Tofiq Rüstəmov

Rüstəmov Tofiq Tağı oğlu (18 may 1936, Quba20 yanvar 1998) — azərbaycanlı jurnalist, alim, tərcüməçi, redaktor və ictimai xadim, "Qızıl qələm", "Əməkdar mədəniyyət işçisi", "Ustad" Ali Jurnalistika mükafatları laureatı, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü. Tərcümə, televiziya və radio jurnalistikası kafedrasının yaradıcısı (1981), jurnalistika fakültəsinin dekanı (1979–1988).

Tofiq Rüstəmov
Tofiq Tağı oğlu Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 18 may 1936(1936-05-18)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1998(1998-01-20) (61 yaşında)
Təhsili
Fəaliyyəti jurnalist

Təltifləri "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1982
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tofiq Rüstəmov 1936-cı il mayın 18-də Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra (Nizami təqaüdçüsü) 1958–1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri işləyib.

Jurnalistik fəaliyyətinin 10 ilini Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində çalışıb, tərcüməçilikdən informasiya verilişləri Baş redaksiyasının baş redaktoru vəzifəsinədək uzun bir yol keçib (1960–1970). Eyni zamanda ADU-nun qiyabi aspiranturasında təhsilini davam etdirib. Bu illərdə efirdə ilk addımlarını atan Azərbaycan radiosunun tarixini əks etdirən "Efirdə addımlar" və "Шаги в эфире" kitabları işıq üzü görüb. "Ulduz" radiostansiyasıının proqramlarına görə Respublika Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.

1967-ci ildən Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, ADU-nun partiya – sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, baş müəllimi işləyib. 1970-ci ildə "M.S.Ordubadinin jurnalistlik fəaliyyəti" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. T.Rüstəmovun sonrakı illərdə Odubadiyə həsr etdiyi tədqiqatları, "Alovlarda bərkiyən qələm" monoqrafiyası, M.S.Ordubadinin həyat və yaradıcılığına həsr olunan (Azərbaycan və rus dillərində) fotoalbom kimi araşdırmaları işıq üzü görüb, Bakı, Moskva, Kiyev, Maxaçqala şəhərlərində nəşr olunmuşdur.

Professor T.Rüstəmov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi sahəsində apardığı araşdırmaların nəticəsi kimi "Ədəbi redaktənin əsasları" (Bakı, 1975) və "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" (Bakı, 1981) dərs vəsaitləri çap olunub.

Tofiq Rüstəmov 1979-cu ildə Jurnalistika fakültəsinin dekanı seçilib, 10 ilə yaxın bu vəzifədə özünü tədris və elmi işin istedadlı təşkilatçısı kimi göstərib. Jurnalistika fakültəsində tərcümə nəzəriyyəsi və praktikası üzrə ixtisaslaşma kurslarının yaradıcılarındandır. T.Rüstəmov ilk dəfə olaraq "Azərbaycanda tərcümə sənəti ənənələri" kursu daxil edilən "Tərcümə nəzəriyyəsi və praktikası" proqramını (Bakı, 1989) tərtib edib.

1979-cu ildə Jurnalistika fakültəsinin dekanı seçilib, jurnalistikanın aktual məsələləri üzrə bir sıra Ümumittifaq konfranslarında iştirak edib. Baş müəllim, dosent, 1987-ci ildən isə Tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru olub. 1988–1989-cu illərdə o, ADU partiya komitəsinin katibi, 1989–1990-cı illərdə Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan Respublikası Ali Soveti Xalq deputatı olub.

1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru vəzifələrində işləyib.

T.Rüstəmov Azərbaycan KP MK üzvü, Azərbaycan Jurnalistlər İttifaqı İdarə heyətinin katibi, SSRİ-nin dövlət universitetləri Elmi–metodik birliyinin, jurnalistika şöbəsinin üzvü, Azərbaycan Kommunist Partiyası XXXII qurultayının və Sov.İKP XXVIII qurultayının nümayəndəsi olub. 1982-ci ildə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Müxtəlif vaxtlarda jurnalistika fakültəsi Elmi Şurasının sədri, fakültə partiya bürosunun, universitet Elmi şurasının üzvü, Azərbaycan Jurnalistlər İttifaqı yanında Jurnalist Sənətkarlığı İnstitutunun rektoru olub. Nəzəri, elmi, metodik "Dil-ədəbiyyat" jurnalı baş redaktorunun müavini, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının jurnalistika doktoru, Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqının "Ustad" Ali Jurnalistika mükafatı laureatıdır.

T.Rüstəmov rəngarəng publisist məqalələrin, bir neçə radiopyesin, Mərkəzi Televiziyanın sifarişi ilə çəkilmiş telefilmlərin ssenari müəllifi, Aleksandr Bestujev-Marlinskinin "Molla Nur" povestinin, Lev Ginzburqun "Novıy mir" jurnalında nəşr olunan və böyük əks-səda yaradan "O dünyada görüşlər" (Münhen dəftərindən) sənədli hekayətinin, İsveçrə yazıçısı Fridrix Dürrenmattın "Böyük Romul" və B.Caqarovun "Prokuror" komediya və pyeslərinin, digər bədii və bədii-publisist əsərlərin tərcüməçisi kimi tanınıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi tərəfindən nəşr edilən "Tofiq Rüstəmov 75" adlı kitabda əsasən, Tofiq Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalistik fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın şəkildə öz əksini tapıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]