qoşun göndərərək, moğolların təminat yollarını kəsdi.[52] Moğolları mühasirəni ləğv etməyə məcbur edəcək qədər güclü olmasalar da, özbəklər önəmli zərbələr vura bilirdilər. Belə zərbələrin birində onlar mühasirəyə alan orduya gedən və 2500 döyüşçü tərəfindən qorunan 1.5 milyon gümüş sikkəni ələ keçirə bilmişdilər.[52]

Səfəvi ordusunun yaxşı müdafiə olunduğunu, özbəklərin fəaliyyətini və öz ordusunun uğursuzluğunu görən[53] Şahcahan oğlu Övrəngzibə ordusunu Kabula aparmağı əmr etdi. Beləliklə, 9 iyul 1652-ci ildə ikinci mühasirəni də Səfəvi ordusu uğurla başa vura bildi.[50]

III mühasirə: Moğolların Qəndəharı ələ keçirmək üçün olan III cəhdi 1653-cü ilin yazında baş verdi. İki dəfə uğursuz olduqdan sonra şahzadə Övrəngzib ordunun komandanlığından alındı, yerinə qardaşı və vəliəhd şahzadə Dara Şükuh gətirildi. Dara 70 minlik ordu ilə yürüşə başladı. Onun qərərgahına moğolların ən məşhur generalları və əvvəlki iki mühasirə zamanı yaxşı mənada seçilən Caypurlu I Cay Sinx də daxil idi.[54] Lakin şahzadə özünün etməli olduğu şeylərdə belə tez-tez müşavirləri ilə məsləhətləşirdi. Bu məsləhətləşmələr vəliəhd şahzadənin gözünə girməyə çalışan müşavirlərinin qarşılıqlı davaları ilə müşayət olunurdu. Həmçinin təcrübəli moğol generalları hərbi məsələlərdə onların yerinə şahzadənin öz şəxsi müşavirləri ilə məsləhətləşməsindən də narahat idilər.[54]

Üçüncü mühasirəni edəcək olan ordu Qəndəhara aprel ayında çatdı, lakin ənənəvi xətti müharibə üçün olan silahlarla təmin edilmiş moğol ordusu mühasirə döyüşü apara bilmək üçün zəif təchiz edilmişdi. Ordunun döyüş qabiliyyətini zəiflədən bir digər məsələ isə Daranın hərbi səriştəsizliyi, həmçinin uğursuz əmrlər verdikdən sonra buna görə başqalarını ittiham etməsi oldu.[54] İyun ayında qalanın bir hissəsinin zəbt edilməsi şahzadənin müdaxiləsi ilə baş tutmadı. Yayın sonlarında ordunun daxilində narazılıqlar baş qaldırmağa başladı. Nəhayət, 29 sentyabr 1653-cü ildə mühasirə ləğv edildi.[54]

Bu mühasirənin də Səfəvi ordusunun qələbəsi ilə sonlanması müharibənin faktiki sonlanması və Səfəvi ordusunun qələbə çalması demək idi.[48]

Şimal sərhədləri

[redaktə | mənbəni redaktə et]
Qacar dövrünə aid rəsm. Çox gümanki, Səfəvilərin 1651–1653-cü illər müharibəsində ruslar üzərində qazanmış olduqları qələbəni əks etdirir.

Abbasın hakimiyyəti dövründə Gürcüstandakı əsas münaqişə I Teymurazla Kartlili I Rüstəm arasında gedirdi. I Teymuraz Kaxeti və Kartli kralı idi. Antisəfəvi siyasət izləyən I Teymuraz yaxın bir zamanda Səfəvi hakimiyyətini sonlandırmağı arzulayırdı. 1633-cü ildə I Səfinin dəstəyi ilə Rüstəm xan özünü Kartli kralı elan etdi və I Teymurazın torpaqlarını işğal etdi.[55] I Teymuraz Kaxeti kralı olmağa davam etdi və Rüstəmlə olan sərhədində 1648-ci ilə qədər üsyançıları ona qarşı dəstəklədi. 1648-ci ildə Rüstəm Teymurazı tamamilə məğlub etdi və onu Gürcüstandan qaçmağa məcbur etdi.[56] 1659-cu ildə Rüstəm öldü və Kartli taxt-tacı boş qaldı. Bundan sonra Abbas bölgədə özünə dayaq yaratmaq üçün Qızılbaş türk tayfalarını buraya köçürməyə başladı və bu ona qarşı Baxtrioni üsyanının başlaması ilə nəticələndi.[8] Araqvili Zaal tərəfindən komandanlıq edilən üsyançı qüvvələr təşkil edildi və Baxtrioni və Alaverdidə inşa edilən Qızılbaş qalalarına hücumlar edildi. Liderlər arasında Bidzina Çolokaşvili, Şalva, Ksanili Eristavi və qardaşı Eristvisşvili də var idi. Zezva Qaprindauli, Nadir Hoşarauli və Gogolauri öndərliyində tuşlar, hevsurlar və pşavlar kimi, gürcü dağlıları da üsyana qatıldı. Gürcü qüvvələri birləşdikdən sonra Baxtrioni və Alaverdidəki türkmən qalalarına hücum etdilər və onları məğlub etdilər. Daha sonra Kaxetiyanın digər yerlərindəki Qızılbaş türkllərini məğlub etdilər. Ancaq üsyançıların zəif təşkilatlanması və təcrid edilməsi II Abbasın şəxsi komandanlığı altında olan Səfəvi ordsununu uğurlu formada əks hücuma keçmələrinə və onları məğlub etmələrinə şərait yaratdı. Eristavi Zaal şahın əmri ilə öz qohumları tərəfindən qətlə yetirildi və uşaqları Səfəvi məhkəməsinə göndərildi. Bu xəbərlərdən sonra Bidzina Çolokaşvili, Ksanili Şalva və Elizbar Eristvisşvili şahdan bağışlanmalarını diləmiş, ancaq şah daha sonra onları qətl etdikləri tayfaların yerdə qalan üzvlərinə təslim etmişdir. Tayfa üzvləri gürcü zadəganlara işğəncə etdilər və öldürdülər. Bir müddət sonra onlar Gürcü Ortodoks Kilsəsi tərəfindən sonradan müqəddəs elan edildilər. Kaxetidə üsyançılar Qızılbaş türkmənləri məğlub etməyi bacarsalar da, sonda ordu qarşısında məğlub oldular və Kaxeti yenə də Səfəvi hakimiyyəti altında qaldı. Gəlinən razılaşmaya görə şah bu torpaqlara Qızılbaşları köçürməyəcəyini bildirdi, Rüstəmin övladlığa götürdüyü V Vaxtanq Kartlinin vassal hökmdarı təyin edildi. Abbas bir müddət sonra Vaxtanqın qızı Anuka ilə evləndi. Həmçinin Səfəvilər 1664-cü ildə Kartli vassal kralının oğlu Arçilin (Şahnəzər xan) Kaxeti vassal hökmdarı təyin edilməsinə razı oldular.[56][57][58][59]

Rusiya ilə müharibə (1651–1653)

[redaktə | mənbəni redaktə et]

II Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyasının Qafqazın şimalında öz nüfuzunu artırmaq istəməsi ruslarla toqquşmaya səbəb oldu. 1646-cı ildən etibarən rus hökuməti Səfəvi torpaqlarından İsveçə qədər torpaqlarda ipək ticarəti edən xarici tacirlərin mövqelərini zəiflətməyə başlamış və 1649-cu ildə Sobornoe Ulojenie qəbul edilmişdi. Buna görə, xarici tacirlərin imkanları daha da məhdudlaşdırılırdı.[60] Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı.[60] Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi.[61] Bu gərginliklər də 1651–1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi.[60][62] Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı. Şirvan bəylərbəyi Xosrov xanın komandanlığı altında yerli qumuqlarla əməkdaşıq edən Ərdəbil, Qarabağ və Astara qızılbaşları rusları məğlub etdilər, bazalarını ələ keçirdilər və özlərini qovdular.[63] Bundan sonra İsfahan və Moskva arasında elçilər yekun sülh müqaviləsini həll etmək üçün gedib gəlməyə başladı, lakin sülh müqaviləsi 10 il sonra imzalandı.[60]

Müharibədən əvvəl bölgədəki vəziyyət
[redaktə | mənbəni redaktə et]

