Taskiqidə sifilisin tədqiqatı

Taskiqidə sifilisin tədqiqatıAlabama ştatının Taskiqi şəhərində 1932–1972-ci illərdə aparılmış tibbi eksperiment tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub.[1] Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. Təcrübənın əsas məqsədi insanlardan təcrübə obyekti kimi istifadə edərək sifilisin bütün mərhələlərini öyrənmək idi. Təcrübələrin aparılması üçün 600 afroamerikalı kişi (bu şəxslərdən 200-ü sifilis xəstəliyinə yoluxmamışdı) seçilmişdi.

Tuskigi Sifilis Araşdırması
Tarix 1932—1972
Yeri Taskiqi, Alabama
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1947-ci ilə qədər aparılan araşdırmalar nəticəsində sifilisin müalicəsində penisilinin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdi. Lakin, xəstələrə bu barədə heç bir məlumat verilməmişdi. Alimlər penisilin haqqında məlumatları xəstələrdən gizlədərək araşdırmalarını davam etdirirdilər. Onlar tədqiqat iştirakçılarının digər xəstəxanalarda müalicə almasına mane olurdular. Bu tədqiqatlar 1972-ci ilə qədər davam etmişdir. Tədqiqatların dayandırılmasına səbəb isə yuxarıda qeyd olunan məlumatların mətbuata sızması olmuşdur. Bu tibbi zorakılıq nəticəsində yüzlərlə insan əziyyət çəkərək sifilisdən ölmüş, ailə üzvlərini, yoldaşlarını bu xəstəliyə yoluxdurmuş, sifilisli uşaqların doğulmasına səbəb olmuşlar. Bu təcrübə insanları müalicə etmək məqsədi daşımayan və ən uzun müddətli araşdırma kimi tibb tarixinə keçmişdir.[2] İyirminci əsrdə qaradərililərin ağdərililərə qarşı şübhə ilə yanaşmasının ən parlaq simvolik mənbəyi də bu araşdırma hesab edilir.[3]

Həkim Oliver Venqer

İctimai Səhiyyə Xidməti qərargahının cinsi yolla keçən xəstəliklər şöbəsində sifilis tədqiqat qrupu yaradıldı. Dr. Klark Taliaferro bu qrupun ilk üzvlərindən biri idi. Klarkın əsas ideyası 6–9 ay müddətində sifilis xəstəsi olan bir qrup qaradərililəri tədqiqat üçün seçmək və onların xəstəliyinin mərhələlərini müşahidə etmək idi. Doktor Klark araşdırmalara başladıqdan bir il sonra təqaüdə çıxmışdır.

Dr. Klark Taliaferro Yudgina Dibbleri və Oliver Vengeri təcrübədə iştirak etməyə dəvət etmişdir. Sonrakı dövrdə həmin həkimlər birlikdə tədqiqatın bütün mərhələlərini hazırlamışdırlar. Venger və onun əməkdaşları tədqiqat metodlarının inkişafında həlledici rol oynamışdırlar. Dr. Raymond Vonderler tədqiqat proqramının direktoru təyin edildi və layihənin uzunmüddətli təqibini müəyyən edən planlar hazırladı. Məsələn, Raymond onurğanın lümbal punksiya üçün xəstələrin razılığını almağa başladı və xəstələrə bu üsulu xeyirli bir üsul kimi təqdim etdi. Doktor Raymond Vonderler 1943-cü ildə sifilisin müalicəsində penisilindən ilk dəfə istifadə etdikdən sonra təqaüdə çıxdı.

