Taysey Yokusankay

İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay?) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi.

İmperator Hakimiyyətinə Kömək Assosiasiyası
Loqonun şəkli
Qurucu
Quruluş tarixi 12 oktyabr 1940
Dağılma tarixi 13 iyun 1945
Birləşən Könüllü Döyüş Korpusu[d]
Baş qərargah
İdeologiya yapon milliyyətçiliyi, imperializm, faşizm
İdeoloji spektr ifrat sağçılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi.[1]

Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də,[2] kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır.[1] Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir.[3]

İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur. Təşkilat Tokioda yerləşən 5 büro və 23 diviziya tərəfindən idarə olunurdu, hər bir prefekturada yerli şöbələr fəaliyyət göstərirdi.[1] Ordu İmperatorun Hərbi Rezervistləri Assosiasiyası vasitəsilə təşkilatın təyinatlarına təsir etməyə çalışsa da, Daxili İşlər Nazirliyi yerli şöbələrə nəzarət sistemi yaradaraq bu cəhdin qarşısını almışdır.[3]

Təşkilatın yaradılmasından bir neçə həftə sonra baş verənləri görən Konoe islahatçı təşkilat yaratmaq səylərini dayandırmış və təşkilatın yuxarı vəzifələrinə bir çox qeyri-islahatçını təyin etmişdir.[1] O, Akira KazamiEyci Yasui kimi islahatçıları Heysuke YanaqavaHiranuma Kiiçiro kimi yaponçularda əvəzləmişdir.[2] Nəticədə, təşkilatın əsas fəaliyyəti müharibə vaxtı agentliklərdən istifadə edərək xalqın milli şüurunu qorumaq olmuşdur: müharibəyə maraq oyatmaq, istehsala təşviq etmək, qənaətciliyə həvəsləndirmək və mülki müdafiəni gücləndirmək. Təşkilat 13 iyun 1945-ci ildə ləğv olunmuşdur.[1] Müttəfiqlər təşkilatı Almaniyadakı Nasist Partiyasının analoqu hesab etdikləri üçün müharibədən sonra minlərlə şəxsi təşkilatdakı fəaliyyətinə görə təmizləmişdir.[2]

  1. 1 2 3 4 5 Huffman. səh. 91
  2. 1 2 3 Kodansha Encyclopedia of Japan. səh. 281
  3. 1 2 Kodansha Encyclopedia of Japan. səh. 280
  • Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. səh. 91. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 24 avqust 2024.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 280-281. ISBN 0-87011-623-1. İstifadə tarixi: 24 avqust 2024.