Toğrul Bağırov

Toğrul Bağırov (Toğrul Adil oğlu Bağırov ; d. 1954, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 yanvar, 2019. Moskva[1]) — Rusiya alimi; Siyasi elmlər doktoru, professor. Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü.

Toğrul Bağırov
Bağırov Toğrul Adil oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi Siyasi elmlər doktoru
Elmi adı professor
Təhsili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Mükafatları II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Qütb ulduzu" ordeni

Bağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub. 1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dəki səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.[2]

1993-1996-cı illərdə energetika sahəsində “Resursların istismarı” beynəlxalq konsaltinq kompaniyasının prezidenti olub. 1994-cü ildən Rusiya Federasiyasının yanacaq və energetika nazirinin xüsusi müşaviri, bir sıra nəhəng neft-qaz kompaniyalarının (“Qazprom”, “LUKoyl”, “Transneft”, “Zarubejneft”, “Tatneft”) məsləhətçisi, ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları olan Rusiya-Amerika, 1996-cı ildən Moskva beynəlxalq neft-qaz klubunun icraçı vitse-prezidentidir. 1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası hökuməti sədrinin ştatdankənar məsləhətçisidir.

T.Bağırov 1997-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. O, “Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Davos və Zaltsburq Ümumdünya İqtisadi Forumunun, Rusiya-OPEC dialoqunun iştirakçısı, 1998-ci ildən Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvüdür. 2000-ci ildə T.Bağırov ARİŞ-in Rusiya analoqu olan Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının Qəyyumluq Şurası sədrinin müavini seçilib. O, “İncəsənət aləmi” beynəlxalq humanitar təşkilatının, Sankt-Peterburqun Mariinsk opera və balet teatrının müşahidə şuralarının üzvü, Rusiya Beynəlxalq Nobellər irsi fondunun təsisçisidir.

2004-cü ildə “1990-cı illərdə Rusiya-Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, “Mejdunarodnaya jizn”, “Amerika”, “Neft Rossii” jurnallarının daimi müəllifidir. “Böyük səkkizlik” ölkələrinin energetika nazirlərinin birinci görüşü barədə külliyyatın 1988-ci il nəşri üzrə proqram komitəsinin koordinatorudur. Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək ictimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarıdır.

T.Bağırovun dərc olunmuş işləri arasında “Rusiya və OPEC ölkələri - əməkdaşlığın perspektivləri”, “Rusiyanın xarici siyasətində neft və qaz”, “1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti” mövzusunda monoqrafiya və s. yer alır.

  1. "Скончался известный ученый, бизнесмен и филантроп Тогрул Багиров". 2019-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  2. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]