XVII əsrdən etibarən Rusiya çarlığının Şimali Qafqazdakı əsas dayaq məntəqəsi Terek qalası oldu. Burada çarlıq voevodası və döyüşçüləri toplanmış idi. XVII əsrin ortalarında Terek məntəqəsi ətrafında 70 Kabardın əsilzadə ailəsi ilə birlikdə, bir çox rus, erməni, Azərbaycan türkü və fars yaşamaqda idi. Onlar ticarət və sənətkarlıqla məşğul olurdular. Şimali Qafqazdan olan əsilzadələr ətrafları ilə birlikdə buraya köçür və rus vətəndaşlığını qəbul edirdilər. Kabardin əsilzadələrindən biri olan Muçal Sunçaleyeviç Çərkəziskinin də burada evi var idi. O, 1645-ci ildə çar fərmanı ilə knyaz olmuş və qeyri-ruslar üzərində hakim təyin edilmişdi. Məntəqədəki qarnizona 2 min nəfərlik döyüşçü, 500 streles daxil idi. Onlara komandanlığı isə polkovnik rütbəsində olan məntəqə hakimi edirdi. Knyaz Muçalın özünün də 500 nəfərlik hərbi dəstəsi var idi və ehtiyac yaranacağı təqdirdə öz dəstəsi ilə rus ordusuna kömək etməyə borclu idi.[64][65]

Terek çayının sağ sahilində, Sunja çayı ilə Terek çayının birləşdiyi və müasir Qroznı şəhərinin şimal-şəörqində 1635-ci ildə ruslar Sunja həbsxanasını bərpa etdilər. 16450-ci ildən bir qədər sonra Knyaz Muçal öz təbəələri ilə birlikdə Terek məntəqəsindən köç edərək Sunja həbsxanasının yaxınlığında Sunjada yerləşdi. Onunla gələnlər kabardinlər, çeçenlər və qumuqlar idi. Həbsxananın 2 verst məsafəsində əvvəldən rus vətəndaşlığını qəbul etmiş olan İldar Mirzənin rəhbərliyində baraqunilər və ya Terek qumuqları yerləşdi. Sunjanın qərbində İvan Qorznı dönəmindən rus protektoratlığını qəbul etmiş olan kabardinlər yaşamaqda idi.[66]

1629-cu ildə Avar xanı rus çarına müraciət edərək Göysuda qala tikməsini istəmiş və bu işdə ona kömək edəcəyini söz vermişdi. Bundan başqa, Avar xanı rus çarından rus vətəndaşlığına girməsinə şərait yaradılmasını istəyir və çara Şimali Qafqazda tikilmiş ilk rus qalası olan Terekin salınmasında onun babasının yardım etdiyini xatırladırdı:[67][68]

" Mən, avar xanı, böyük hökmdarın birbaşa qulu kimi çıxış etdim və oğlumu sənin əlinə verdim. "

Bu dönəmdə Səfəvi imperiyasının Şimali Qafqazda yeritdiyi siyasət qumuqları ruslara yaxınlaşmağa və kömək istəməyə məcbur etdi. 1637-ci ildə qumuq şamxalı rus çarından onu öz təbəəsi kimi tanıdığını ehtiva edən məktub aldı. Bu zaman qumuqlar artıq Səfəvi imperiyasının vassalı olduqları üçün bununla iki qat vassallığı düşdülır, həm ruslardan, həm də qızılbaşlardan, lakin Dağıstanın Səfəvi hakimiyyəti altında olması Rusiyanın maraqlarına uyğun deyildi. 1642-ci ildə Rusiya hökuməti qızılbaşların Moskvadakı səfiri Acı bykə qəti şəkildə bəyan etdi ki, "qumuq xalqı çar əzəmətinin əbədi xidmətçiləridir", lakin qumuqlar həm rusların, həm də qızılbaşların bölgədə möhkəmlənməsinə əngəl olaraq, müstəqil siyasət yürütməkdə idilər. Şamxal III Surxay Başlıda qızılbaşların qala tikməsinin qarşısını aldı. Eyni zamanda onlar rusların bölgədə güclənməsini də istəməməkdə idilər. 1650-ci ildə Surxay xan ruslardan qaçan noqayları öz torpaqlarına qəbul etdi. Buna cavab olaraq onun torpaqlarına soxulan rus ordusu Germerçik döyüşündə noqay-qumuq ordusuna məğlub oldu. Bundan sonra Endirey qumuqlarının rəhbəri olan Qazan Alp Surxayla barışdı və bununla da 1642-ci ildən bəri qumuqlar arasında davam edən daxili mübarizə sonlandırıldı.[69][70][71]

Bunlar baş verərkən bölgədə qızılbaş təsir dairəsi də genişlənməkdə və artıq qumuqları təhdid etməkdə idi. Bölgədəki ən güclü qumuq hakimliyi Tarku şamxallığı idi. Bu hakimliyin rəhbərləri Buynaksk hökmdarı, Dağıstan valisi və yaxın zamana qədər Dərbənd xanı titulunu daşımaqda idilər. Bir digər önəmli qumuq hakimliyi isə Endirey şamxallığı idi. Dərbəndin şimal-qərbində Qaytaq usmiliyi yerləşməkdə idi. 1645-ci ildə II Abbas ruslara yaxın olduğu bilinən Rüstəm xan Qaytaqdan qovdu və onun yerinə özünə tabe olan Əmirxan Sultanı hakim təyin etdi.[72]

Müharibənin səbəbləri
[redaktə | mənbəni redaktə et]

1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında uzun müddətdir davam edən müharibə Qəsri Şirin sülh müqaviləsinin imzalanması ilə sonlandırıldı. Yeni imzalanmış müqaviləyə əsasən Qafqaz iki imperiya arasında nüfuz dairələrinə bölündü. Yeni konfiqurasiyaya görə Osmanlı və Krım xanlığı Qara dəniz sahili boyunca və Kabarda da öz üstünlüyünü qurmağa çalışarkən, Səfəvi şahı Dərbənddən yuxarıya doğru, Sunja çayına qədərki bölgələrdə öz nüfuz üstünlüyünü qura bilərdi. Belə bir şəraitdə bölgə üzərində Rusiya ilə Səfəvi imperiyasının maraqlı toqquşurdu. II Abbas taxta çıxdıqdan sonra ruslarla sülhü davam etdirməkdə qərarlı olub, ticarəti və əməkdaşlığı genişlətmək üçün addımlar atsa da, sonradan bu fikrindən daşındı. II Abbasın yeni məqsədi nəinki ruslasrın Dağıstan ərazisinə daxil olmasının qarşısını almaq, eyni zamanda rusları bütün Şimali Qafqazdan qovmaq idi. Bunun üçün şah dağlıların daxili işlərinə qarışmağa da başladı.[72]

Müharibənin başlamasında Xosrov xanın Xəzər dənizi sahilində fəaliyyət göstərən kazak dəstələrinə qarşı çıxması əsas oldu. Beləki 1650-ci ildə Qreben kazakları şamaxılı və dağıstanlı tacirlərin karvanına hücum eədərək karvanın mallarını yağmaladılar. Yağmalanan karvanda Səfəvi imperiyasının Şirvan bəylərbəyi olan Xosrov xanın da şəxsi malları var idi. Bir qədər sonra məlum olur ki, karvan iki dövlət arasında imzalanmış müqavilənin şərtərinə zidd olaraq hərəkəti barədə Terek hakiminə məlumat verməmiş və buna görə də, kazakların hücumuna məruz qalmışdır. Xosrov xan rus hakiminə göndərdiyi məktubda vurulmuş zərərin kompensasiyasının verilməsini və kazakların cəzalandırılmasını tələb edirdi. Xosrov xan Həştərxanın rus hakiminə yazdığı məktubda rus hökumətinin heç birt addım atmayacağı halda kazakların hökumət orqanları təlimatı üzrə hərəkət etdiyi qənaətinə gələrək bir ay içində "həm Tereki, həm də Həştərxanı qara torpağa" çevirə və kazakları özü cəzalandıra biləcəyini yazırdı. Rusiya ilə Səfəvi arasında hərbi əməliyyatların başlamasının bilavasitə səbəbi Sunja qalasının bərpası idi. Terek və Sunjadakı rus qalaları şahın Dağıstanda öz təsirini yaratmaq planlarına mane olurdu. Doğrusu 1658-ci ildə Moskvadakı qızılbaş səfiri Daqul Sultan bildirmişdi ki, müharibənin başlamasının səbəbi Sunja qalası yox, Terek qumuqları olmuşdur. Sunjada məntəqə salındıqdan və orada qumuqlar məskunlaşdıqdan sonra bölgədəki münaqişələr, qətllər və oğurluqlar çoxalmış, nəticədə Səfəvi təbəələri bölgəyə səfər edə bilməmişdirlər. Səfəvi tərəfinin hücuma hazırlaşdığından xəbərdar olan Tarku şamxalı III Surxay xan 1650-ci ildə Həştərxanın qubernatoru Qriqori Çerkəzskiyə məktub yazaraq hücuma hazırlaşmağın gərəkdiyini bildirdi. Qubernator bu məktuba cavab olaraq terek atamanlarına və kazaklarına əmr göndərərə Sunja həbsxanasına yardım etmələrini və mümkün hücumun qarşısını ala bilmək üçün tədbirlər görməyi əmr etdi.[72][73]

