Tofiq Qazıyev

Tofiq Qazıyev (Qazıyev Tofiq İsa oğlu 20 may 1920 – 04 yanvar 1999) — azərbaycanlı alim, bitki fizioloqu, biologiya elmləri doktoru, professor.

Tofiq Qazıyev İsa oğlu
Qazıyev Tofiq İsa oğlu
Doğum tarixi
Doğum yeri Samux, Gəncə qəzası, Gəncə quberniyası, Azərbaycan SSR
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
 Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası bioloq
Fəaliyyəti alim
Elmi dərəcəsi
Partiyası
Mükafatları Şərəf nişanı ordeni, Böyük Vətən müharibəsinin I və II dərəcəli ordenlər

Ulu Tanrı hər kəsə bir ömür yolu, bir tale qisməti pay verir. Bu ömrü layiqincə yaşamaq, tale qismətindən yetərincə bəhrələnmək və cəmiyyətdə özünə layiq mövqe, nüfüz qazanmaq isə təbii ki, hər bir insanın özündən asılıdır. Adı respublikamızın elmi-pedaqoji ictimayyətinə yaxşı tanış olan, öz zəngin daxili-mənəvi dünyası, möhkəm iradəsi və geniş dünyagörüşü isə onu tanıyanların qəlbinə özünə əbədi hörmət və məhəbbət qazandırmış biologiya elmləri doktoru, professor Tofiq İsa oğlu Qazıyev məhz şərəfli ömür yolu başqalarına, xüsusən də gənc nəslə layiqli nümunə olan görkəmli alim və pedaqoq idi.

Tale yolu heç də həmişə rəvan və rahat olmur. Xüsusən də ötən əsrin 20–30-cu illərin siyasi hadisələri və repressiyaları, hətta ən mətin insanları belə əzməyə, siyasi burulğanların dibinə çökdürməyə qadir idi. Həmin dövrdə öz yüksək ləyaqətini saxlamaq və xalqına şərəflə xidmət göstərmək böyük hünər idi. Uşaqlıq və gənclik illəri məhz həmin keşməkeşli və fırtınalı dövrə təsadüf edən görkəmli alim Tofiq Qazıyevin keçdiyi şərəfli tale yolu bu baxımdan da böyük ləyaqət nümunəsi sayıla bilər. 1920-ci il may ayının 20-də Samux rayonunda tanınmış ziyalı ailəsində anadan olan Tofiq Qazıyevin həmin illərdə başı az bəlalar çəkmiyib. Şübhəli Qazıyev soyadı, atasının savadlı olması, üstəlik bəy nəslindən olan Mina xanım Zülqədərova ilə ailə həyatı qurması bu ailəni çətin sınaqlar qarşısında qoyub, lakin o sınmayıb, əmək fəaliyyətinə müəllim kimi başlayıb, öz məqsədinə doğru qətiyyətlə irəliləyib. 1938-ci ildə Gəncə Dövlət Pedaqoji institutuna daxil olan gənc Tofiq Qazıyev tələbə ikən Sovet-Fin müharibəsinə yollanır. 37-ci ilin siyasi repressiyalarının mənəvi və fiziki ağrıları çəkilməmiş Böyük Vətən müharibəsi başlayır. Beş il müharibədə şərəfli döyüş yolu keçən, göstərdiyi şucaətə görə Böyük Vətən müharibəsinin I və II dərəcəli ordenləri, çoxlu sayda medallarla təltif olunan, baş leytenant rütbəsinə yüksələn Tofiq Qazıyev Vitebskin düşməndən azad olunmasında qəhrəmancasına vuruşur, lakin ağır güllə yarası aldığı üçün 1944-cü ilin yayında II qrup müharibə əlili kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdır.