Tibb bacısı Yunis Rivers

Afroamerikalı tibb bacısı Yunis Rivers də layihəyə cəlb edilənlər arasında idi. Doktor Vonderlerin afroamerikalı tibb bacısını bu işə cəlb etməkdə əsas məqsədi qaradərili xəstələr arasında etibar qazanmaq idi. Böyük Depressiya dövründə həkimlər yoxsul olduqları üçün tibbi sığortası olmayan aşağı gəlirli qaradərililəri "Miss Rivers İcmasına" qoşulmağa dəvət etməyə başladılar. Həmin icma nümayəndələrinə xəstəxanaya pulsuz gediş, yemək və yüngül xəstəliklərin müalicəsi kimi xidmətlər təqdim olunurdu. Tədqiqat çoxillik bir layihəyə çevrildiyindən illər ərzində direktorlar, səhiyyə işçiləri dəyişilmişdi. Bu dövrlərdə isə tədqiqata tibb bacısı Yunis Rivers rəhbərlik etmişdi. Yunis Rivers 40 il bu layihədə iştirak etmişdir.

1940-cı illərin sonlarında Amerikada həkimlər sifilisin müalicə üsulunun penisilindən istifadə etmək olduğunu artıq bilirdilər. Lakin, onlar yenədə də penisilindən istifadə edərək xəstələri sağaltmaq əvəzinə, öz tədqiqatlarına davam etməyi üstün tutdular. İkinci Dünya Müharibəsindən sonra nasist tibbi tədqiqatları edən həkimlərin təcrübələrinin üzəri açıldı və bunun nəticəsində beynəlxalq qanunlarda dəyişikliklər edildi. Tibbi tədqiqat subyektlərinin hüquqlarını müəyyən edən Nürnberq Məcəlləsi qəbul edildi. Lakin, tədqiqat prinsiplərinin bu qanunlarla uyğunluğunu heç kim yoxlamadı. 1972-ci ildə tədqiqat "The Washington Star" və "The New York Times" qəzetlərində dərc olunmaqla ictimaiyyətə açıqlandı.

Lakin İctimai Səhiyyə Xidmətinin Cinsi yolla keçən xəstəliklər şöbəsinin müdiri doktor Heller hələ də araşdırmanın etikasını müdafiə edərək çıxış etdi:

Bu şəxslərin statusu etik müzakirələrə açıq deyildir. Onları xəstə insanlar kimi qəbul etmək lazım deyil. Klinik material, obyekt kimi qəbul etmək lazımdır.[4]

Tədqiqatın detalları

[redaktə | mənbəni redaktə et]
Həkim tərəfindən placebonun tətbiqi.

Tədqiqat Makon əhalisi arasında sifilis hallarını müalicə etmək üçün başladıldı. Əvvəlcə xəstələrə altı aydan səkkiz aya qədər nəzarət edildi, daha sonra isə salvarsan, civə məlhəmləri və vismut preparatları ilə müalicələrinə başlanıldı. Bu maddələr zəif təsirli və yüksək toksikliyə malik idilər. Tədqiqatın ilkin məqsədi yoxsul qaradərili əhaliyə kömək etmək idi. Tədqiqatda yerli qaradərili həkimlər və xəstələrin müalicə xərclərinin bir hissəsini ödəyən Rozenvald fondu da iştirak etmişdir. Tədqiqat üçün 2 qrup yaradıldı. Birinci qrupa sifilisli xəstələr, ikinci qrupa isə sağlam insanlar cəlb edilirdi. Birinci qrup 399 nəfərdən, ikinci qrup isə 201 nəfərdən ibarət idi.

ABŞ-də Böyük Depressiyanın başlaması nəticəsində Rozenvald fondu tədqiqatları maliyyələşdirmək təklifini geri götürdü. Bunun nəticəsində maliyyə problemləri yarandı, hətta bu problemlər nəticəsində tədqiqatın bağlanma riski yarandı. Həkimlər arasında keçirilən iclasda sifilisin inkişafı və fəsadları haqqında material toplamaq üçün müayinələrin davam etdirilməsi qərara alındı.

