Tətbiqi sosiologiya

Tətbiqi sosiologiya — konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayan elm sahəsidir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb,fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir[1].

Sosiologiyanın predmeti[redaktə | mənbəni redaktə et]

Sosiologiya yunan dilində “societas” (cəmiyyət) və yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir Sosiologiyanın predmetinə çoxlu sayda müxtəlif sosial hadisələr aid edilir: cəmiyyətlə şəxsiyyət arasında, millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında münasibətlər yalnız ictimai - siyasi, mənəvi sahələr tədqiq edilməklə başa düşülə bilər[2].

Sosiologiyanın hissələri[redaktə | mənbəni redaktə et]

Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və tətbiqi hissələrdən ibarətdir.

Nəzəri hissə[redaktə | mənbəni redaktə et]

Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur?

Tətbiqi sosiologiya[redaktə | mənbəni redaktə et]

Tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır[3].

Təsviri[redaktə | mənbəni redaktə et]

Tətbiqi sosiologiya cəmiyyətin qarşıya qoyduğu praktik vəzifələrin həlli üçün vasitələr axtarmalı, nəzəri sosiologiyanın üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yollarını müəyyənləşdirməlidir. Bu sosiologiya əslində insan fəaliyyətinin praktik sahələrini bilavasitə öyrənir və «nə üçün?» sualına cavab verir: sosial inkişaf üçün, sosial münasibətlərin və sosial idarəetmənin təkmilləşdirilməsi üçün, şəxsiyyətin ahəngdar inkişafı, onun qabiliyyətlərinin daha tam reallaşdırılması üçün və s.Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqamətlənmişdir. ABŞ-da tətbiqi sosiologiyanı həm də «problem baxımından istiqamətlənmiş elm», «müştəriyə istiqamətlənmiş tətbiqi sosial elm» adlandırırlar[4].

Tarixi[redaktə | mənbəni redaktə et]

Tətbiqi sosiologiyanın tarixi kökləri Aleksis de Tokvillin (1805-1859), Emil Dürkheymin (1858-1917), Albion Budberi Smollun (1854-1926) əsərlərinə gedib çıxır. Hazırda tətbiqi sosioloqların sayı durmadan artır. Onlar həm universitetlərdəkolleclərdə, həm də xüsusi biznes sahəsində, dövləthökumət orqanlarında, müxtəlif təşkilatlarda çalışırlar[5].

Tətbiqi sosiologiyanın istiqamətləri[redaktə | mənbəni redaktə et]

Tətbiqi sosiologiyada iki başlıca istiqamət ayırd edilir: sosial mühəndislik və klinik sosiologiya.

Sosial mühəndislik[redaktə | mənbəni redaktə et]

Mühəndis-sosioloq çox zaman kiçik miqyaslı sorğular, çöl eksperimentləri aparır, kiçik birliklərin (məsələn, istehsal briqadalarının) sosial cəhətdən yenidən qurulması layihələrini işləyib hazırlayır, planlaşdırma ilə, dizaynla məşğul olur.

Klinik sosiologiya[redaktə | mənbəni redaktə et]

Klinik sosiologiya sahəsində çalışan mütəxəssis isə diaqnoz qoymalı, alternativ təklif etməli, «terapevtik» tədbirlər hazırlamalı və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda olaraq hər iki qəbildən olan mütəxəssislər sıx əlaqə saxlayır, öz səylərini birləşdirməyə çalışırlar[6].

Tətbiqi və nəzəri tədqiqatlar[redaktə | mənbəni redaktə et]

Nəzəri və tətbiqi sosiologiyanın qarşılıqlı əlaqəsi çox-cəhətlidir. Sosial təfəkkürün formalaşması və inkişafı həm nəzəri, həm də tətbiqi xarakterli tədqiqatlara möhtacdır.

Tədqiqatların vəzifələri[redaktə | mənbəni redaktə et]

  • ümumi sosioloji nəzəriyyənin və sosioloji bilik sahələrinin inkişafı;
  • fundamental sosioloji tədqiqatların keçirilməsi;
  • etibarlı sosial informasiya almaq metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsi;
  • sosioloji bilik sisteminin müasir tələblər səviyyəsində qurulması;
  • sosioloji xidmətin təşkili və müntəzəm surətdə təkmilləşdirilməsi;
  • sosiologiya elminin nailiyyətlərinin praktikada tətbiqini sürətləndirməyə imkan verən etibarlı mexanizm yaradılması[7].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Dövlət İqtisad Universitetinin “Politologiya və Sosiologiya” kafedrasının müəllimləri. Sosiologiya Dərslik. Bakı: İqtisad Universiteti. 2006. səh. 246.
  2. Azərbaycan Dövlət İqtisad Universitetinin “Politologiya və Sosiologiya” kafedrasının müəllimləri. Sosiologiya Dərslik. Bakı: İqtisad Universiteti. 2006. səh. 246.
  3. Azərbaycan Dövlət İqtisad Universitetinin “Politologiya və Sosiologiya” kafedrasının müəllimləri. Sosiologiya Dərslik. Bakı: İqtisad Universiteti. 2006. səh. 246.
  4. Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təknur. 2008. səh. 334.
  5. Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təknur. 2008. səh. 334.
  6. Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təknur. 2008. səh. 334.
  7. Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təknur. 2008. səh. 334.