Toğanalı-Kəlbəcər avtomobil yolu

Toğanalı-Kəlbəcər avtomobil yolu və ya Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu — Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu. Avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək.

Avtomobil yolu
Toğanalı-Kəlbəcər
Ölkə
Şəhərlər
Uzunluğu 80,7 km
Başlayır Toğanalı
Örtüyü Asfalt-beton
Sahibi Azəryol
Vəziyyəti Tikilən

Kəlbəcər 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra 25 noyabr 2020-ci ildə Azərbaycana təhvil verilmişdir.

İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Sağ tunelinin inşası

2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır.[1] Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur.[2] Həmin gün uzunluğu 72,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılmışdır.[3]

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.

Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Ona görə də çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. Hazırda tuneldə qazma, partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2 575 metr olan 103 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 450 metr olan 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq.[4]

  1. "Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə başlanılıb" (az.). APA. 2021-07-23. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  2. "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". report.az (az.). 2021-10-06. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  3. "Azərbaycan Prezidenti Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunelin təməlini qoyub" (az.). APA. 2021-08-17. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  4. "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]