Tofiq Məcnun oğlu Həsənov ({{DVTY}} şablonu boşdur ) — paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü (2001), geologiya-mineralogiya elmləri doktoru (1967), Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü,[1]
Tofiq Həsənov | |
---|---|
Tofiq Məcnun oğlu Həsənov | |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru (1967) |
Üzvlüyü |
|
Tofiq Həsənov 1921-ci ildə Bakı şəhərində anadan olub. 1938-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə qəbul olunub, lakin Böyük Vətən müharibəsi illərində Sovet Ordu sıralarında qulluq etməsi ilə əlaqədar təhsilini yarımçıq qoyub. 1948-ci ildə həmin universiteti Mühəndis-geoloq ixtisası üzrə bitirib.[1]
Tofiq Həsənov 1946–1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisiyalarında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq vəzifələrində çalışıb. O, 1999–2005-ci illərdə H. Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsini icra edib.[1]
Tofiq Həsənov 1951–1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun aspiranturasında təhsil alıb. 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.[1]
Tofiq Həsənovun elmi fəaliyyətinin əsas istiqaməti Yura dövrünə aid çöküntülərinin paleontologiya və stratiqrafiyası olmuşdur. Alimin namizədlik dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz yataqlarının ana süxuru olan və geniş intişar edən Yura dövrü çöküntüləri haqqında olub. Yura çöküntüləri üçün ilkin əhəmiyyətli altı tapıntı 1952-ci ildə Tovuz rayonunda aparılan çöl işləri zamanı aşkar edilib.
Tofiq Həsənovun elmi tədqiqatları təkcə Hettanq, Sinemyur, Plinsbax, Toar, Aalen, Bayos və Bat mərtəbələri çöküntülərinin paleontologiya və stratiqrafiyası ilə məhdudlaşıb. Onun tədqiqatlarından məlum olur ki, Azərbaycanın Yura dövrü ammonitlərinin cins və növlərinə qərbdə Cəbəllütariq boğazından şərqdə İndoneziyaya qədər en istiqamətində uzanan Aralıq dənizinin Alp qırışıqlıq qurşağının bütün regionlarında rast gəlinir.
T. Həsənovun kolleksiyasında Azərbaycanın Yura dövrü çöküntülərindən topladığı yumşaqbədənlilər tipinə aid 100-dən artıq növün nümunələri toplanılıb. Alimin Kiçik Qafqazın bir neçə regionunda yer üzünə çıxan metamorfik şistlərin Paleozoy yaşlı olması haqqında fikir və mülahizələri bir çox dəlillərlə təsdiqlənib.
Keçən əsrin 90-cı illərində Tofiq Həsənovun rəhbərliyi ilə Azərbaycanın təkmilləşdirilmiş regional stratiqrafik sxemi hazırlanıb. Bu sxemdə Azərbaycanda ilk dəfə olaraq, regional və yerli stratiqrafik taksonların ayrılması və onların ümumi şkalanın taksonları ilə müqayisəsi Tofiq Həsənova məxsus olub.
Alim həm də bir sıra mineral və faydalı qazıntı yataqları kəşfinin sənədləşdirilməsində də iştirak edib. O, geologiya elminin tarixinin araşdırılması istiqamətində də bir sıra tədqiqatlar aparıb. Tofiq Həsənov 8 monoqrafiyanın, 200-dən artıq elmi və elmi-kütləvi məqalənin müəllifidir.[1]
Tofiq Həsənov 2005-ci ildə Bakı şəhərində vəfat edib.[1]
Tofiq Həsənov Böyük Vətən müharibəsi iştirakçısı kimi 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 1970-ci ildə "Rəşadətli əməyə görə", "Əmək veteranı" və 1965, 1970, 1975, 1985-ci illərdə səmərəli fəaliyyətinə görə müxtəlif medallarla, həmçinin SSRİ neft sənayesinin "Sosialist yarışı əlaçısı" döş nişanı və bir neçə Fəxri Fərmanla təltif olunub.[1]