Sunja istehkamına I yürüş
[redaktə | mənbəni redaktə et]

1651-ci ildə Şirvanda olan Xosrov xan II Abbasdan fərman alır. Fərmanda ona vaxt itirmədən qızılbaş ordusunun Sunjaya yürüşünü təşkil etmək və orduya komandanlıq etmək əmr edilirdi. II Abbasın əmri sadəcə o qədər də böyük olmayan Sunja istehkamını ələ keçirməklə məhdudlaşmırdı. Xosrov xanın özünün də dediyi kimi II Abbas ona Sunjanı ələ keçirmək və vaxt itirmədən Həştərxana yürüş etməyi tapşırmışdı. Sunja qalasını ələ keçirməyi Xosrov xan Tarku şamxalı Surxay xana həvalə edir. Onun dəstəsinə Tarku qumuqlarından əlavə, Endirey qumuqları və Qaytaq usmiliyinin döyüşçüləri də daxil idi. Endirey qumuqlarına Qazan Alp, Qaytaq usmliyindən gələnlərə isə Əmirxan Sultan komandanlıq edirdi. Onlara kömək üçün Xosrov xan nizami qızılbaş ordusundan 800 nəfərlik dəstə və iki top da göndərir. 800 nəfərin 500-ü Şamaxıdan, 300-ü Dərbənddən idi. Həmçinin hazırlanan bu orduya noqay ordalarından olan dəstələr də Çoban Mirzə və Şatemir Mirzənin komandanlığı qoşuldular. Həmçinin Mıçık və Arqun çayları boyunca yaşayan çeçen camaatlıqları olan çıçkızyanlar və şibutyanlar da bu orduya qatılırlar. Sunjaya hücum etməyə hazırlaşan ordudakı döyüşçülərin sayı ümumilikdə 12 min nəfərə çatırdı. 25 oktyabr 1651-ci ildə birləşmiş ordu Sunja çayının sahilinə gəlib çatdı. İlk toqquşma Kazak Şadrinin məntəqəsi yaxınlığında baş verdi. Müdafiə mövqeyi tutan rus dəstələri müqavimət göstərməyi bacardılar və qızılbaşlarla qumuqların ilk hücumunu dəf edə bildilər.[72]

Uğur qazana bilməyən Surxay xan Tereki keçmək üçün Sunjanın ağızında yerləşən kazak məntəqəsi olan Verxnevo Çerlonova gəlib çatdılar. Artıq buradakı kazaklar özlərinə yeni möhkəmləndirilmiş istehkam qurmağı bacarmışdılar. 1 noyabr tarixində Terek voyvodası Knyaz Şetinin qızılbaşlarla döyüşən rus ordusu komandanı Knyaz Muçalın köməyinə yeni dəstələr göndərdi. Yeni dəstələrə atıcılar, boyar uşaqları və yni xristianlığa keçmiş olan və Tleva Tuqaşevin komandanlığında Yurt tatarları daxil idi. 2 noyabr tarixində Surxay xan yeni hücuma keçmək qərarına gəldi. Çerlenovoya gələn qızılbaş və qumuq ordusu Asmanovskiyə hücum etmək istəyirdilər. 2 noyabrda başlayan hücum yenə də ruslar tərəfindən dəf edildi və Knyaz Muçalın əks-hücumu uğurlu alındı. Qızılbaş və qumuq dəstələri Sunja çayına doğru geri çəkildilər. Mutçal öz dəstələrini Səfəvi ordusunu təqib etmək üçün göndərdi. Mutçalın qətiyyətli addımları və yardımın vaxtında yetişməsi nəticəsində ruslar Səfəvi hücumlarını dəf etməyi bacarmışdılar. Artıq 7 noyabrda Mutçalın gözətçiləri ona Səfəvi ordusunun tamamilə geri çəkildiyi məlumatını verdi. Səfəvi ordusunun hücumlarından ən çox əziyyət çəkən elə Knyaz Mutçalın öz təbəələri olmuşdu. Onun bildirdiyinə görə, hücum zamanı onun 3 minə qədər tatar atı, 500 dəvəsi, 10 min buynuzlu, 15 min buynuzsuz mal-heyvanı ələ keçirilmiş, xeyli sayda insan əsir aparılmışdır. Səfəvi ordusu üçün ilk yürüş uğursuzluqla nəticələndi. Surxay xan bəhanə yaratmaq üçün bildirdi ki, o, biıərəkdən Terek tatarlarının kəndlərini hədəf olaraq seçmişdir. Çünki onlar Kabardaya gedən yolları bağlamışdılar və bu hücumla onlara cavabb verilmiş oldu.[72][74]

Sunja istehkamına II yürüş
[redaktə | mənbəni redaktə et]

1652-ci ildə II Abbas yeni yürüşə hazırlaşırdı. Şamxal Surxay və Qazan Alp öz döyüşçüləri ilə birlikdə Aktaşeyə gəlib Sunja üzərinə yürüşə hazırlaşmağa başladılar. Buradan Krıma göndərilən elçilik onları da ruslar üzərinə olan yürüşdə iştirak etməyə dəvət etdi. Bu zaman çara sadiq olan tatarlar rusların yeni Terek qubernatoru Vasili Voilinskiyə Krım tatarlarının Azova gəlməsi və Həştərxan barədə danışmağa başlamaları haqda məlumat verdi. Rus hökumıti Sunja istehkamlarını gücləndirdi. İkinci yürüşün başlaması ərəfəsində istehkamdakı qarnizonu gücləndirmək üçün Mutçal Çərkəzski kabardın Murza Urus xan Yansoxovun və oğlunun rəhbərliyi altında dəstələr göndərdi. Onun özü isə qalaya daxil olmayaraq qıraqda qamağı və buradan qızılbaş ordusuna hücumlar etməyi üstün tutdu. Sunja istehkamında 800 nəfərlik rus qarnizonu var idi. Buraya 212 nəfər rus atıcılar və kazaklar, Urusxanın rəhbərliyində kabardinlər, İldar Mirzənin rəhbərliyində 500 nəfərlik Terek qumuqları daxil idi. Ordunun ümumi komandanı İvan Yatsin idi. 7 mart 1653-cü ildə Səfəvi imperiyasının qızılbaşlardan, noqaylardan, qumuqlardan, dağlılardan və Qafqaz qorçularından təşkil edilmiş ordusu Sunjanı mühasirəyə aldı. Yenə də orduya Şamxal Surxay xan rəhbərlik edirdi. Qalanı ələ keçirə bilməyən Surxay Terek boyunca olan kabardin və kazak kəndlərini yağmaladı və xarabazara çevirdi. Sunja istehkamında qalmış rus ordusunun vəziyyəti günü-gündən pisləşirdi. Surxay xan qala divarları önündə qüllə düzəltdirmiş və buradan istehkamı top atəşiə tutdurmuşdu. Həmçinin meşədən odunlar gətirilmiş və qala divarları yanında yandırılmışdı.[72]

Terek şəhərindən mühasirəyə alınanlar üçün Semyon Stromilovun komandanlığı altında süvari dəstəsi, həmçinin çeçenlərdən təşkil edən dəstə yardım kimi göndərildi. Çeçenlərə Çepay Murza komandanlıq edirdi, lakin bu dəstə mühasirəyə alınanlara kömək etmək üçün yarıb keçə bilmədi və düşmən tərəfindən dəf edilərək Tərekə qayıtdı. Terekin özünə də hücum təhlükəsi olduğuna görə Terek qubernatoru Sunjanın yardımına çox ordu göndərə bilmirdi. Martın 14-də İvan Dolqovo-Saburovun 200 oxatan döyüşçüsü Həştərxandan Terekə getdi. Həştərxanın da hücuma məruz qalacağı barədə söz-söhbət gəzdiyinə görə oradan da ordunun cəbhəyə göndərilməsi mümkün olmurdu. 19 martda istehkamdakı Terek qumuqları İldar Mirzənin komandanlığı altında Surxay xanla danışıqlara başlayıb qalanı tərk etdilər. Qaladakılar daha 4 gün müqavimət göstərdikdən sonra məsləhətləşərək oranı tərk edib Terekə getdilər. Sunjaya daxil olan qızılbaş ordusu hər yeri yandırdı. Bir qədər sonra Surxay xan da Tarkuya qayıtdı. 1653-cü ildə Aleksey Mixailoviç son münaqişə barədə göndərdiyi məktubda orada döyüşmüş rus zabitlərinə, ruslara yardım edən Yansoxov kimi şəxslərə təşəkkür edirdi. Onlara təşəkkür edilməsinin əsas səbəbi qalada uzun müddət müqavimət göstərmək və çarın xəzinəsini oradan xilas etmək idi.[75][72][76]