Tədqiqatın dayandırılması

[redaktə | mənbəni redaktə et]
Tədqiqatçı Piter Buxtun

1966-cı ildə San-Fransiskodan olan zöhrəvi xəstəliklər tədqiqatçısı Piter Buxtun zöhrəvi xəstəliklərin tədqiqat şöbəsinə Taskiqi tədqiqat etikası ilə bağlı narahatlıqlarını ifadə edən məktub yazdı. Lakin, Xəstəliklərə Nəzarət Mərkəzi tədqiqatın davam etdirilməsinin zəruri olduğunu təsdiqlədi. Bu mərkəz tədqiqatı təsdiqlədi və maliyyələşdirdi.

Həyatda qalan Çarli Pollard

İctimai Səhiyyə Xidmətində çalışan Villiam Karter Cenkins irqi ayrı-seçkiliyə son qoymağa həsr olunmuş Drum jurnalını təsis etdi. Villiam bu jurnalda tədqiqatın dayandırılmasını tələb edən bir məqalə dərc etdi. Lakin, bu məqalə də heç bir nəticə vermədi.

Həyatda qalan Herman Şau

Piter Buxtun bu yoldan geri çəkilmədi və nəhayət, 25 iyul 1972-ci ildə Washington Star qəzetində yeni bir məqalə dərc edə bildi. Bu məqalə ertəsi gün New York Times qəzetinin ön səhifələrində yer aldı. 1972-ci ildə ictimai etirazlar nəticəsində tədqiqatı qiymətləndirmək üçün xüsusi məsləhət qrupu yaradıldı. Məsləhət qrupu araşdırmanın tibbi cəhətdən əsassız olduğuna dair hökm verdi və dərhal dayandırılmasını əmr etdi. ABŞ hökuməti tədqiqat iştirakçılarına və onların ailələrinə 9 milyon dollar təzminat və pulsuz tibbi xidmət göstərmək qərarı aldı.

Tədqiqatlar nəticəsində üzərində tədqiqat aparılan 399 nəfərdən yalnız 74-ü sağ qalmışdı. Bunlardan 28 nəfər sifilisdən, 100 nəfər isə onun yaratdığı fəsadlardan dünyasını dəyişmişdi. Xəstəlikdən əziyyət çəkən kişilərin 40-nın həyat yoldaşlarında da bu xəstəlik aşkar edilmiş, 19 körpə bu xəstəliklə dünyaya gəmişdir. 1974-cü ildə keçirilən konqresdə akt qəbul edildi və insan subyektləri ilə bağlı tədqiqatlara dair qaydaları tənzimləmək üçün komissiya yaradıldı. 16 may 1997-ci ildə ABŞ prezidenti Bill Klinton rəsmi olaraq bu tədqiqatın iştirakçılarından üzr istədi və öz çıxışında aşağıdakıları qeyd etdi:

Olanları dəyişdirmək olmur. Lakin, səssizliyə son qoya, səhvlərimizi etiraf edə bilərik. Amerika xalqı adından deyə bilərik ki, Birləşmiş Ştatlar hökuməti bu baş verənlərdən utanır və mən bu hökumətin adından üzr istəyirəm… Afroamerikalı vətəndaşlarımıza demək istəyirəm ki, irqi ayrı — seçiciliyi təmsil edən bu araşdırmaya razılıq verdiyimiz üçün çox təəssüf edirəm.[5]

Tədqiqat iştirakçıları qrupu

Taskiqi tədqiqatı qaradərili cəmiyyətin Birləşmiş Ştatlarda ictimai səhiyyəyə olan inamını əhəmiyyətli dərəcədə sarsıtdı. Afrikalı amerikalılar arasında QİÇS-in bir soyqırım forması olduğuna dair geniş yayılmış bir inanc formalaşdı. Sui-qəsd nəzəriyyəsinə əsasən hökumət irq müharibəsində QİÇS-dən silah kimi istifadə edərək qaradərili cəmiyyətdə narkotikdən sui-istifadəni təbliğ edirdi. Nəticədə qaradərili insanlar həkimlərə etibar etmirlər. Tədqiqat həmçinin bir çox yoxsul afroamerikalıların müntəzəm profilaktik müalicə almaq istəməməsinə səbəb oldu.[6][7]

