The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.[1].
Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.[2]. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
Prezident Çarlz Teylorun hakimiyyəti illərində Alfred lövhənin yanında redaksiyanın yerləşdiyi köşk quraşdırmışdır. Hökumət haqqında tənqidi yazıdan sonra köşk əsgərlər tərəfindən sındırılmış, Sörlif özü isə qısa müddətə həbsə atılmışdı. 2005-ci ildə, Elen Conson-Sörlifin (qohumu deyil, sadəcə soyadları eynidir) prezident seçilməsindən bir həftə öncə dostlarının köməkliyi ilə Alfred köşkü və lövhəni bərpa edərək qəzetinin fəaliyyətinin davam etdirdi.