1653-cü ilin qarşıdakı hərbi əməliyyatlarında II Abbas daha da irəliləməyi planlayırdı. Onun məqsədi Tereki, Həştərxanı tutmaq və rusları bütün Qafqazdan qovmaq idi. Bunun üçün Surxay xan öz ordusunu toplamış, bölgədəki qızılbaş ordusu Dərbəndə yığışmış, İsfahanda da II Abbasın komandanlığında böyük qızılbaş ordusunun toplanmasına başlanmışdı, lakin vəziyyət gözlənilmədən dəyişdi. Böyük Moğol imperiyasının şərq sərhədlərinə hücum etməsi və Qəndəharı yenidən mühasirəyə alması II Abbasın planlarını dəyişdirdi. İki cəbhədə müharibə aparmaq istəməyən Abbas ruslarla danışıqlara başladı. Rusiya özü də Polşa iləı yeni müharibəyə hazırlaşırdı və Səfəvi imperiyası ilə sülh də maraqlı idi. Knyaz İvan Lobanov-Rostovski və İvan Kominin Həştərxandan 1654-cü ilin aprelində səfir kimi Səfəvi imperiyasına yola düşdülər və Fərəhabadda II Abbasla görüşdülər. Qarşılıqlı güzəştlər əsasında keçən görüşdən sonra oktyabr ayında rus elçilər geri döndülər. Sunja istehkamının ələ keçirilməsi Şimali Qafqazda Səfəvi mövqelərinin güclənməsinə səbəb oldu. Dağlılara təzyiqi daha da artıran II Abbas 1658-ci ildə qumuqların torpaqlarında iki qalanın tikildiyini elan etdi. Bu yerlilərin üsyan qaldırması ilə nəticələndi. 1659-cu ildə Surxay xan, Əhməd xan Djenquteyski, Qazan Alp Endireyski, Buday bəy Maqomatotov rus asılılığına keçdilər.[72][60][62]

Maliyyə tənəzzülü

[redaktə | mənbəni redaktə et]
Gəncə zərbxanasında 1658-ci ildə zərb edilmiş gümüş sikkə. Baş vəzir Məhəmməd bəyin dövlətin qızıl ehtiyatlarını artırmaq üçün qızıl sikkə zərbini qadağan etmiş, onun əvəzində dövriyyəyə gümüş sikkələr buraxılmışdı.[77]

Xəlifə Sultan vəzifəyə gəldikdən qısa müddət sonra ov mərasimlərinin təşkilatçısı olan Allahverdi xanla rəqib oldu. Şah Abbasın uşaqlıq dostu və qulam olan Allahverdi xan bürokratik mərtəbələri sürətlə yüksələrək ilk öncə ov mərasimi rəhbəri, daha sonra 1649-cu ildə qorçubaşı oldu. 1650-ci illərin əvvəllərindən Allahverdi şahın mütləq sevimlisi oldu və o, 1654-cü ildə Xəlifə Sultanın ölümündən sonra yeni baş vəzir seçimlərində şaha təsir etdi.[78] Onun məsləhəti ilə Abbas Məhəmməd bəyi baş vəzir təyin edərək saray işlərini ona tapşırdı.[79] Onun vəzifəyə gəlməsindən bir müddət sonra imperiyada maliyyə böhranı meydana çıxdı. Bunun əsas səbəbləri şahın Qəndəhar üzərinə həyata keçirdiyi bahalı hərbi əməliyyatlar və ipək ticarəti üçün xammal ehtiyatlarının qıtlığı idi. Məhəmməd bəy iqtisadi məsələlərdə uzun təcrübəsinə baxmayaraq, bu məsələni həll edə bilmədi. O, xüsusən orduya sərf edilən böyük məbləğlərdən və mərkəziləşdirmənin gətirdiyi büdcə azalmalarından qaynaqlanan problemləri həll etmədə uğursuz oldu.[80] Ordu ilə bağlı məsələlərdə, o, böyük maaş ödənişlərindən qurtulmaq üçün Sipəhsalar vəzifəsini və ordunun artilleriya bölməsini ləğv etdi.[77] Həmçinin Məhəmməd bəy şahın müsadirə edib sahibləndiyi malikanələri satmaq istəyirdi. Jan Şardenə görə, təkcə İsfahanda şahın sahibi olduğu 137 malikanə mövcud idi. Ancaq heç kim onları almadı və Məhəmməd bəyin planı uğursuz oldu.[81] Bundan sonra o, qızıl sikkələrin istifadəsinə qadağan etdi, nəticədə imperiya ərazisi gümüş sikkələrlə dolmağa başladı.[77]

Məhəmməd Bəyin tədbirlərinin bəlkə də ən təsəvv etməsi çətin olanı və fəlakətlisi səltənətin bəzi təbii ehtiyatlarını açmaq və istifadə etmək planı idi. O, İsfahan yaxınlığındakı qiymətli metal yataqlarından yararlanmaq üçün səy göstərdi və yardımı fırıldaqçılıqdan bir qədər yaxşı dəyərləndirilə bilinəcək Chapelle de Han alı ilə özünü fransız kimi təqdim edən şəxsi işə götürdü. O, bir digər nəticəsiz cəhd kimi bir digər kömür mədənini işə saldı.[81] Bütün bu addımlar və özünün qohumlarını vəzifələrə təyin etdirməsi onu sarayda ən nifrət edilən şəxs vəziyyətinə saldı. Bu zaman ərzində Abbas zamanını ya hərəmdə, ya ov mərasimlərində, ya da içki məclislərində keçirirdi və Məhəmməd bəy onun işlərindən olan narazılıqları ondan gizlədirdi.[82] Nəhayət, Məhəmməd bəyin yalanlarını və hiylələrini Abbasa çatdıran ilk tərəfdarı Allahverdi xan oldu və onun səyi ilə Məhəmməd bəy şahın gözündən düşdü. Şah 1661-ci ilin 19 yanvarında onu Quma sürgün etdi. Məhəmməd bəyin vəzifədən uzaqlaşdırılması ona rüşvət verərək susmasını təmin edən, imperiya daxilində ticarət edərək gizli şəkildə qızılı xaricə çıxaran Holland Şərqi Hindistan Şirkəti üçün böyük itki olaraq dəyərləndirildi.[83]

II Abbasən məşhur şiə teoloqu Məhəmməd Baqır Səbzəvariyə təqaüd verilməsini nəzərdə tutan fərmanı.

II Abbasın hakimiyyəti dövrü qeyri-şiə olan əhaliyə qarşı münasibətdə paradokslar dövrü kimi xarakterizə edilə bilər. O, şiə fiqh əsərlərinin fars dilinə tərcümə olunmasını tapşırmış və vergilər haqqında din alimləri ilə məsləhətləşmişdir.[84] O, öz dövrünün böyük şiə alimləri hesab edilən Feyz Kaşani, Məhəmməd Baqir SəbzəvariMəhəmməd Taği Məclisi (Məhəmməd Baqir Məclisinin atası) ilə çox yaxın əlaqələr saxlasa da, özü heç vaxt qatı dindar olmamışdır.[85] O, əcdadlarının yetişdiyi sufi ordeninə böyük hörmət göstərir, Səfəviyyə ordenindən olan əcdadlarının şəhəri olan Ərdəbildə orden üçün böyük tikililər inşa etdirir və sufilərlə görüşlər təşkil etdirirdi.[86] Lakin onun dövründə sufilərin təqib edilməsi daha da artdı və şiə alimləri olan Mir Lavhi və Məhəmməd Tahir Qumi kimi şəxslərin antisufi əsərləri çoxaldı.[87] Çox zaman əhali tərəfindən məsihvari təqdim edilən Əbu Müslim əl-Xorasani kimi şəxslər Xəlifə Sultanın baş vəzirliyi dövründə tənqid hədəfinə çevrildilər. Əhməd ibn Məhəmməd Ərdəbili bu mövzuda "Həqiqət əl-Şiə" əsərini də məhz bu dövrdə yazmışdı.[88] II Abbasın özü də din xadimləri tərəfindən sevilən şəxs deyildi. Bəzən bəzi din xadimləri iddia edirdilər ki, Abbas yerinə daha uyğun monxarxın gələ bilməsi üçün taxtdan imtina etməlidir. Bunun əsas səbəbi onlara görı şahın dini qaydalara uyğun həyat yaşamaması idi.[89] Abbas özünün saray əyanları ilə təşkil etdiyi məclislərdə xeyli miqdarda spirtli içki içirdi, lakin ironik olsa da, öz işçilərini sərxoşluğa görə vəzifəsindən də kənarlaşdırırdı. 1653-cü ildə Abbas din xadimləri tərəfindən — çox güman ki bu şəxs Səbzəvari olmuşdur — spirtli içki içməyi tərkidməyə sövq edildi. Onlar şaha içkini tərgidəcəyi halda daha güclü və xoşbəxt olmaqla bərabər, eyni zamanda daha uzun yaşayacağını bildirib, buna misal kimi əcdadı I Təhmasibi göstərirdilər.[90] Nəticədə qısa müddətlik də olsa, 1653–1654-cü illərdə spirtli içkilərin satışı qadağan edildi.[87]

