Taihe xatun

Taihe xatun (Şahzadə Taihe 太和公主, Şahzadə Dinqan 定安公主 və ya Şahzadə Andinq 安定公主) — Çin şahzadəsi və Uyğur xaqanlığının xatunu.Tan sülaləsindən idi.

Taihe xatun
太和公主 (Şahzadə Taihe)
821 – 824
Şəxsi məlumatlar
Atası Hsiançonq
Anası İmperatriça Yian
Həyat yoldaşı Çindexan

Ailəsi və xatunluğu

[redaktə | mənbəni redaktə et]

Doğum tarixi dəqiq bilinmir. Atası Tan sülaləsinin 12-ci imperatoru Hsiançonq, anası isə imperatriça Yian olmuşdur. 821-ci ildə qardaşı imperator Muçonqun da razılığı ilə Uyğur hökmdarı Çindexan ilə evlənmişdir. Lakin şahzadənin konvoyu hələ 822-ci ilin sonlarında gəlib saraya çata bilmişdi.[1] Mərasim Qədim Tan kitabında belə təsvir olunur:

Xan bir qüllə ucaltdırdı və şərqdə oturdu, və şahzadə üçün qüllənin altında çadır qurdurdu. Daha sonra bir neçə uyğur xanımını şahzadəyə uyğurların adətlərini öyrətmək üçün göndərdi. Şahzadə Tan geyimlərini ataraq Uyğur xalatını geydi. Qoca bir xanım xidmətçi ilə çadırdan çıxdı və qülləyə qərbdən yanaşaraq başını əydi. Xan əyləşdi və onun təzimini qəbul etdi. O yenidən təzim etdi və çadıra daxil oldu. Yenidən xalatını çıxararaq Xatun xalatını geydi və onun bütün geyimləri boyaqotu rəngində idi. Buynuza bənzər çıxıntıları olan qızıl bir tac taxtı. Daha sonra çadırdan çıxdı və bir daha xana təzim etdi. Öndə kiçik bir oturacağı olan böyük bir kəcavə hazır edildi. Bir falçı ona kəcavəyə qalxarkən yoldaşlıq etdi və 9 uyğur tayfa başçısı kəcavəni daşıdılar. Qülləyə çatmazdan əvvəl doqquz dəfə döndülər. Şahzadə daha sonra kəcavədən endi və qülləyə çıxdı, xaqanla şərqə doğru baxan yerdə əyləşdi. Uyğur əyanları xan və xatuna baş əydilər. Xatunun öz baş çadırı və ona xidmət edən iki vəziri vardı.[1]

Xatunluqdan sonra

[redaktə | mənbəni redaktə et]

824-cü ildə Çindexan vəfat etdi və qardaşı Çjaoli Kazar xan tərəfindən əvəz olundu.Taihe xatunun xaqanın qardaşı ilə evlənib-evlənmədiyi bilinmir. 832-ci ildə Çjaoli öldürüldü və yerinə Külüg bəy keçdi.[2] 839-cu ildə An Yunhe adlı bir soğd əyan və Çaylı adlı bir uyğur əyanın ona qarşı planlarını öyrənən və edam əmrini verən Külüg bəy dövlətdə sevilməməyə başlamışdı.[3] Kürəbir Urunqu Sanqun adlı Uyğur əsilzadə Şato tayfasının rəisi Çuye Çisin ilə birlikdə Ordu-Balıq şəhərini mühasirəyə aldı. Külüg bəy intihar etdi. Üsyançı uyğur əyanları II Kazar xan adlı bir nəfəri xaqan taxtına çıxarmağa hazırlaşırdılar.

Vəziyyətin gedişatını bəyənməyən 840-cı ildə Qırğız xaqanlığından dəstək alan Külüg Bağa Sanqun adlı Uyğur əyanı paytaxta hücum edərək II Kazar xan və Kürəbir Urunqu Sanqunu öldürdü. Taihe xatun isə Qırğız xaqanı Are xanın əsiri olmuşdu. Are xan Çindən dəstək almaq üçün şahzadəni hədiyyələrlə paytaxta geri göndərsə də karvan yolda Üge xaqanın ordusu tərəfindən yağmalandı, xatun əsir düşdü. Xaqan Taihe xatunun qardaşıoğlu olan imperator Vuçonqa onu xaqan kimi tanıması qarşılığında göndərəcəyini dedi.İmperator tələbləri qəbul etmədi və Uge xaqana qarşı Şhi Hsionqu göndərdi. Taihe xatun əsirlikdən xilas olaraq paytaxt Çanqana gətirildi.

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

4 aprel 843-cü ildə şahzadə yenidən Çinə qayıtdı. Ölüm tarixi bilinmir.

  1. 1 2 Qədim Tan kitabı, cild 195 Arxivləşdirilib 2008-06-21 at the Wayback Machine.
  2. Çiçi Tonqcian, cild 244.
  3. Michael Robert Drompp, Tang China And The Collapse Of The Uighur Empire: A Documentary History, BRILL, 2005, s. 34.