Toro ( "işıq səbəti", "işıq qülləsi") - daş, ağac və ya metaldan hazırlanan ənənəvi yapon çırağıdır. Yapon memarlığının digər elementləri kimi toro da Çin mənşəlidir. Yaponiyada torolar adətən buddist məbədlərinin qarşısında xətt boyunca düzülərək yolu işıqlandırırdı. Heyan dövrü ərzində onlar şintoist məbədləri, həmçinin həyət evlərində istifadə olunmağa başlamışdır.
Daş və tuncdan olan çıraqlardan saxlanılanlardan ən qədimi Nara şəhərində tapılmışdır. Tayma-ci məbədində Nara dövrünə aid edilən daş çıraq vardır. Azuçi-Momoyama dövründə (1568- 1600) bu daş çıraqlar yapon çay mərasimləri ustaları sayəsində populyarlıq qazanmışdır. Belə ki bu çıraqlardan çay bağlarının bəzədilməsində istifadə olunurdu. Tezliklə onlar öz ehtiyaclarının ödəmək üçün yeni müxtəlif növ çıraqlar ixtira etməyə başladılar. Müasir bağ və parklarda onlar dekorativ məqsədlə saxlanılır və yola, suya və ya bina divarlarına yaxın yerdə yerləşdirilir.
Toroların iki əsas tipə ayırmaq olar: tsuri-doro (釣灯籠・掻灯・吊り灯籠 "asma lampa") adlanan və adətən damın karnizinin altından asılanı; day-doro (台灯籠 "səth üzərində lampa") adlananı və bağlarda, məbədin girişi yaxınlığında qoyulanı. Day-doroların ən çox rast gəlinən növləri daş və ya bürüncdən hazırlanan çıraqlardır.
Yapon fənərlərinin fərqləndirici xüsusiyyəti onların qeyri-adi formaya, cürəbəcür cizgilərə, ornamentlər və bəzəklərə malik olmasıdır. Toro fənərlərinin əsas 5 növü daha məşhurdur: Yukimi-toro, Kasuqa-toro, oki-toro, oribe-toro, yamadoro-toro. Onların hər biri təkrarolunmaz görünüşə malikdir və müəyyən tarixi dövrlə, bağ üslubu, həmçinin ilkin hazırlanma yeri, məşhur şəxslərlə bağlıdır.
Müxtəlifliyə və çoxtərəfliyə baxmayaraq, bütün fənərləri onların təşkil edən vahid struktur birləşdirir. Bunlar aşağıdakılardır:
altlıq (dayaq daşı);
dayaq;
çırağın yerləşdiyi kamera altı;
kamera;
dam.
Yukimi-toro ("qara tamaşa etmək üçün fənər") Ən geniş yayılmış növdür. Bu fənərlərin yaranma yerini adından müəyyənləşdirmək mümkündür. Belə ki, qarın yağması nadir hesab edilən əyalətlərdə yaponlar bu növ böyük yastı dama malik olan fənərlər yaratmışdılar. Belə ki onun üzərinə düşən qar dənəciyi uzun müddət ərimir. Yerin dərinliyinə bərkidilən 3-4 dayaqdan ibarətdir. Bu fənərləri çox vaxt şam və ya ardıc ağaclarının bitdiyi adalarda qoyurlar. Lakin daha çox bu fənərlər su ətrafında qoyulur ki, suda əks olunaraq valehedici mənzərə yaratsın. Bu fənərlər Momoyama dövründən geniş yayılmışdır. Lakin bu fənərlərin Kyotoda tapılan ən qədimi nümunələri ancaq Edo dövrünə gedib çıxır.[1]
Kasuqa-toro - torpağın dərinliyinə girmiş və assimetrik formaya malik kobud daşlardan ibarət olan fənərdir. Bu fənərlərin dayaq hissəsi dəyirmi bölməyə malikdir. Altıbucaqlı künclərinin yuxarıya doğru əyilməsi onun cənubu yapon və hətta çin mədəniyyəti ilə bağlı olmasından xəbər verir. Adını Yaponiyanın Nara şəhərində yerləşən Kasuqa-tayşa adlı şintoist məbədindən almışdır. Bu fənərləri daha çox evin girişi yaxınlığında və ya əks istiqamətdə qoyurlar.
Oki-toro - ən kiçik yapon daş fənəridir. Bu fənərlərin hündürlüyü 40 sm-dən yüksək olmur. Əsasən gölməçələrin, zen bağlarının, dayaz çarhovuzların yanında qoyulur. Fərqləndirici xüsusiyyətlərindən biri də altlıq, dayaq və dayaq daşlarının olmamasıdır.
Yamadoro-toro - kobud daşlardan ibarət olan fənərdir. Bu fənərlər açıq-aşkar asimmetrik olur və üzəri mamırla örtülmüş, yerin içərilərinə girmiş daşlardan ibarətdir. Onların hündürlüyü 1 m-dən yüksək olmur. Çırağın dördhüdudlu kamerası bir yumru deşiyə malikdir. Əsasən bağın rütubətli və qaranlıq yerlərində qoyulur. Onların ideal variantı üzəri mamır və şibyə ilə örtülənidir.
Oribe-toro - bunu bəzən usta Oribenin fənəri də adlandırırlar. Bu fənərin yaranması haqda belə bir əfsanə vardır. Əfsanəyə görə, çay ustası Oribe XVI əsrin əvvəllərində buddist məbədlərindən birində yaşayırdı. Həmin dövrdə xristianlıq dinini qəbul etmək təhlükəli sayılırdı. Usta Oribe isə bütün bu təhlükələrə baxmayaraq, xristianlığı qəbul etmiş və bu daş fənərin ayaqlarının aşağı hissəsində çarmıxa çəkilməni cızmışdır. Fənərin bu hissəsini həmişə bitki yarpaqları ilə örtürdü. Oribe çay ustası olduğu üçün fənəri həmişə çay mərasimi üçün suyun götürüldüyü daş qab - tsukubay yanında yerləşdirmişdi. Adətə görə, çay ustası tsukubaya yaxınlaşaraq daşın qarşısında diz çökürdü. Üzünü isə qabın yanında dayanan fənərə doğru tuturdu. Heç kim onun buddist ritualını yerinə yetirərkən Tanrıya müraciət etməsindən şübhələnməmişdir. Fənərin aşağı hissəsinin yaşıllıq içərisində yerləşməsi onun üzərində nə təsvir olunduğunu bildirmirdi.[2]
Rusiyaya ilk yapon fənəri 1891-ci ildə II Nikolayın Yaponiyaya səfərindən sonra gətirilmişdir. Bu fənər bürüncdən hazırlanmışdır. II Nikolaya bu fənər Kyotoda olan məbədlərdən birindən verilmiş, 1903-cü ildə Ermitaj muzeyinin kolleksiyasına daxil edilmişdir.[3]