Texas Universiteti qülləsi qətliamı

Texas Universiteti qülləsi qətliamı (ing. University of Texas tower shooting) — 1966-cı ilin 1 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Texas ştatının Ostin şəhərində yerləşən Ostin Texas Universitetinin mərkəzi binasından ətrafdakı kütləyə Remington Model 700 snayper tüfəngi ilə atəş açmaqla törədilmiş qətliam hadisəsi. Hadisənin əsas və yeganə təşkilatçısı olan ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş mənsubu Çarlz Vitman saat yarım müddətində qüllənin ətrafından keçən insanlara heç bir fərq qoymadan atəş açmışdır.

Texas Universiteti qülləsi qətliamı
Yerli vaxtla saat 12:53-də Ostin Universitetinin mərkəzi qülləsindəki vəziyyət.
Yerli vaxtla saat 12:53-də Ostin Universitetinin mərkəzi qülləsindəki vəziyyət.
Hücum yeri Ostin Universiteti, Texas
Hücum hədəfi Hadisəni törədən şəxsin anası və həyat yoldaşı, təsadüfi şəxslər, ilk müdaxilə edənlər
Vaxt 1 avqust, 1966
Hücum üsulu Odlu silahlardan uzaq məsafələrdəki canlı hədəflərə doğru atəş açma
Silah Remington Model 700
M1 Carabine
Luger PO8
Həlak olanlar 18
Yaralılar 31
Təşkilatçılar Çarlz Vitman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitman, ilk atəşdən 96 dəqiqə sonra Ostin Polis Departamentinin iki əməkdaşı tərəfindən öldürülmüşdür. Qətliam nəticəsində 18 nəfər həlak olmuş və 31 nəfər isə yaralanmışdır. Yerli polis tərəfindən sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, hadisə günü Vitman qətliamı törətmək üçün Ostin Universitetinə gəlməmişdən əvvəl evdə anası və həyat yoldaşnı bıçaqlayaraq öldürmüşdür.

Sonradan evində tapılmış gündəliyində anası və həyat yoldaşını öldürməsinin səbəbini onları mümkün utanc hissindən xilas etmək olduğunu göstərmişdir. Çarlz Vitmanın beynində şiş aşkarlanmışdı və onun müəyyən baş ağrılarından və psixoloji problemlərdən əziyyət çəkdiyi və sözügedən hadisəni də bu səbəbdən törətdiyi ehtimal olunmaqdadır.[1]

1966-cı ilin yayında baş vermiş hadisə təkcə Texas ştatında yox eyni zamanda ABŞ-ın bütün ştatlarında geniş rezonansa səbəb oldu. 25 yaşlı psixoloji problemləri olan bir gəncin evdə anası və həyat yoldaşını qətlə yetirdikdən sonra Remington Model 700 tipli snayer tüfəngi ilə silahlanaraq şəhərin mərkəzi hissəsindəki qülləyə qalxması və 350 metr məsafədə yerləşən canlı hədəflərə doğru atəş açması ölkədəki ictimai təhlükəsizlik və mülki əhalidəki silahların toplanması kimi məsələləri ilk dəfə gündəmə gətirmişdir.

Çarlz Vitman tərəfindən 1966-cı ildə törədilmiş qətliam 1984-cü ildə Kaliforniya ştatının San-Dieqo şəhərində[2] yerləşən McDonald's restoranındakı gülləborana qədər ölkə tarixində bir adamın iştirakı ilə baş tutmuş ən dəhşətli və genişmiqyaslı terror aktı kimi tarixə keçmişdir.[3]

  1. Brothers, Dr. Joyce. "Psychologist Believes Sniper Hid Feelings". The Palm Beach Post. August 3, 1966. February 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2023.
  2. "Sniper Leaves Fourteen Killed and Thirty-One Wounded". St-Louis Post-Dispatch. United Press International. August 2, 1966. January 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2023.
  3. Andrey, Taylor; Pasley, James; Abadi, Mark. "The 30 Deadliest Mass Shootings in Modern US History Include Buffalo and Uvalde". Business Insider. May 26, 2022. January 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2023.