1990-cı ildə Cənubi Xristianlıq Konfransı ABŞ-ın beş şəhərində 1056 afroamerikalı kilsə üzvləri arasında sorğu keçirdi.[8] Müəyyən olundu ki, respondentlərin 34%-i QİÇS-in texnogen virus olduğuna, 35%-i QİÇS-in bir soyqırım forması olduğuna inanır. İştirakçıların 44%-i isə hökumətin QİÇS haqqında həqiqəti söyləmədiyini irəli sürdü.[9] ABŞ-də bu və digər tədqiqatların və insanlar üzərində aparılan təcrübələrin nəticələri Biotibbi və Davranış Tədqiqat subyektlərinin Hüquqlarının Müdafiəsi üzrə Milli Komissiyanın yaradılmasına və Milli Tədqiqat Aktının qəbul edilməsinə səbəb oldu.

2005-ci ildə 1946–1948-ci illər arasında ABŞ-ın Qvatemala vətəndaşları üzərində sifilislə bağlı analoji tədqiqat apardığını təsdiq edən sənədlər yayımlandı. Bu araşdırmada 83 nəfərin Qvatemala eksperimentinin qurbanı olduğu irəli sürüldü.

Elmi ictimaiyyətin qiymətləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Bu araşdırmanın bir çox afroamerikalının tibb və səhiyyə müəssisələrinə etibar etməməsinin ən başlıca səbəbi olduğu qeyd edilmişdi. Freimut və onunla həmfikir olan bir çox alimlər isə qaradərililər arasında həkimlərə inamsızlığın səbəbini tibb sahəsi üzrə olan məlumatsızlıqda görür.[10][11]

Bu təcrübə ilə bağlı açıq və dürüst müzakirələrin aparılması afroamerikalılar arasında tibbə inamsızlığın aradan qaldırılmasına və onlar arasında QİÇS haqqında maarifləndirməni yaxşılaşdırmağa kömək edəcəyi fərz olunur.[2]

  1. "Tuskegee Study - Timeline". NCHHSTP. CDC. June 25, 2008. May 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2008.
  2. 1 2 Thomas S. B., Quinn S. C. The Tuskegee Syphilis Study, 1932 to 1972: implications for HIV education and AIDS risk education programs in the black community Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine //American journal of public health. — 1991. — Т. 81. — № 11. — С. 1498–1505. doi:10.1016/j.forsciint.2010.04.003
  3. Dula A. African American suspicion of the healthcare system is justified: what do we do about it? //Cambridge Quarterly of Healthcare Ethics. — 1994. — Т. 3. — № 03. — С. 347–357.
  4. "Research Ethics: The Tuskegee Syphilis Study". Archived from the original on 2011-03-18. İstifadə tarixi: 2024-07-01.
  5. "REMARKS BY THE PRESIDENT IN APOLOGY FOR STUDY DONE IN TUSKEGEE". 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
  6. "Corbie‐Smith G. et al. Attitudes and beliefs of African Americans toward participation in medical research //Journal of general internal medicine. — 1999. — Т. 14. — №. 9. — С. 537—546". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
  7. "Архивированная копия" (PDF). 2021-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-03.
  8. Cohen E. "Tuskegee's ghosts: Fear hinders black marrow donation". CNN. 2007-02-26. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-04.
  9. "Research Ethics: The Tuskegee Syphilis Study". Tuskegee University. 2012-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-04.
  10. "Boulware L. E. et al. Race and trust in the health care system //Public health reports. — 2003. — Т. 118. — №. 4. — С. 358". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  11. "Braunstein J. B. et al. Race, medical researcher distrust, perceived harm, and willingness to participate in cardiovascular prevention trials //Medicine. — 2008. — Т. 87. — №. 1. — С. 1-9". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]