Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tütünçəkmə — tütün yarpaqlarının tüstüsü ilə siqaret, qəlyan və b. şəklində istifadə edərək nəfəs alma, dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biri.
Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. Təkcə 2005-ci ildə tütünün törətdiyi xəstəliklər nəticəsində 5,4 milyon insan tələf olmuşdur. Tütün, ondan mütəmadi şəkildə istifadə edənlərin, demək olar ki, yarısının ölümünə səbəb olur. Orta hesabla dünya əhalisinin 29%-i siqaret çəkənlərdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər arasında (47,5%) daha çox yayılmışdır. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək tütünçəkmədən ölənlərin sayının ildə 8 milyona çatacağı və XXI əsrdə tütündən ümumilikdə 1 milyard insanın tələf olacağı gözlənilir. Dünyada 1 milyard siqaret çəkənin 80%-i gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə yaşayır. Əgər təcili tədbirlər görülməzsə, 2030-cu ilədək tütünlə bağlı ölüm hallarının 80%-i inkişaf edən ölkələrin payına düşəcək. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu, adətən, passiv siqaretçəkmə adlandırılır. Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 4000 zərərli kimyəvi maddə var. Bu maddələr (qatran, mürəkkəb kimyəvi maddələr, aromatizatorlar və s.) insanın orqanizminə zərərli təsir göstərir. Tütün tüstüsündə olan nikotin və qarmin kimi psixoaktiv maddələr mərkəzi sinir sistemini stimulyasiya edərək eyforiya hissi yaradır və müvəqqəti olaraq yorğunluğu, yuxululuğu, əzginliyi aradan qaldıraraq iş qabiliyyətinin və yaddaşın yüksəlməsi effektini göstərir. Nəticədə yaranmış nikotindən asılılıq tütünçəkmənin davam etməsinə gətirib çıxarır. Passiv tütünçəkmə böyüklərdə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda ölümə gətirib çıxara bilir. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu da uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır. İkincili tütün tüstüsü ayrı-ayrı insanların, müəssisələrin və ümumilikdə cəmiyyətin iqtisadi xərclərinə təsir etməklə, səhiyyənin birbaşa və dolayı xərcləri şəklində məhsuldarlıq itkilərinə gətirib çıxarır. İkincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Tütünçəkmənin güclü vərdiş və hətta asılılığın formalarından biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula bilir.
F17 – Tütündən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları
Onkoloji xəstəliklər: tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qan törədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%- də, tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidikcinsiyyət orqanlarının, qan törədici sisteminin xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, beyin və ürək-damar xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı ehtimalı artır. Tənəffüs yolları xəstəlikləri: ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə ağciyər xəstəliklərinin yaranması ehtimalı artır. Reproduktiv sağlamlıq: Siqaret çəkən qadınlarda fertillik zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Tütün çəkən kişilərdə impotensiyanın yaranması ehtimalı çəkməyənlərə nisbətən çoxdur. Hamiləliyin ağırlaşmaları: vaxtından əvvəl doğuş, ciftin vaxtından əvvəl ayrılması. Yenidoğulmuşlarda fəsadlar: normadan aşağı çəkili yenidoğulmuşlar, ağciyərlərin tam inkişaf etməməsi və qəflətən ölüm sindromu. Digər xəstəliklər: kataraktlar, mədənin peptik xorası, immun sisteminin zəifləməsi. Tütün çəkənin xarici görünüşü dəyişilir. Tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər.
Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən, intensivliyindən və xəstəliyin tütünçəkmə zamanı olub-olmamağından asılıdır (cədvəl 1-ə bax). Beləliklə, tütünçəkmədən imtina etməyə sövq etmək, xüsusilə də siqaret çəkməyə yeni başlayan insanlarda bu zərərli vərdişin yan təsirlərinin aradan qaldırılması üçün çox vacibdir. Tütün çəkən insanların səhhətində narahatlıq olmadığına görə tütünçəkmə nəticəsində yaranan xəstəliklərin özünü büruzə verməsinə qədər uzun müddət keçə bilər ki, bu səbəbdən də onlar səhiyyə xidmətlərinə çox az və ya artıq gec olduqda müraciət edirlər. Beləliklə, tibb işçisi bütün mümkün olan yollarla insanları tütünçəkmədən imtina etməyə sövq etməlidir.[1]
Aktiv tütünçəkmə — qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsilə) nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə — ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir. Nikotindən asılılıq sindromu — davranış, dərketmə və fizioloji simptomlar kompleksi olub, nikotinin təkrar qəbulundan sonra yaranır və adətən, təkrar olaraq qəbuletmə istəyini (tələbini) yaradır. Nikotinin qəbuluna nəzarətin çətinləşməsi həmin maddənin zərərli/öldürücü təsirinə malik olmasına baxmayaraq nikotinin davamlı qəbul edilməsinə, nikotinin dozasının yol verilən həddinin artmasına və bəzən abstinensiya vəziyyətinin yaranmasına gətirib çıxarır (XBT-10, 221-ci səhifə).
2.İkincili tütünçəkmə barədə 10 fakt [ölü keçid]