1921–1922-ci illərdə Tatarıstanda aclıq — Müharibə kommunizmi siyasətinin nəticəsi kimi Tatarıstan MSSR-də baş vermiş quraqlıq və kütləvi aclıq nəticəsində [1][2] 500,000[3] — 2,000,000[4] kəndlinin öldüyü dövr. Hadisə Rusiyada başlayan və SSRİ-nin digər hissələrinə də təsir edən 1921–1922-ci illər aclığının bir hissəsi idi.[5][6] Rusiya və Şərqi Avropa tarixi üzrə professor Roman Serbinə görə, Tatarıstandakı aclıq Sovet İttifaqındakı ilk süni şəkildə yaradılmış aclıq idi və sistemli şəkildə Volqa tatarları və Volqa almanları kimi etnik azlıqlara yönəlmişdi.[7]
Sovet rəhbərliyi uzun müddət idi ki, SSRİ-dəki tatar milliyətçiliyini basdırmağın yolların axtarırdı. Tatarlar tez-tez "burjuaziya milliyətçiliyi və digər revizionist cinayətlərlə ittiham olunurdular. Tatar idarəçilər edam və ya həbs edilmiş, çoxusu SSRİ-dən Türkiyəyə qaçmışdır. Tatarıstan kənd təsərrüfatının kollektivləşdirilməsi 1921-ci ildə başladı. Tarixçi Ceyms Minahana görə, xüsusilə Krım tatarları "Sovet İttifaqı daxilindəki digər etnik qruplarla müqayisədə Sovet idarəçiliyinin ilk onillərində əhalisinin daha çox hissəsini itirmişdi."[8] Tatarıstan SSR-dəki əkinçilik üsulları Sovet İttifaqındakı digər rus olmayan milltlərin əkinçilik üsulları kimi köhnə idi. Əlavə olaraq, Rusiyanın imperyal basqısı səbəbindən çox az tatar proletaryat mövcudluğunu davam etdirə bilmişdi.[9]
1921-ci ilin erkən payızında Çeka kəndlilər arasında kütüləvi etiraz və iğtişaşların olduğunu bildirdi. Martın 23-nə qədər hesabatlarda bu etirazların bəzi kantonlarda "aclıq" olduğu bildirildi və kəndlilərin aclıqdan öldüyü və intihar etdiyi sənədləşdirildi. Qidanın azlığına cavab kimi çoxu kəndli taxıl daşıyan yük maşınlarının Tatarıstanı tərk etməsini əngəllədi və bəziləri sahələrdə əkin işi aparmaqdan imtina etdi.[3] Aclıq, həmçinin, yetimxanalara verilən uşaqların sayında böyük artışa şahidlik etdi: kasıb kəndlilər öz uşaqlarını dövlət qurumlarına tərk edir ya da onları sadəcə küçələrə atırdılar. Yetimxanalar tələbəi qarşılaya bilmədi və Tatarıstan MSSR hökuməti mənbələrini daha çox yetimxana açmağa sərf etdi. Misal üçün, Sviyajsk rayonunda 1920-ci ilin iyulunda 64 uşağa baxan 2 yetimxana var idi. 1922-ci ilin yanvarına qədər 704 uşağa baxan 12 yetimxana yaradılmışdı.
1922-ci ilin martına qədər bəzi kəndlər əhalisinin yarısını itirmişdi.[10] Aclıq çəkən kəndlilər öz mülklərini satmış ya da ərzaq üçün öz heyvanlarını kəsmişdilər.[11] KQB-nin o dövrə aid qeydlərinə görə Tatarıstanda ən az 500 0000 insan ölmüşdü,[3] ancaq sonra hesablamalara görə real rəqəm 2 000 000-dan çox idi.[4] Tarixçi Ceyms Lonq Tatarıstan MSSR əhalisinin təqribən 13%-nin ölkənin digər hissələrinə qaçdığını, 10%-nin öldüyünü təxmin edirdi.[12] Bu aclıq, həmçnin Tatarıstanda "terror-aclığı" və "aclıq-soyqırımı" kimi də bilinir.
1922-ci ilin yayında aclıqla mübarizə aparmaq üçün Tatpomqol adlı xüsusi komitə yaradıldı.[13] 1922-ci ilin avqustunda Tatpomqol borca alınan 2 milyon pud toxum daxil olmaqla, 8 milyon pud ərzaq idxal etdi.[14] Aclığın təsir etdiyi bölgələrdən yüz minlərlə insan, əsas da uşaqlar Mərkəzi Asiya, Belorusiya və Sibirə köçürüldü.[15] Təcili qidalanma nöqtələri bütün respublika ərazisində yaradıldı.[16] Sovet hökuməti kömək üçün İşçilərin Beynəlxalq Dəstəyi kimi beynəlxalq təşkilatlara müraciət etdi.[17] ABŞ hökuməti Amerika Dəstək Administrasiya vasitəsilə 1920–1923-cü illərdə aclıq çəkən tatarlara dəstəyini təmin etdi.[18]
1922-ci ildə aclığın ən çətin dövrü bitsə də, qıtlıq, aclıq və xəstəlikər 1923 və 1924-cü ilə qədər Volqa regionunda davam etdi [11] və Sovet hökuməti Tatarıstan MSSR və İdil-Ural regionunda etnik rusları yerləşdirməyə başladı. Bu yerləşdirmə bu bölgələrdə tatar əhalisinin nisbətini 50%-dən daha aşağı saldı.[19]
2008-ci ildə Bütün Rusiya Tatarları Sosial Mərkəzi BMT-dən 1921–1922-ci illərdə Tatarıstandakı aclığı müsəlman tatarlara qarşı soyqırımı kimi qınamağını istədi.[20][21]