Tolerantlıq qanunu

Tolerantlıq qanunu — Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyüdür.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Mühitin limitləşdirici amilləri növün arealını müəyyən edir. Əgər qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil varsa belə mühitdə orqanizmin fəal həyat fəaliyyəti mümkün deyil. Bu amilin minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır. İki pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır. Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq adlandırılır. Əlverişsiz mühit şəraitinə dayanıqlı olan növlər tolerant növlərdir. Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını öyrənmək çox vacibdir. İlk dəfə bu qanunauyğunluğu amerikan alimi V. E. Şelford irəli sürmüşdür. 1913-cü ildə V. E. Şelford "tolerantlıq qanununu" formalaşdırmışdır. Bu qanuna görə, istənilən kənar amilin həm çatışmazlığı, həm də izafiliyi bioloji obyekt üçün zərərli hesab edilir.

Y. Odumun izahı

[redaktə | mənbəni redaktə et]

Tolerantlıq qanunu 1975-ci ildə Y. Odum tərəfindən daha tam izah olunmuşdur: Belə ki, orqanizmlər bir amilə münasibətdə daha geniş, digər amilə münasibətdə isə daha dar tolerantlıq diapazonuna malik ola bilərlər. Bütün ekoloji amillərə münasibətdə geniş diapozonda tolerantlığa malik növlər adətən daha çox yayılanlardır. Əgər, bir ekoloji amil üzrə şərait qeyri-optimaldırsa, onda digər ekoloji amillərə görə də tolerantlıq diapozonu daralır. Həmçinin ayrı-ayrı amillərə və onların kombinasiyasına tolerantlıq diapazonu müxtəlif olur. Xüsusən də onu deyə bilərik ki, bütün orqanizmlər üçün artıb-törəmə dövrü böhranlı olduğuna görə, məhz bu ərəfədə limitləyici amillərin sayı da artmaqdadır.

Müasir ekoloji ədəbiyyatlarda (Odum,1975,1986; Fyodorov, Gelmanov,1980; Leviç və b.,1997) Şelfordun "tolerantlıq qanununa" Libix prinsipinin davamı və genişlənməsi kimi baxılır.[1]

1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır.

Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir:

  1. Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər.
  2. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur.
  3. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.
  4. Laboratoriya şəraitində əsas rol oynayan ekoloji faktor (məsələn, işıq) təbiətdə rəqabətin, yırtıcıların, parazitlərin və başqa faktorların təsiri altına düşüb ikinci dərəcəli ola bilər. Deməli təbiətdə faktorların təsiri bir-birindən asılıdır.
  5. Orqanizmin dözümlülük həddi onun inkişaf mərhələsindən və yaşından asılı olaraq dəyişə bilər. Subay fərdlərin dözümlülük həddi nəsil verənlərə nisbətən geniş olur. Konkret növ canlının dözümlülük həddini bildirmək üçün steno (dar) və evri (geniş) sözlərindən istifadə edilir.[2]
  1.  Ümumi Ekologiya — Azərbaycan Coğrafiya Cəmiyyəti
  2. Mustafayev Q. T. Ekologiyadan konspekt. Bakı, Şərq-Qərb, 1993

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]