Ömrünü elmə və pedaqoji fəaliyyətə həsr etməyi qarşısına qəti məqsəd qoyan Tofiq Qazıyev müharibədən sonra ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq institutun biologiya fakültəsində dərs deməyə başlayıb. Yüksək mənəvi keyfiyyətllərinə və işgüzarlığına görə gənc müəllim Tofiq Qazıyev qısa müddətdə institutun rəhbərliyinin, pedaqoji kollektivin və tələbələrin böyük hörmətini qazanıb. Elmə hədsiz həvəsi və bağlığı onu pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də yorulmadan çalışmağa sövq edib. Elmin hələ açılmamış ən dərin qatlarına baş vuran, daimi yeniliyə, yeni kəşflərə can atan Tofiq müəllim 1956-cı ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyalarının müvəffəqiyyətlə müdafiə edir. Böyük elmdə yeni cığırın açılmasına nail olur.

Həyatını bütünlüklə öz xalqına, dövlətinə xidmətə və gənc nəslin maariflənməsinə həsr etmiş görkəmli Tofiq Qazıyev 130-dan çox elmi əsərin, "Bitkilərin həyatı", "Biti fiziologiyası" adlı dərs vəsaitlərinin, ümumilikdə 14 kitabın müəllifidir. Onun elmə göstərdiyi yeni və müasir ideyalar, səmərəli və maraqlı təkliflər beynəlxalq elmi təşkilatların və elmi ictimayyətin diqqətini cəlb edib. Məsələn, "Pambığın nektarlıq problemləri və bal arılarının pambığın məhsuldarlığının artırılmasında rolu" monoqrafiyası dünyanın görkəmli alimləri tərəfindən elm aləmində böyük nailiyyət kimi dəyəndirilib və 1968-ci ildə Böyük Britaniyada çap olunub. Daha çox elmin qlobal əhəmiyyətli məsələləri ilə məşğul olan görkəmli alimin 17 əsəri dünyanın müxtəlif ölkələrində tərcümə edilib və bu elmi nəticələrdən bəhrələnib.

SSRİ Dövlət mükafatı laureatı, novatorçu professor İ. Xalifmanın 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasına göndərdiyi məktub biologiya elmləri doktoru, professor Tofiq Qazıyevin dünyamiqyaslı görkəmli alim kimi tanındığının təsdiqidir. "Akademik Press" London- Nyu-York nəşriyyatının 1970-ci ildə buraxdığı Mak Qreqorun "Bitkilərin həşaratla tozlanması" adlı böyük kitabında Tofiq Qazıyevin nəşr olunmuş əsərlərinə dəfələrlə müraciət edilir. Alimin apardığı tədqiqat işlərinin nəticələrinin praktiki tətbiqini dünya pambıqçılıq elmi gözləyir. Belə bir monoqrafiya nəinki bizim ittifaqda, hətta dünyanın heç bir ölkəsində buna qədər nəşr olunmamışdır. Təsadüfi deyil ki, görkəmli Azərbaycan aliminin dünyanın bir çox ölkələrində ABŞ, İspaniya, Rumıniya və s. keçirilən beynəlxalq konfranslardan məruzələri həmişə diqqətlə öyrənilib.

Professor Tofiq Qazıyev yaradıcılıq fəaliyyətində gənc nəslin layiqli vətəndaş və yüksək mütəxəssis kimi yetişməsi, elmi-pedaqoji kadrların hazırlığı həmişə xüsusi yer tutub. 40 ilə yaxın institutun botanika kafedrasına rəhbərlik etmiş professor Tofiq Qazıyev tələbələrin gələcəyimizin layiqli davamçıları kimi peşəkar səviyyədə hazırlanmasına, elmi-pedaqoji kollektivin təkmilləşməsinə daim qayğı ilə yanaşıb. Vətəninə və xalqına şərəflə xidmət göstərib. Əsl ziyalı, bir vətəndaş kimi ictimai-siyasi proseslərdə fəal iştirak edən, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradıcılarından biri olan Tofiq Qazıyev öz əqidəsinə həmişə sadiq qalıb. Yüksək prinsipiallığı, işgüzarlığı, yüksək insani keyfiyyətləri və siyasi savadlılığına görə xalq arasında böyük nüfuza malik idi. Görkəmli alimin əmək fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Tofiq Qazıyev "Şərəf nişanı" ordeni, çoxlu sayda fəxri fərmanlarla təltif olunub.

Görkəmli alim və pedaqoq Tofiq Qazıyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillərə nümunə göstəriləcəkdir.