Şəxsi əqidəsindən asılı olmayaraq, Abbas yenə də dini dəyişməni sələflərindən daha şiddətlə davam etdirirdi.[91] 1645 və 1654-cü illər aralığındakı müxtəlif dönəmlərdə Səfəvi hakim dairələri imperiyada yaşayan yəhudilərə İslam dininə keçməyə, Yeni Culfada yaşayan ermənilərə isə oranı boşaltmağa məcbur etmişdirlər.[91] Məhəmməd Tahir Vahid Qəzvini tərəfindən yazılan Abbasnamə əsərinə görə, bu əsnada 2 min yəhudi İslam dinini qəbul etmiş və xristianlara kilsə tikmək qadağan edilmişdir. Təbrizli Arakel bu rəqəmin 350 olduğunu bildirir.[92][93] Abbasın özü xristianlara qarşı dözümlü idi. O, tez-tez erməni kilsə mərasimlərində iştirak etmiş və 1653-cü ildə İsfahanda yezuitlərə nümayəndəlik yaratmağa icazə vermişdi. O, yüksək rütbəli şiə teoloqları hesab edilən İsfahanın şeyxülislamını və sarayın imam cüməsini xristianlar əleyhinə xütbə oxuduqları üçün vəzifələrindən qovmuş, hətta sarayın imam cüməsini dirəyə oturtmaqla hədələmişdir.[94] Məhəmməd bəyin vəzifəsindən azad edilməsindən 3 il sonra Vank kafedralının və 5 başqa kilsənin tikintisi sonlandırılmışdır.[95]

Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyasının ordusu və hərbi sistemi həm Osmanlı imperiyası ilə mövcud olan sülh şəraitinə, həm də meydana çıxmış iqtisadi böhrana görə zəifləməyə başladı.[26] Bu geriləmə ilk özünü əyalətdəki ordu birləşmələrində özünü göstərdi. Bu tendensiya hələ özünü imperiyanın əsas ordusuna sıçramamışdı və 1654-cü ildə bu ordu 600 nəfərlik kiçik qorçu bölməsinin yaradılması ilə gücləndirildi. Bu say daha sonra 2 min döyüşçüyə çıxarıldı.[29] Lakin artıq imperiya büdcəsi orduya ödəniş edə bilmirdi və sarayın dəbdəbəli yaşayışını təmin etdiyinə görə daimi təzyiq altında idi. Nəticədə bir müddət keçdikdən sonra orduda xidmət edən döyüşçülər kasıblamağa başladılar.[26] Ordu bölmələrinin döyüş bacarığı aşağı düşdü və Səfəvi ordusunun artıq müharibə üçün yox, hərbi paradlar üçün yararlı olduğu söylənməyə başladı.[29]

II Abbas özbək elçisiniqəbul edərkən. Yazılmışdır: "əl-Sultan Şah Abbas və Əkbər ibn Hümayun", lakin 1880-ci ildə, yəni Qacar dövründə çəkilmiş rəsmdə heç bir hindli və ya moğola bənzər şəxs görünməməkdədir.

Abbasın xarici siyasəti dəqiq hesablamalara və diqqətə əsaslanırdı.[96] Onun hakimiyyəti dövründə, VOK və Şərqi Hindistan Şirkəti kimi avropalı dənizaşırı şirkətlər Abbas tərəfindən onlara verilmiş imtiyazlardan yararlanmaqda idilər.[97] Buna qədər artıq onlar Şirazİsfahan kimi şəhərlərdə öz mərkəzlərini qurmuşdular. Holland və ingilis tacirlər imperiyadan atlas, kadifə, tafta kimi müxtəlif mallar satın alır, əvəzində ədviyyat, şəkər, toxuculuq sənayesi malları satırdılar. Bu ticarətin getdiyi əsas yer İran körfəzi idi. Bu şirkətlərlə bəzən münaqişələrdə yaşanmaqda idi. Belə gərginliyin zirvəsi 1645-ci ildə oldu. Bu ildə VOK ipək ticarətində gedilən sərtləşdirmələrdən sonra Bəndər Abbası dəniz blokadasına aldı. Blokada qısamüddətli oldu, çünki öz kommersiya itkilərindən və çəkilən xərclərdən ehtiyatlanan hollandlar Səfəvi imperiyasının tələblərinə boyun əydilər, bundan sonra 1652-ci ildə yeni ipək müqaviləsi bağladılar.[97] Fransız Şərqi Hindistan Şirkəti də Səfəvi imperiyası ilə ticarət əlaqələrinə başlamağa çalışmışdı. Abbas ölümünə yaxın verdiyi fərmanla bu ticarət əlaqələrinə icazə versə də, praktikada ticarət əlaqələrinin başlaması mümkün olmadı.[98]

Osmanlı imperiyası sülh münasibətləri Abbasın hakimiyyəti dövründə də davam etdi. Abbas ümumiyyətlə öz sərhədlərini genişləndirməl barədə düşünmürdü. Məsələn, Cənubi Qafqazda yaranmış real müharibə şəraiti fonunda bölgədəki Osmanlı paşası mülki əhalini təxliyə etsə də, Abbas müharibənin reallaşmasına icazə vermədi. Belə bir başqa hal Bəsrədə də yaşanmışdı. Orada varislik məsələsini həll etmək üçün şahın yardımı istənsə də, o, bu məsələyə müdaxilə etməmişdi.[98] Osmanlı ilə müharibənin olmamasının bir digər səbəbi qarşı tərəfin də buna isti yanaşmaması idi. Osmanlı sultanı IV Mehmed bu zaman Krımda müharibə etməklə məşğul idi, həmçinin 1660-cı ildə İstanbulda şəhərin böyük bir hissəsinin yanması ilə nəticələnən yanğın meydana çıxmışdı.[98] Davamlı sülhün əlaməti olaraq 1657-ci ildə iki imperiya arasında Anadolu ticarət yollarının əhəmiyyətini və quru ipək ticarətində ermənilərin rolunu daha da təsdiqləyən yeni ticarət müqaviləsi imzalandı.[99]

Özbəklərlə olan münasibətlər də sülhə əsaslanan vəziyyətdə idi. Xivənin yeni xanı olan və I Səfinin sarayında sürgündə ikən bir çox illərini keçirən Əbülqazi Bahadur Abbasla eyni ildə xanlıq taxtına çıxdı. O, Xorasan həndəvərində olan sərhəd boyunca Səfəvi imperiyasını təhdid etmədi.[44] Lakin Buxara ilə olan münasibətlər gərgin olaraq qalmaqda idi. Bu gərginlik özbək yürüşlərinə görə yox, Buxaradan qaçaraq Səfəvi sarayına sığınan qaçaq xanlara görə yaşanmaqda idi.[44] 1646-cı ildə Buxara xanı olan Nadir Məhəmməd xan Bəlxi moğollara itirdikdən və oğlu Əbdüləziz xan tərəfindən devrildikdən sonra gənc Abbasın sarayına sığındı. Abbas onunla son dərəcə hörmət və ehtiramla davrandı, Nadir Məhəmməd xəstələndiyi zaman Abbas öz şəxsi həkimini onu müalicə etməsi üçün göndərib özü də ziyarətinə getdi.[100] Bunun qarşılığında Nadir Məhəmməd də şahı gördüyü zaman böyük hörmət sərgilədi. Başlanğıcda şah ona öz taxtını geri almaq üçün hərbi yardım göstərmək istəsə də, Sarı Tağı buna əngəl oldu. Sonda Səfəvilərin yardımı ilə Nadir Məhəmməd və oğlu Əbdüləziz razılığa gələ bildilər, lakin bu razılıq 1650-ci illərin əvvəllərində yeni bir münaqişənin meydana çıxmasına səbəb oldu və Nadir Məhəmməd yenidən İsfahana qaçmaq qərarına gəldi. 1653-cü ildə İsfahan yolunda ikən o, vəfat etdi.[44][100] Bundan sonra Abbas Buxara özbəkləri ilə razılığa gəldi və bu razılığa əsasən özbəklə onun hakimiyyətinin sonuna qədər Səfəvi torpaqlarına yağma yürüşləri etməkdən əl çəkdilər.[97]

