Təhsil haqqında imperator reskripti (教育ニ関スル勅語, Kyoiku ni kansuru çokuqo?) – 30 oktyabr 1890-cı ildə İmperatoru Meyci tərəfindən imzalanmış, Yaponiyada təhsilin prinsiplərini müəyyən edən reskript. İctimai təhsillə milli maraqları əlaqələndirən bu sənəd təhsilin fərdin yox, dövlətin maraqlarına xidmət etməli olduğunu göstərirdi və imperatora sədaqəti təbliğ edirdi.[1]
Belə bir sənədə ehtiyac haqqında mübahisələr 1872-ci ildə milli təhsil sisteminin yaradılmasından sonra başlamışdır. Konfusiçi mənəviyyatçılar, Yaponiyanı müasirləşdirmək istəyən qərbçilər, eləcə də, hakimiyyətin sərhədlərini müəyyən etmək istəyən siyasətçilər arasındakı təhsildə milli dəyərlər mövzusunda mübahisə 1890-cı ilə qədər davam etmişdir. Milli dəyərlər barəsində ictimai konsensus təmin etmək istəyən baş nazir Yamaqata Aritomo təhsil nazirinə müraciət edərək milli təhsilin əsası haqqında sənəd tərtib etməyi əmr etmişdir.[1] Nakamura Masanao tərəfindən yazılmış ilkin reskriptin mətni çox dini və fəlsəfi olduğu üçün tənqid olunmuş, bu səbəbdən İnoue Kovaşi mətni yenidən yazmışdır. Motoda Naqazane də reskript üçün mətn yazmışdır.[2]
Təhsil haqqında imperator reskripti 1890-cı ildə qəbul olunmasından sonra konfusçilər bunu qərbçilər üzərində qələbə kimi qeyd etsələr də, sənəd geniş siyasi spektrı əhatə etmişdir. 315 sözdən ibarət olan sənəd konfusiçilərin sədaqət və ailəyə hörmət məsələlərindəki narahatlıqlarını təmin etməklə yanaşı sivil itəatkarlıq, hüquqa hörmət, ümumi xeyir üçün fədakarlıq kimi Qərb ənənələrini də əks etdirmişdir.[1]
Reskript 1946-cı ilin oktyabrına qədər Yaponiyada qüvvədə olmuşdur. Yaponiyanı işğal edən Müttəfiqlər tərəfindən təhsildə aparılmış demokratik islahatlar nəticəsində ləğv olunmuş,[1] rəsmi formada oxunması qadağan olunmuşdur.[2]
Reskript Yaponiyadakı bütün məktəblərə paylanmış və imperatorun portreti ilə birlikdə nümayiş etdirilmişdir. Sinif rəhbərləri gündəlik olaraq reskripti şagirdlərə oxuyurdular və dövlət etikası dərslərində tədris edirdilər. Nəticədə, Yaponiyada məktəblərində siyasi təlqinin əsas vasitələrindən biri olmuşdur.[1]
Jurnalistlər, pedaqoqlar və siyasətçilər 1870 və 1880-ci illərdə milli dəyərlər mövzusundakı mübahisələri bitirdiyi üçün sənədi tərifləmişdirlər. 1940-cı ilə qədər sənəd haqqında 600-dən çox şərh kitabı və yüzlərlə rəsmi direktiv nəşr olunmuşdur.[1]