Təhlükəsizlik kəməri — avtomobillərin ayrılmaz detalı
"Volvo PV 544" avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. 1949-cu ildə bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi.
Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi.
Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin "Volvo" şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu. Bu həm də istifadəsi çox asan bir sistem olmalı idi.
Min bir zəhmət bahasına ərsəyə gələn təhlükəsizlik kəmərləri 1949-cu ildə "Volvo PV 544" və "Volvo Amazon" modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı.
Əvvəlcə, yeni ixtira birmənalı qəbul edilmədi. Sürücülər gah hərəkət edə bilməməkdən, gah da təhlükəsizlik kəmərinin geyimi qırışdırmasından şikayət etdilər. Lakin qısa vaxt ərzində insanlar təhlükəsizlik kəmərinin faydasını qavramağa başladılar.
1963-cü ildə "Volvo" ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. Avropa və Amerika bazarlarında daha təhlükəsiz bir avtomobil ortaya çıxdı. "Volvo"nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki təhlükəsizlik kəməri travma riskini 50–60% azaldıb.
1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.
Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:
Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir.
Əlavə edək ki, hava yastıqları ilə təchiz olunan avtomobildə təhlükəsizlik kəməri taxmamaq daha ağır fəsadlara yol aça bilər. Avtomobilin sürəti artdıqca, qəza zamanı insanın üzərinə düşən zərbə də həndəsi silsilə ilə artır.
Əziz sürücü və sərnişinlər. Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üzbəüz toqquşma zamanı 2,3, yandan zərbə zamanı isə 1,8 dəfə azalır.