Abbasın dövründə xeyli incəsənət nümunəsi tamamlandı. Buna misal olaraq Xacu körpüsünü, Çəhəl Sütun sarayının tamamlanmasını və Ali Qapının genişləndirilməsini göstərmək olar.[101] Onun İsfahandakı tikintiləri şəhərin ictimai sferasının genişlənməsinə gətirib çıxardı, şahlıq himayədarlığını və Naqali (Şahnamənin hekayəsi) şəklində məşhur əyləncəni birləşdirən canlı qəhvəxana mədəniyyəti meydana çıxdı.[102] Hakimiyyəti boyunca incəsənətə sponsorluq edilməsi davam etdi və XVII əsrin ortalarında imperiya boyunca incəsənətin çiçəklənməsinə səbəb oldu. Səfəvi miniatürü "Şahnamə"nin ən azı beş əlyazmasında öz töhfəsini vermiş və tək səhifəlik illüstrasiyaları ilə tanınan, Rza Abbasinin tələbəsi olan Muin Müsəvvər ilə müxtəlifliyin yeni zirvəyə çatdı.[103]

Ənənəvi miniatürlərə olan təlabat da qalmaqda idi. Əfzələl Hüseyni və Malik Hüseyn İsfahani kimi rəssamlar "Şahnamə" üçün rəsmlər çəkirdilər. Belə rəsmlərdən biri də şərab qabları və meyvələrlə oturan gənc oğlanın rəsmidir.[103] Abbas həmçinin hollandiyalı rəssamları işə götürür və rəsmlər çəkdirir, eyni zamanda farangi-sazi, yəni Avropa nümunəsində rəsm əsərləri çəkənləri də dəstəkləyirdi.[104] Abbasın saray rəssamlarından ikisi, Məhəmməd ZamanƏliqulu Cabbadar Avropa rəssamlıq üslubundan təsirlənərək ya onu köçürmək, ya da ənənəvi Səfəvi mövzularını Qərb üslubunda nümayiş etdirmək üçün səy göstərmişdirlər.[105] Məhəmməd Zaman həyatının 2–3 ilini Romada keçirmişdi.[106] Abbasın hakimiyyətinin şah əsərləri Çəhəl Sütun sarayının divarlarındakı rəsm əsərləridir. Novruz şənlikləri üçün nəzərdə tutulmuş saray olan Çəhəl Sütunun divar rəsmləri sarayın dekorativ proqramının ən mühüm hissəsini təşkil edir. Divar rəsmlərində tarixi hadisələrə tez-tez yer ayrılmışdır. Buna misal olaraq I İsmayılla Məhəmməd Şeybani arasında baş vermiş Mərv döyüşünün, I Təhmasiblə moğol hökmdarı Hümayunun görüşünün, I Abbasla Buxara xanı Vəli Məhəmməd xanın görüşünün, II Abbasın Nadir Məhəmməd xanla görüşünün rəsmlərini göstərmək olar.[107]

Səfəvi keramika istehsalı da iqtisadi tənəzzülə baxmayaraq Abbasın dövründə sürətli şəkildə davam etdi. Çin təsiri nəticəsində 1640–1650-ci illər arasında keramika Çindən gətirilən çini məmulatlarına uyğun olaraq mavi-ağ temalı oldu.[108]

Əsasən Kirman emalatxanalarında hazırlanan bu keramika, 1643–1645-ci illərdə Min sülaləsinin süqutundan sonra 1683-cü ilə qədər ixracı məhdudlaşdırılan Çin çinisinə alternativ axtaran Bəndər-Abbasdakı hollandingilis tacirlərinin diqqətini cəlb etmək üçün kifayət qədər keyfiyyətli idi. Keramika ilə yanaşı, Kirman İsfahan və Kaşanla yanaşı, Səfəvi xalça sənayesinin mərkəzləri olaraq qalmağa davam edirdi; onlar həm saray, həm də saraya aidiyyatı olmayan Səfəvi bazarları üçün qızıl və gümüş brokar ilə ipək xalçalar istehsal edirdilər.[109]

Şəxsiyyəti və görünüşü

[redaktə | mənbəni redaktə et]
II Abbasın hal-hazırda Bruklin muzeyində saxlanan rəsmi.

Qərbli səyyahlar tez-tez Abbasın xasiyyətini müsbət təsvir edirlər. O, dostlara da, yadlara da səxavətli idi, xüsusən də əyləncə gecələrində. Abbas spirtli içki içməyə cəmi 17 yaşında, yəni 1649-cu ildə başlamışdı. Onun şənlik məclisləri həyatının ən yaxşı sənədləşdirilmiş hissəsidir və onların hamısı "Abbasnamə" əsərində ətraflı təsvir edilmişdir.[110] Şah adətən az sayda sevimli saray adamlarını dəvət edib onlarla içki içərdi. Novruz şənlikləri və şahlıq ov şənlikləri[d] boyunca şərabın sərbəst şəkildə paylanmasına icazə verirdi və tez-tez İsfahandakı Qərb sakinlərini ona qoşulmağa dəvət edirdi.[111] O, qərblilərə Rusiya tərəfindən hədiyyə edilən, "tamamilə qiymətli daşlarla, əsasən də kəsilməmiş yaqutlarla bəzədilmiş" qızıl fincanından şərab içməyə icazə verirdi.[112]

Abbas özünün ədalət hissinə görə təriflənmişdir. Şardenin sözləri ilə desək, o, özünü azadlığı, o cümlədən vicdan azadlığını məhdudlaşdıran tiran kimi deyil, bütün təbəələrinin rifahına cavabdeh olan şah kimi hökmranlıq etmək üçün Tanrı tərəfindən taxtda oturmuş hesab edirdi. Qərbdən gəlmiş səyyahların gözü ilə bu ədalət hissi onu bəzən qəddarlığa yönəldirdi və bu qərblilər tərəfindən bəzən günah kimi dəyərləndirilirdi, lakin bu əməlləri atası Səfinin qəddarlığından çox babası I Abbasın sərt cəzalandırmalarına bənzəməkdə idi. Şardenin sözlərinə görə, Səfəvi imperiyasında yaşayanlar II Abbasın ədalətini yüksək qiymətləndirərək, onun xalqı ilə yaxşı rəftar etdiyini, eyni zamanda xaricdə özünə qarşı qorxu formalaşdırdığını, ədaləti sevdiyini və öz xalqına zülm etmək üçün səlahiyyətindən sui-istifadə etmədiyini bildiriblər.[113]

1652-ci ildə Abbasla görüşən VOK elçisi Joan Kuneaus onu orta boylu, olduqca arıq, elastik və saqqalsız olaraq təsvir edir. Bununla belə, sağ qalmış portretlər onun uzun siması, kəskin şəkildə müəyyən edilmiş cizgiləri və geniş, uzun bığları olduğunu göstərir.[114] Bəzi rəsmlərdə, məsələn Çəhəl Sütun sarayında çəkilmiş rəsmdə Abbas çox tünd rəngli saqqal və bığla, digərlərində isə üz tükləri açıq rəngli, hətta demək olar ki, sarı tük rəngi ilə çəkilmişdir.[115]

L. Lokhart qeyd edir:

" Təbiətən qəddar şəxs olan II Abbas umumilikdə, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək sələfləri kimi o da, tufeyli həyat tərzinə meyl göstərsə də, hakimiyyət buxovlarını əlindən buraxmırdı. O şahın güclü xalqlar tarixləri ilə, cəsur savaşcılar döyüşləri ilə, mərd hakimlər isə əməlləri ilə yadda qalacaq ifadəsini xüsusi ilə xatirəsində vurğulayaraq qeyd edirdi. "

A. Bakıxanov da "ədalətlilik, ciddilik və poeziyaya məhəbbətin" II Abbasın səciyyəvi cəhətləri olduğunu qeyd edir.[116]

C. Malkolm II Abbas barəsində yazır :

" Şəraba aludəçilik bu şahzadəni tez-tez ekstaz vəziyyətlərə salır və onun hakimiyyətinə xələl gətirirdi. Məhz belə anlarda o çox dəymədüşər, əsəbi və ədalətsiz olur. Bu növ ekstazlar əsasən sarayın daxilində baş verdiyindən ölkə əhalisi onu Azərbaycanda bütün dövrlərdə hakimiyyətdə olmuş padişahların ən görkəmlisi və ədalətlisi kimi tanıyırdı. II Abbas dövlət məmurlarına qarşı sərt, camaata qarşı isə mülayim və səbrli idi, öz təbəələrinin həyat və tərəqqisini lazımınca təmin edirdi. Abbas adını daşıdığı böyük babası kimi bütün dinlərə münasibətdə tolerantlıq nümayiş etdirirdi. Ancaq xristianlara qarşı xüsusi, müsbət mənada fərqli münasibət bəsləyirdi.[117] "
1665-ci ildə Tiflisdə yerləşən zərbxanada zərb edilmiş sikkə.

