Tacikistan Xalq Cəbhəsi (tac. Фронти халқии Тоҷикистон; rus. Народный фронт Таджикистана) —Tacikistanda vətəndaş müharibəsi zamanı hökumət tərəfində vuruşan könüllülərdən ibarət siyasiləşdirilmiş və hərbiləşdirilmiş hərəkat.[1] Cəbhənin tərkibində 8,000-ə qədər döyüşçü xidmət edirdi.[2]
Tacikistan Xalq Cəbhəsi |
---|
1992-ci ilin iyununda meydana çıxmış və bu müddət ərzində Birləşmiş Tacikistan Müxalifətinə qarşı döyüşməyə başlamışdır. Hərəkatın təsisçiləri Sanqak Səfərov və Səfərəli Kencayevdir. Tezliklə Tacikistan hakimiyyəti daxilində populyarlıq qazanmış, 1992-ci ilin payızına qədər Sovet Ordusu və DTK veteranları, yerli milislər, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları Xalq Cəbhəsinə qoşulmuşdular. Cəbhənin rəhbərliyi sonralar keçmiş DTK işçilərinin çoxluğuna görə Yuri Andropovun adını daşıyan "Yurçiki" kimi tanınmağa başlamışdır.[3] Sonradan, 1992-ci ilin sonunda keçmiş prezident Rəhman Nəbiyevin tərəfdarlarının əksəriyyəti Xalq Cəbhəsinə qoşulmuşdur. 1992-ci ilin dekabrında Emoməli Rəhmonun (Tacikistan Ali Şurasının sədri) başçılığı ilə yeni hökumət Xalq Cəbhəsi və konstitusional hökuməti dəstəkləyən qüvvələr əsasında "Tacikistan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında" qərar imzalamışdır.[4]
Rusiyanın 201-ci motoatıcı diviziyası və Özbəkistan ordusunun köməyi ilə Leninabadi-Kulobi Xalq Cəbhəsi qüvvələri 1992-ci ilin əvvəlində və sonunda müxalifət qüvvələrini darmadağın etmişdir. Kulobda müxalifətə ən böyük təzyiqi Səfərovun bölmələri göstərmişdir. Oktyabrın əvvəlində kommunist şüarları altında fəaliyyət göstərən Xalq Cəbhəsi qüvvələri o zaman islamçı qüvvələrin nəzarətində olan paytaxtı ələ keçirməyə cəhd etmişdir.[5]