Toşidama (年玉?) və ya otoşidama (御年玉?) – Yaponiyada Yeni il münasibətilə uşaqlara hədiyyə kimi verilən pul.[1] "Toşidama" sözü "il" (年) və "cavahir" (玉) heroqliflərinin birləşməsindən yarandığı üçün "ilin cavahiri" kimi tərcümə olunur.[1]
Keçmişdə toşidama adəti ailələrin bir-birinə yemək və ya əşya formasında verdikləri hədiyyə vermək adəti olmuşdur.[1] Bundan əlavə, şinto və buddist məbədləri kamilər üçün təqdim olunan hədiyyələri Yeni ildə ehtiyacı olan şəxslərə toşidama kimi paylayırdılar.[1] Lakin müasir dövrdə toşidama öz dini mənasını itirmişdir.[1] Hazırda toşidama uşaqalara valideynləri, nənə-babaları, yaxın qohumları, hətta qonşuları tərəfindən pul formasında verilən hədiyyəyə çevrilmişdir.
Bəzi uşaqların Yeni ili səbirsizliklə gözləmə səbəbi toşidamadır, çünki il ərzində ancaq o vaxt böyük məbləğdə pul əldə edə bilirlər.[1] Toşidama Yaponiyadakı digər hədiyyə adətlərindən fərqlənir: ailəyə yox, fərdə verilir; həm şəxsin öz ailəsi, həm də başqa ailə tərəfindən təqdim olunur; sosial cəhətdən daha yuxarı mərtəbədə olan şəxs tərəfindən də verilə bilir.[1]