Tokioda List adına Macar Mədəniyyət İnstitutu

Tokioda List adına Macar Mədəniyyət İnstitutu.

Tokioda List adına Macar Mədəniyyət İnstitutu (mac. Liszt Intézet Magyar Kulturális Központ Tokió; yap. リスト・ハンガリー文化センター東京) – Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və Macarıstan mədəniyyətinə həsr olunmuş mədəniyyət mərkəzi. Mədəniyyət mərkəzi XIX əsrdə yaşamış Macarıstan bəstəkarı Ferens Listin şərəfinə adlandırılmışdır və Macarıstanın Yaponiyada yerləşən səfirliyinin tabeliyindədir. List Tokio İnstitutu (mac. Liszt Intézet Tokió; yap. リスト・インテゼット東京) adı ilə də tanınır.

2019-cu il Macarıstan ilə Yaponiya arasındakı diplomatik əlaqələrin qurulmasının 150 illiyi kimi qeyd olunmuşdur. Bu münasibətlə 9 dekabr 2019-cu ildə Tokionun Minato rayonunun Azabu-Cuban bölgəsində Macar Mədəniyyət İnstitutunun açılışı baş tutmuşdur. Açılışda Macarıstanın Yaponiyadakı səfiri Norbert Palanoviç iştirak etmişdir.[1] İntitutun yeri səfirliyə və metroya yaxın olması səbəbilə seçilmişdir. Səfirliyin məsləhətçisi Anita Naqi institutun ilk direktoru seçilmişdir.[2] 2023-cü ilin dekabrında Kristina Merenyi institutun yeni direktoru təyin olunmuşdur.[3]

1 sentyabr 2021-ci ildə institutun adı dəyişdirilərək Macarıstan bəstəkarı Ferens Listin şərəfinə adlandırılmışdır.[4]

Macar Mədəniyyət İnstitutu Macarıstan ilə Yaponiya arasındakı dostluq əlaqələrini möhkəmləndirmək, eləcə də, Yaponiyada Macarıstan mədəniyyətini təbliğ etmək məqsədilə qurulmuşdur. Bu məqsədlə institutda Macarıstan mədəniyyətinə həsr olunmuş tədbirlər, sərgilər, mühazirələr, konsertlər keçirilir.[1] Burada Tokio Macar Məktəbinin dərslərinin keçirilməsi üçün məkan yerləşir.[5] İnstitut tərəfindən Macarıstan haqqında yapon dilində nəşrlər buraxılır. Məsələn, 8 fevral 2021-ci ildə institutun iştirakı Vişeqrad qrupu ölkələrindən bəhs edən "V4" adlı manqa nəşr olunmuşdur.[6]

Mərkəzdə Macarıstanın TEREMTech texnologiyası vasitəsilə virtual reallıq sərgiləri keçirilir. Burada macar memar İmre Makoveç kimi yaradıcı şəxslərin əsərlərinə həsr olunmuş sərgilər baş tutmuşdur.[7]

İnstitutun şüşə divarları Macarıstan bayrağını xatırladacaq formada qırmızı, ağ və yaşıl rənglərlə boyanmışdır. Tikili sərbəst və cəlbedici olacaq şəkildə dizayn edilmişdir.[2]

  1. 1 2 "「ハンガリー文化センター」が麻布十番に本日オープン". Kyodo News (yaponca). 12 dekabr 2019. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  2. 1 2 "Hungarian Cultural Institute Tokyo, Grand Opening in Azabu-Juban!" (PDF). Azabu (ingiliscə) (51): 1. sentyabr 2020. 2023-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 aprel 2024.
  3. "ハンガリー文化センターの新所長が来日され ハンガリー友好協会に挨拶を頂きました!" (PDF). 日本ハンガリー友好協会会報 バラーッチャーグ (yaponca) (177): 10. 22 dekabr 2023. 2023-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 aprel 2024.
  4. "Liszt Intezet". Macarıstanın Tokiodakı səfirliyi (macarca). 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  5. "Magyar iskola". Rəsmi saytı (macarca). 21 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  6. "V4 manga". Rəsmi saytı (macarca). 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  7. "ハンガリー文化センターの紹介". Rəsmi saytı (yaponca). 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]