Hakimiyyətinin ilk illərində II Abbas sikkəkəsmədə özünün ulu babası olan I Abbasın dövründəki ifadələrdən istifadə edirdi. Buna misal olaraq, "Abbas banda-ye shāh-e velāyat" (Abbas, mülkün sahibinin qulluqçusu) ifadəsini göstərmək olar, lakin 1644-cü ildə bu sahədə dəyişikliyə gedildi. Qeyd edilən ifadə "beh-giti sekka-ye sāhebqerāni / zad az towfiq-e haqq ‘Abbās-e Sāni" ilə dəyişdirildi.[118] Göründüyü kimi bu ifadədə II Abbas özünü Sahib Qıran, yəni Uğurlu Birləşmənin Ağası olaraq təsvir edir və müvafiq olaraq, öz sikkələrini sahibqırani adlandırır. Bu ad tədricən hər hansı bir dövlət sikkəsinə münasibətdə geniş istifadə olundu.[118]

Onun hakimiyyəti dövründə ortaya çıxan maliyyə böhranı nəticəsində imperiyanın sikkələrinin çəkisi azaldıldı və imperiya boyunca fəaliyyət göstərən zərbxanaların sayı 19-dan 16-a düşdü.[119] Hakimiyyətinin son onilliyində bu zərbxanalardan yalnız 10-u fəaliyyət göstərməkdə idi.[120] Avropada istifadə edilən mexaniki zərb texnikası ilk dəfə imperiya ərazisində onun dövründə tədbiq edildi. Abbasın bu texnikaya heyran olduğu söylənilir.[121]

II Abbası öz atasından və varislərindən fərqləndirən ən özəllik onun dövlət işləri ilə davamlı olaraq maraqlanmasıdır. Bu xüsusiyyəti özünün içki düşkünlüyünün və xəsətliyinin zirvədə olduğu zamanlarda belə ortadan qalxmamışdır.[114] Rudi Matthee kimi tarixçilər tərəfindən Səfəvi sülaləsinin son güclü hökmdarı kimi təsvir edilən II Abbas,[122] tez-tez I İsmayılI Abbasla birlikdə sülalənni ən güclü hökmdarları siyahısına salınır. Hətta onun cəhdlərini önləyən əngəllərin olmayacağı halda, sülalənin süqutunu önləyə biləcək hökmdar olacağı qeyd edilir.[109][123][114] Avropalı səyyahlar II Abbası firavan bir səltənəti idarə etdiyinə və yolları Avropadakından daha təhlükəsiz etdiyinə görə öz xatirələrində tərifləmişdirlər. Bununla belə onlar, II Abbasın imperiya boyunca daxili bürokratiyasının çürüdüyünü və ya onun Qəndəhar üzərinə həyata keçirdiyi yürüşün imperiyanı iqtisadi böhrana sürüklədiyinin fərqinə vara bilmirdilər. Bu maliyyə böhranı sülalənin süqutuna qədər davam etdi.[123]

Abbas bürokratiyadakı korrupsiya və ya hansısa mənfi hadisə eşidən kimi dərhal məsələni öz gündəminə daxil edirdi. Söhbət ədalət mühakiməsinin normal həyata keçirilməsindən, istər mülki, istərsə də hərbi qurumların siyasi və inzibati orqanlarının nəzarətində olmasından asılı olmayaraq, despotizm, qanun pozuntuları və ya qanunsuzluq hallarına tez müdaxilə edirdi.[124] Ədaləti təmin edə bilmək üçün o, həftələrlə və ya günlərlə çalışırdi və onun hakimiyyəti dövründə hələ də sadə əhaliyə saraya petisiyalar ünvanlamaq imkanı saxlanılırdı. II Abbas öz böyük vəzirlərini ağıllı şəkildə seçirdi. O, onları qəbilə, din xadimi və ya qulam maraqlarını təmsil edən, lakin ilk növbədə maliyyə və inzibati səriştələri əsasında müxtəlif mənşəli şəxslərdən işə götürürdü və öz siyasətlərini təmin etmək üçün onlara kifayət qədər güc verirdi.[15] Məhz onun səyləri nəticəsində 24 illik hakimiyyət dövründə sülh şəraiti hakim olmuş və üsyanlar yaşanmamışdır. İmperiyada qeydə alınan salnamələrdə məsələn Hicri təqvimlərlə 1060 və 1069-cu illər hadisəsiz olaraq təsvir edilirdi və Qərbdən gəlmiş səyyahlar imperiyada yaşayan kəndlilərin yaxşı şəraitdə yaşamalarına heyranlıq edirdilər, halbuki həmin dövrdə imperiyadakı kəndlilərin vəziyyətinin əksinə olaraq, Qərbdəki kəndlilər səfalət içində yaşamaqda idilər.[40] Eyni qərbli səyyahlar onun varisi dövründədə imperiyanı ziyarət edən zaman Abbasın hakimiyyəti dövründən nostalgiya kimi bəhs edirlər. Bu zaman imperiyaya onun oğlu I Süleyman rəhbərlik etməkdə idi. İsfahanın 1722-ci ildə əfqanlar tərəfindən mühasirəyə alınıb ələ keçirilməsijndən sonra hadisəni təsvir edənlər II Abbasdan güclü hökmdar və sülalənin hakimiyyətinin süqutunu müvəqqətini durduran şəxs kimi bəhs edirlər. Hans Robert Roemer kimi müasir tarixçilər onu ədalətli, mərhəmətli və hətta liberal hökmdar deyə bəhs edir və onun dövrünün sonunu Səfəvilərin uzun sürən firavanlıq və sülh dövrünün sonukimi qiymətləndirir.[125][126]

Məsumə Fatimə türbəsində yerləşən II Abbasın məqbərəsinin rəsmi.

1661-ci ildə Abbas Mirzə Məhəmməd Kərakini özünün dördüncü və sonuncu baş vəziri təyin etdi.[79] Kəraki bundan əvvəl icra etdiyi sədr-i məmalik (dini işlər naziri) vəzifəsi ilə hər kəsi özündən razı salmışdı və şəcərə etibarilə bir məşhur Kəraki ailəsinə mənsub olmaqla birlikdə, onun ulu babası Şeyx Əli Kəraki I Təhmasibin dini işlər üzrə köməkçisi olmuşdu.[127] O, tarixi qaynaqlarda nüfuzsuz, aktiv fəaliyyət göstərmə bacarığəndan yoxsun və saraydakı bir qruplaşmanın kuklası kimi təqdim edilir.[128] Onun vəzifədəki illəri Levant ilə quru ticarətinin çiçəklənməsi dövrü oldu. O, Məhəmməd bəyin də ortadan qaldırmağa çalışıb uğursuz olduğu qiymətli metaldan hazırlanmış sikkə problemini həll etməyə çalışdı.[129] Bu əsnada o, daxili çəkişmələrlə də əlləşməkdə idi. Onun təşviqi ilə qorçubaşı Murtazaqulu xan Qacarın başı kəsilmiş və onun təlqini ilə şah öz varisini edam etdirmişdi. Onun baş nazirliyi dönəmində Abbas zamanının çoxunu hərəmdə keçirir və öz baş vəzirini işlərindən uzaq tuturdu. Kəraki hətta şahın Sam Mirzə adında şahzadəsinin olmasından belə xəbərsiz idi.[130]

Hakimiyyətinin son onilliyində Abbas dövlət işləri ilə məşğul olmağı sonlandıraraq öz zamanının çoxunu eyş-işrət məclislərinə həsr etdi. Əvvəlcə onun davamlı içki içməsi idarəçiliyinə təsir göstərməsə də, tədricən vəziyyət dəyişməyə başladı. Dəbdəbəli ziyafətlər verir və bu məclislərdən sonra iki-üç həftə camaatdan gizlənirdi.[131] Nəhayət 26 oktyabr 1666-cı ildə özünün qış sarayının yerləşdiyi Behşəhrdə ikən II Abbas vəfat etdi. Onun ölüm səbəbi halsızlıq və müxtəlif xəstəliklərdən qaynaqlanmışdı. Onu öldürən xəstəliklər siyahısına sifilis və çox spirtli içki qəbulundan qaynaqlanan boğaz xərçəngi də daxil idi.[26] O, öldükdən sonra Qumda dəfn edildi[132] və onun yerinə ən böyük oğlu Sam Mirzə taxta çıxdı. Sam Mirzənin anası gürcü kökənli kəniz olan Nakihət Xanım idi.[133] Abbasın iki oğlu var idi — Sam Mirzə və Həmzə Mirzə. Onun daha kiçik və anası çərkəz olan oğlu Həmzə Mirzəni daha üstün tutduğu söylənilir.[134]

  1. Qızılbaşlar Azərbaycan türklərinin əcdadı hesab edilən Şiə türkman tayfalarından olan şəxslər idilər. Onlar I İsmayılı mürşidi-kamil olaraq qəbul edir və onu tərəddüdsüz izləyirdilər.[5][6][7].
  2. Bir digər doğum tarixi iddiası ‘kalb-i āstān-i amīr al-muʾminīn’ xronoqramı ilə müəyyənləşdirilmişdir. Bu iddiaya görə, şah 5 yanvar 1633-cü ildə dünyaya gəlib.[26]
  3. Qorçuların, yəni kraliyyət mühafizəçiləri dəstəsinin komandanı.[32]
  4. Gənc yaşlarından II Abbas leopard və şahin ovlamaqdan zövq alırdı.[110]
  1. Roemer, 2008. səh. 212
  2. Mitchell, 2009a
  3. Roemer, 2008. səh. 249
  4. Khafipour, 2021. səh. 121
  5. Savory və Karamustafa, 1998
  6. Bakhash, 1983
  7. Mitchell, 2009a. səh. 32
  8. 1 2 Hitchins, 2001
  9. 1 2 Ghereghlou, 2016
  10. Savory, 2007. səh. 69
  11. Mitchell, 2009b. səh. 145
  12. Newman, 2008. səh. 41
  13. Roemer, 2008. səh. 266
  14. Roemer, 2008. səh. 261
  15. 1 2 Matthee, 2019. səh. 247
  16. Savory, 2007. səh. 101
  17. Matthee, 2021. səh. 144
  18. Roemer, 2008. səh. 285
  19. Roemer, 2008. səh. 280
  20. Matthee, 2021. səh. 146
  21. 1 2 Matthee, 1999. səh. 130
  22. Newman, 2008. səh. 76
  23. Matthee, 2019. səh. 41
  24. Roemer, 2008. səh. 287–288
  25. Babaie və başqaları, 2004. səh. 42
  26. 1 2 3 4 5 6 Rahimlu, 2015
  27. 1 2 3 Babaie və başqaları, 2004. səh. 44
  28. 1 2 Babaie və başqaları. səh. 44
  29. 1 2 3 Roemer, 2008. səh. 291
  30. Roemer, 2008. səh. 292
  31. Roemer, 1986. səh. 292
  32. Floor, 2001. səh. 139
  33. 1 2 Matthee, 2019. səh. 43
  34. Newman, 2008. səh. 81
  35. 1 2 Roemer, 2008. səh. 293
  36. Matthee, 2021. səh. 148
  37. 1 2 Matthee, 2019. səh. 44
  38. 1 2 Matthee, 2010. səh. 383-384
  39. Floor, 2008. səh. 227
  40. 1 2 Roemer, 2008. səh. 295
  41. Morgan, 2014. səh. 146
  42. Soroush, 2000
  43. 1 2 Matthee, 2019. səh. 124
  44. 1 2 3 4 Roemer, 2008. səh. 299
  45. 1 2 Matthee, 2021. səh. 152
  46. 1 2 Gupta, 2008. səh. 189
  47. Chandra, 2005. səh. 228
  48. 1 2 Kohn, 2007. səh. 338
  49. Noelle-Karimi, 2014. səh. 80
  50. 1 2 Gupta, 2008. səh. 191
  51. Gupta, 2008. səh. 190
  52. 1 2 Burton, 1997. səh. 266
  53. Matthee və Mashita, 2012
  54. 1 2 3 4 Gupta, 2008. səh. 192
  55. Sanikidze, 2021. səh. 392
  56. 1 2 Suny, 1994. səh. 53
  57. Hitchins, 1994. səh. 664-670
  58. Mikaberidze, 2007. səh. 175
  59. Matthee, 2001
  60. 1 2 3 4 5 Matthee, 1999. səh. 169
  61. Bournoutian, 2021. səh. 4
  62. 1 2 Matthee, 2012. səh. 122
  63. Matthee, 2019. səh. 122
  64. Бабулин, 2006. səh. 169
  65. Олеарий, 2003. səh. 363
  66. Кушева, 1963. səh. 365—366
  67. Ризванов, 1969. səh. 202
  68. АН СССР, 1988. səh. 25
  69. Абдусаламов, 2013. səh. 3
  70. Новосельского və Устюгова, 1955. səh. 1032
  71. Кидирниязов və Мусаурова, 2003. səh. 199
  72. 1 2 3 4 5 6 7 8 Бабулин, 2006
  73. Зевакин, 1929
  74. Кабардино-русские отношения в XVI—XVII вв. I. Moskva. 1957. səh. 304.
  75. Попко И. Д. Терские казаки с стародавних времен. Sankt-Peterburq: Исторический очерк. 1880.
  76. "Из истории азербайджано - кумыкских связей". kumukia.ru. 2011. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  77. 1 2 3 Matthee, 2019. səh. 47
  78. Matthee, 2019. səh. 45
  79. 1 2 Roemer, 2008. səh. 294
  80. Babaie və başqaları, 2004. səh. 71
  81. 1 2 Matthee, 1991. səh. 25
  82. Matthee, 2019. səh. 50
  83. Matthee, 2019. səh. 51
  84. Matthee, 2019. səh. 183
  85. Mansourbakht, 2010. səh. 137
  86. Matthee, 2011. səh. 86
  87. 1 2 Matthee, 2019. səh. 184
  88. Newman, 2008. səh. 84
  89. Matthee, 2019. səh. 191
  90. Matthee, 2011. səh. 87
  91. 1 2 Matthee, 2019. səh. 185
  92. Morren, 1981. səh. 283
  93. Matthee, 2019. səh. 187
  94. Blow, 2009. səh. 233–234
  95. Newman, 2008. səh. 89
  96. Roemer, 2008. səh. 296
  97. 1 2 3 Roemer, 2008. səh. 297
  98. 1 2 3 Roemer, 2008. səh. 298
  99. Newman, 2008. səh. 85
  100. 1 2 Burton, 1988. səh. 32
  101. Golombek və Reily, 2013. səh. 16
  102. Matthee, 2021. səh. 150
  103. 1 2 Newman, 2008. səh. 90
  104. Taylor, 1995. səh. 25–26
  105. Tanavoli, 2016. səh. 20
  106. Tanavoli, 2016. səh. 21
  107. Babaie, 1994. səh. 126–127
  108. Golombek və Reily, 2013. səh. 90
  109. 1 2 Newman, 2008. səh. 91
  110. 1 2 Matthee, 2011. səh. 55
  111. Matthee, 2011. səh. 55–56
  112. Matthee, 2011. səh. 56
  113. Mokhberi, 2019. səh. 20
  114. 1 2 3 Roemer, 2008. səh. 301
  115. Canby, 1998. səh. 81
  116. Bakıxanov, 1991. səh. 121
  117. Malkolm, 1815. səh. 582-583
  118. 1 2 Akopyan, 2021. səh. 302
  119. Matthee və başqaları, 2013. səh. 110, 116
  120. Matthee və başqaları, 2013. səh. 116
  121. Matthee və başqaları, 2013. səh. 19
  122. Matthee, 2019. səh. Introduction; xxv
  123. 1 2 Matthee, 1991. səh. 18
  124. Roemer, 2008. səh. 303
  125. Roemer, 2008. səh. 304
  126. Matthee, 1991. səh. 17
  127. Matthee, 2019. səh. 52
  128. Matthee, 2019. səh. 52–53
  129. Newman, 2008. səh. 86
  130. Matthee, 2019. səh. 53
  131. Matthee, 2011. səh. 52
  132. Matthee, 2012
  133. Matthee, 2015
  134. Matthee, 2019. səh. 56

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Abbas
Doğum: 31 dekabr 1632 Vəfat: 1666
Hakimiyyət titulları
Sələfləri 
I Şah Səfi


Səfəvilər imperiyası(صفویان) Şahı

1642-1666
Xələfləri 
Şah Süleyman Səfəvi